Nəticədə fransız sürücü yarışın yekun protokolunda üçüncü yerə qaytarılıb.
F-1.az xatırladır ki, yarış zamanı Pyer Qasli pit-leyndə sürət həddini aşdığına görə iki dəfə 5 saniyəlik cəza almışdı. O, bu cəzaları yarış ərzində çəkmədiyi üçün finişdə nəticəsinə 10 saniyə əlavə olunmuş və üçüncü yerdən yeddinci yerə geriləmişdi.
Bunun nəticəsində podiuma Ayzek Həcər yüksəlmişdi. Alpine cəzalarla razılaşmayaraq qərarın yenidən nəzərdən keçirilməsini tələb edib və müraciət Barselonada qəbul olunub.
Araşdırma zamanı stüardlar müəyyən ediblər ki, Monakodakı pit-leynin bəzi nəzarət zonaları rəsmi sənədlərdə göstərildiyindən daha qısa olub. Bu səbəbdən maşınların 60 km/saat sürət limitini aşdığı təəssüratı yaranıb, halbuki faktiki olaraq limit pozuntusu baş verməyə bilərdi.
Pit-leynin ilk nəzarət zonasının uzunluğunun 2692 santimetr olduğu hesab edilirdi. Lakin yarışdan sonra aparılmış əlavə yoxlama zamanı onun həqiqi uzunluğunun 2615 santimetr olduğu, yəni 77 santimetr daha qısa olduğu müəyyənləşdirilib.
Məhz bu səhv ilk sürət nəzarəti zonasında pilotların cərimə almasına səbəb olub. Bazar günü cəzalar verilən zaman stüardların əlində bu məlumat olmayıb.
Yeni məlumatlar təsdiqləndikdən sonra stüardlar Pyer Qasliyə verilmiş hər iki cəzanı ləğv edib və onu Monako Qran Prisinin yekun nəticələrində yenidən üçüncü yerə qaytarıblar.
Nəticədə Ayzek Həcər dördüncü, Oskar Piastri beşinci, Liam Louson altıncı, Arvid Lindblad isə yeddinci yerə geriləyib.





