Meksika-2017: Sıralanma turu

Formula1 Meksikaya qayıtdıqdan sonra Rodriges qardaşlarının adına olan trasda keçirilən hər iki yarışda poulun sahibi qalib gəlib. Ümumiyyətlə, burada baş tutan son 10 yarışın altısında qələbəni məhz ilk sıradan start alan sürüücü əldə edib.

Meksika Qran Prisi ərəfəsində Toro Rosso komandası sürücü heyətində yenidən dəyişiklik edib – mövsümün sonuna qədər Pyer Qaslinin komanda yoldaşının Brendon Hartli olacağı açıqlanıb. Ostindəki yarış Daniil Kvyatın komandanın tərkibində və Red Bull-un sürücülər proqramının üzvü kimi son yarışı olub.

Mexikoda sərbəst yürüşlərdə Mercedes sürücüləri cəmi bir dəfə liderlik ediblər – Bottas cümə günü səhər hamıdan sürətli olsa da, nahardan sonra Rikkardo protokollara başçılıq edib. Bu gün baş tutan üçüncü sessiyanın qalibi isə Ferstappen olub.

Sıralanma turundan əvvəl üç sürücünün – Vandorn, Alonso və Qaslinin güc qurğusundakı dəyişikliklərə görə startda yer itirəcəkləri məlum idi. Cümə günü məşqlərdən sonra özünü pis hiss edən və sürücülərin brifinqinə qoşula bilməyən Maqnussen həkimlər tərəfindən müayinə edilib və bugünkü sessiyaya buraxılıb.

Rodriges qardaşları adına trasda asfaltın temperaturu ənənəvi olaraq havanın temperaturundan iki dəfə çox olub, belə şəraitdə təkərləri səmərəli şəkildə işlətmək heç də bütün komandalar üçün uyğun deyil. Xüsusilə də, sürətli dövrədən əvvəl təkərləri qızdırmaq heç də asan olmayıb. Burada ötmə etmək çətin olduğundan, start mövqeyi böyük əhəmiyyət daşıyır. Trasın uzunluğunun az olması da nəticələrin çox yaxın olmasına şərait yaradır.

Pirelli Mexikoya yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft tərkiblərini gətirib. Tras dəniz səviyyəsindən çox hündürdə yerləşdiyindən, aerodinamikanın səmərəliliyi azalıb. Sürücülər həftəsonu ilk sessiyalarda çox sürüşüblər, lakin sonra asfalt rezin qatı ilə örtülüb. Komandalar sıralanma turunda ən yumşaq tərkibə üstünlük veriblər.

İlk sessiyada Ferrari və Red Bull komandalarının sürücüləri ilə yanaşı, Vandorn da SuperSoft təkərlərlə, digər sürücülər isə UltraSoft təkərlərlə trasa çıxıblar. Həmilton hamıdan sürətli olub – 1:17.518. Top komandaların sürücüləri ikinci cəhdlərindən imtina ediblər. Sessiyaya çıxmayan Qasli ilə birlikdə Sauber və Haas komandalarının sürücüləri mübarizəni dayandırıblar.

İkinci sessiyanın əvvəlində Vandorn Soft təkərlərlə trasa çıxıb, lakin dövrəni başa vurmadan boksa qayıdıb. Digər sürücülər UltraSoft təkərlərlə dövrələr vurublar. Fettel əvvəlcə ən yaxşı dövrəni vurub, lakin Həmilton onu cüzi fərqlə keçib. Ferstappen isə fantastik dövrə ilə bütün rəqiblərini yarım saniyədən çox üstələyib – 1:16.524!

Hartli komanda yoldaşının səhər qarşılaşdığı problemi yaşayıb – onun maşını altıncı və yeddinci döngələrin arasında dayanıb və bir qədər tüstülənib. McLaren sürücüləri bu sessiyada nəticə göstərməyiblər. Onlarla yanaşı, Massa, Stroll və Hartli mübarizəni dayandırıblar.

Finalda hamı UltraSoft təkərlərlə boksları tərk edib. Ferstappen aşağı sürətlə hərəkət edərək təkərləri qızdırmağa çalışıb və Bottasın sürətli dövrəsinə mane olub, sonra isə sürətini artırıb. Stüardlar vəziyyəti nəzərdən keçiriblər və heç bir cəza tətbiq etməyiblər. Ssenari təkrarlanıb – əvvəlcə Həmilton, sonra Fettel, daha sonra isə Ferstappen protokola başçılıq ediblər.

İkinci cəhddə səhvə yol verən Həmilton trasdan çıxıb. Maks nəticəsini yaxşılaşdıra bilməyib, əvəzində Fettel möhtəşəm dövrə vuraraq onun nəticəsini üstələyib və poulun sahibi olub – 1:16.488.

Trasın rekordunu yeniləyən Sebastyan mövsümdə 4-cü, karyerasında isə 50-ci poulunu qazanıb. Sabahkı yarışa onunla ilk cərgədən 0.1 saniyədən də az fərqlə uduzmuş Ferstappen start alacaq. Mercedes sürücüləri ikinci, Rəykkönen və Okon isə üçüncü cərgədən yarışa başlayacaqlar.

Yarış Bakı vaxtı ilə 23:00-da start götürəcək…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 5 Sebastyan Fettel Ferrari 4 1:17.665 7 2 1:16.870 6 1:16.488 7
2 33 Maks Ferstappen Red Bull 3 1:17.630 3 1 1:16.524 7 1:16.574 9
3 44 Lyuis Həmilton Mercedes AMG 1 1:17.518 7 3 1:17.035 7 1:16.934 7
4 77 Valtteri Bottas Mercedes AMG 2 1:17.578 5 4 1:17.161 7 1:16.958 5
5 7 Kimi Rəykkönen Ferrari 7 1:18.148 7 5 1:17.534 7 1:17.238 6
6 31 Esteban Okon Force İndia 10 1:18.336 6 9 1:17.827 7 1:17.437 6
7 3 Daniel Rikkardo Red Bull 8 1:18.208 5 6 1:17.631 3 1:17.447 7
8 27 Niko Hülkenberq Renault 9 1:18.322 5 8 1:17.792 7 1:17.466 5
9 31 Karlos Sayns Renault 11 1:18.405 5 7 1:17.753 6 1:17.794 6
10 11 Serxio Peres Force İndia 6 1:18.020 6 10 1:17.868 7 1:17.807 6
11 19 Felipe Massa Williams 12 1:18.570 6 11 1:18.099 4
12 18 Ləns Stroll Williams 15 1:18.902 6 12 1:19.159 5
13 28 Brendon Hartli Toro Rosso 14 1:18.683 10 13 2
14 14 Fernando Alonso McLaren 5 1:17.710 7 14 2
15 2 Stoffel Vandorn McLaren 13 1:18.578 11 15 2
16 9 Markus Eriksson Sauber 16 1:19.176 9
17 94 Paskal Verlyayn Sauber 17 1:19.333 9
18 20 Kevin Maqnussen Haas 18 1:19.443 10
19 8 Roman Qrojan Haas 19 1:19.473 11
20 10 Pyer Qasli Toro Rosso 20 0
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*