Aston Martin-in rəhbəri və texniki direktoru Ədrian Nyui yapon həmkarının fikrini tamamilə bölüşür: mövsümün əvvəlindəki çətinliklər artıq geridə qalsa da, Silverstoun komandası üçün yüksək nəticələr hələ də uzaqdadır.
“Düşünürəm ki, həqiqətən irəliləyiş bizim münasibətlərimizdədir, – deyə Nyui İspaniyanın Marca qəzetinə danışıb. – Mövsümün əvvəlini uğursuz adlandırmaq olar, başqa cür demək olmaz, amma hər şeydə müsbət tərəfləri axtarmaq lazımdır və müsbət cəhət odur ki, bu, Honda və Aston Martin arasındakı işgüzar əlaqələri möhkəmləndirməyə imkan verdi.
Əlaqələrimiz çox sıxlaşıb, biz bütün sahələrdə irəliləməyə davam edirik. Ümumiyyətlə, münasibətlərimizin necə inkişaf etməsindən çox razıyam. Adətən onlar yaxşılaşanda nəticələr də yüksəlir. Macarıstanda biz təkmilləşdirilmiş maşını təqdim etdik, bundan sonra Zandfort və Bakı mərhələləri üçün növbəti texniki yenilikləri hazırlayacağıq. Düşünürəm ki, bunlar çox vacib addımlar olacaq və artıq aydın olur ki, biz gerilikləri aradan qaldırmağa çalışırıq.
Bu, maşınımızı ən sürətli edəcəkmi? Təəssüf ki, yox. Amma bunu nəzərəçarpan irəliləyiş saymaq olarmı? Bəli, mən belə düşünürəm”.
Qalır əlavə etmək ki, Honda-nın mühərrik mühəndisləri avqustun sonunda Niderland Qran Prisi üçün təkmilləşdirilmiş, daha güclü və etibarlı güc qurğusunun versiyasını təqdim edəcəklər.
Keçən həftə o, britaniyalı komanda tərəfindən keçirilən rəsmi çəkiliş günündə Hunqarorinqdə ilk sınaqlardan keçib və yaxşı təəssürat bağışlayıb. Deyirlər ki, daxiliyanma mühərriki təxminən 30 at qüvvəsi qazanıb, həmçinin güc qurğusunun elektrik komponenti də daha səmərəli olub.




