RƏSMƏN: Andrea Stella McLaren komandasına başçılıq edəcək

McLaren Racing şirkəti Formula1 komandasına Andrea Stellanın icraçı direktor və komanda başçısı təyin olunduğunu açıqlayıb.

F-1.az xəbər verir ki, italiyalı mütəxəssis bu gün komandanı tərk etmiş Andreas Zaydlı əvəz edəcək.

Andrea Stella 2015-ci ildə McLaren-ə qoşulub və son illərdə burada yarış direktoru olub. O, Formula1-də karyerasına Ferrari-də Mixael Şumaxerin yarış mühəndisləri qrupunda başlayıb. Stella daha sonra Kimi Raykkönen və Fernando Alonso üçün yarış mühəndisi kimi çalışıb və sonuncu ilə McLaren-ə keçib.

Zek Braun, McLaren Racing-in baş direktoru: “Mən çox şadam ki, Andrea Stella komandanın başçısı vəzifəsini icra edəcək və bizim F1-də texniki və əməliyyat proqramımıza rəhbərlik edəcək.

Andrea inanılmaz istedadlı, təcrübəli və Formula1-də böyük uğurlar qazanmış komandanın hörmətli üzvüdür. Onun rəhbər vəzifəyə təyin olunması komandamızın gücünün gözəl nümunəsidir. Onunla daha yaxından işləməyə başladığım üçün xoşbəxtəm və o, bizi peletonda daha yüksək mövqelərə aparacaq və yarışlarda qalib edəcək.

Andreasla işləmək mənə çox xoş idi. O, komandanı çox yaxşı idarə etdi və zirvəyə doğru irəliləməmizdə mühüm rol oynadı. Səmimiyyətinə görə ona minnətdaram və bu, bizə onun yerinə başqasını tapmaq üçün vaxt verdi”.

Andrea Stella: “McLaren-də karyeramın növbəti mərhələsində komanda lideri rolunu üzərimə götürməkdən şərəf duyuram. Mən Zekə və səhmdarlara etimada görə, eləcə də karyeram boyu mənə dəstək olan bütün həmkarlarıma minnətdaram.

Qarşıda görüləcək işlərin miqdarını real dəyərləndiririk, lakin mən çoxlu sayda istedadlı, təcrübəli və fədakar işçiləri olan bir komanda ilə yarışa başlayacağım üçün şad və həyəcanlıyam. Birlikdə uğur qazanmaq üçün Lando Norris və Oskar Piastri də daxil olmaqla hər kəslə işləməyi səbirsizliklə gözləyirəm”.

Andreas Zaydl: “McLaren-ə 2019-cu ildə qoşuldum və Zek və komanda ilə işləmək mənə həzz verdi. Biz birlikdə yaxşı nəticələr əldə etdik, birlikdə xoş xatirələr yaşadıq və Monzadakı qələbə mənim karyeramdakı ən parlaq uğur oldu.

Komanda yüksəliş yolundadır və mən hər kəsə dəstək və etimada görə təşəkkür etmək istəyirəm. Yeni çağırışı qəbul etmək üçün ayrılmaq barədə şəxsi qərarımı anladıqları üçün Zekə və səhmdarlara təşəkkür edirəm. Andreaya və komandaya gələcək üçün ən yaxşısını arzulayıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*