11 Dekabr 2018, Çərşənbə axşamı - 20:43

Red Bull – Honda əməkdaşlığı: Səbəblər, gözləntilər

Red Bull – Honda əməkdaşlığı: Səbəblər, gözləntilər

Müəllif: Elçin Zodorov, redaktor

15:06 - 19 İyun, 2018

Futbol üzrə dünya çempionatının idman dünyasının gündəmini zəbt etdiyi bir bir vaxtda, Red Bull komandasının Renault ilə 12 illik əməkdaşlığa son qoyaraq gələn ildən Honda mühərriklərinə keçmək qərarını açıqlaması diqqətləri yenidən avtoidmana çəkib. Renault ilə birlikdə bir çox uğurlara imza atmış Avstriya təmsilçisi niyə belə qərar aldı? Bu qərarın arxasında nələr dura bilər və tərəfləri gələcək əməkdaşlıq müddətində nələr gözləyir? F-1.az olaraq öz təhlillərimizi nəzərinizə çatdırırıq.

Gəlin əvvəlcə Red Bull komandasının tarixinə və Renault ilə olan keçmişinə nəzər salaq. Komanda Jaguar-ın Diter Mateşiç tərəfindən alınmasından sonra yaranıb və 2005-ci ildə çempionatda debüt ediblər. Red Bull ilk mövsümünü Cosworth, ikinci mövsümünü isə Ferrari motorları ilə keçirib. Bu iki ildə çıxdıqları 37 yarışda əldə etdikləri ən yaxşı nəticə 2006-cı ildə Monakoda Devid Kulthardla qazandıqları üçüncülük olub.

2007-ci ildə Renault ilə müqavilə bağlanıb və komanda artıq 12 mövsümdür ki, fransızların motorlarından istifadə edir (son üç mövsümdə TAG Heuer adlandırılsa da, motor Renault-ya aiddir). Komanda Renault motorları ilə 215 yarışa çıxıb. Bu yarışlarda əldə edilən nəticələr Formula1-də böyük tarixi olmayan bir komanda üçün sadəcə fantastikdir: 4 dəfə Mühəndislər Kubokunda birincilik (2010-2013), 4 dəfə pilotlar çempionatında zəfər (Sebastyan Fettel – 2010-2013), 59 poul, 57 qələbə, 59 sürətli dövrə!

Renault ilə münasibətlərin pozulması

Red Bull-un hegemonluğuna turboeraya keçidlə son qoyulub. Mercedes-in dominantlıq etdiyi son illərdə avstriyalıların əsas rəqibi Ferrari olub. Bəzən onlardan geri qalsalar da, bəzən (xüsusilə də hər mövsümün ikinci hissəsində) onlara ciddi baş ağrısı ola biliblər. Renault artıq 2016-cı ildən etibarən zavod komandası kimi Formula1-ə qayıdıb. Elə bu qayıdışdan sonra tərəflər arasında soyuqluq yaranıb desək, yerinə düşər.

2015-ci ildə mövsümün gedişində bu özünü daha qabarıq göstərib – Red Bull rəhbərliyi gələn mövsüm Renault motorları ilə çıxış etməyəcəklərini bildirib. Lakin bu, komandaya baş ağrısından başqa bir şey verməyib. Çünki nə Ferrari, nə də Mercedes onlara motor verərək özlərinə güclü rəqib yaratmaq istəməyiblər. Honda-ya da McLaren-in qadağa qoyması Milton Kins təmsilçisini yenidən Renault-ya yönəlməyə vadar edib. Yeni razılaşma əldə olunub və növbəti ildən komanda TAG Heuer brendli motorlarla çıxış edib.

Renault komanda kimi qayıtdıqdan bəri hər mövsüm daha inamlı təsir bağışlayır. Tərəflər arasındakı müqavilə bu il başa çatır və fransızlar artıq mövsüm start götürməmişdən əvvəl Red Bull-un tez qərar verməsi üçün təzyiqlərə başlayıblar. Avstriyalılar da “kiçik qardaşları” Toro Rosso-nu təsadüfən Honda motorlarına keçirməyiblər. Sözügedən razılıq əldə olunan andan etibarən Red Bull-un da eyni addımı atacağı gözlənilən idi. Çünki getdikcə yüksələn Renault komandası qarşıdakı mövsümlərdə çempionluq uğrunda vuruşa bilər. Belə olan təqdirdə onlar əsas rəqiblərindən biri olan Red Bull komandasına güclü motor vermək istəməyəcəkdilər. Bunu yuxarıda da qeyd etdiyimiz kimi, Mercedes və Ferrari-nin timsalında görmüşdük.

Honda-ya keçid səbəbləri və gözləntilər

Çempionatda olan 4 motor təchizatçısından üçü zavod komandası ilə təmsil olunur. Gələcəkdə çempion olmaq üçün yeganə variant (hazırkı vəziyyətinə baxdıqda nə qədər ironik səslənsə də) Honda-dır.

Yaponların idmana qayıdışı xeyli həyəcana səbəb olsa da, avtoidmanda son illərin ən böyük fiaskosu adlandırıla bilər. McLaren-lə keçirilən üç mövsümdə yaponlar özlərini nə sürət baxımından göstərə bildilər, nə də etibarlılıq baxımından. McLaren-lə yollar ayrıldıqdan sonra yeni “müştəri” Toro Rosso ilə bir neçə yarışda qənaətbəxş nəticələr əldə edilib. Etibarlılıq də əvvəlki illərlə müqayisədə, yaxşı vəziyyətdədir. Çox güman ki, “böyük qardaş”ın da yaponlara üz tutmasında bu amillər mühüm rol oynayıb. İndi isə maraqlıdır – bundan sonra nələr baş verəcək?

Ən güclü ehtimal budur: Red Bull yaponlarla əməkdaşlığa imza atsa da, bilir ki, 2021-ci ildəki reqlament dəyişikliklərinə qədər çempionluq uğrunda mübarizədə irəli addım atmayıblar. Çünki turboera başladıqdan bir il sonra çempionata gələn Honda-nın geridə olması açıq-aydın görünür. İnkişaf templəri də digər rəqiblərindən üstün deyil ki, nəyəsə ümid bəslənilsin. Lakin aerodinamika dahisi Ədrian Nyuinin hazırlayacağı möhtəşəm şassi və (əgər baş verərsə) bir qədər güclənmiş Honda motoru ilə komanda yenə də podium uğrunda mübarizə apara bilər. Belə başa düşmək olar ki, Red Bull növbəti iki mövsümü 2021-ci ildən etibarən güclü olmaq üçün qurban verir. Yeni reqlamentə hazırlıq üçün 2 il çox da böyük zaman hesab edilməməlidir. Buna görə də tərəflərin məhz gələcəyə köklənəcəyini, əməkdaşlığa elə indidən başlayacaqlarını deyə bilərik.

Digər tərəfdən isə, komanda Honda ilə elə cəmi ikiillik əməkdaşlıq edə və 2021-ci ildən etibarən Aston Martin motorları ilə çempionatda zavod komandası kimi mübarizə apara bilər. Yəni, bəlkə də, Honda ikiillik keçid dövrü üçün bir vasitədir. Lakin yaponların buna isti münasibət göstərəcəyi çox inandırıcı olmadığından, uzunmüddətli müqavilə ehtimalı daha güclü görünür.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Köşə yazıları
Mənbə
Baxış Sayı 485
Teqlər , , , , , , ,
Paylaş

logo