Markusdan mövsümdə 3-cü qələbə

Niderlandın Zandfort trasında gənc sürücülərin Formula2 çempionatında mövsümün 12-ci mərhələsi qısa (sprint) yarışla davam edib.

F-1.az xəbər verir ki, reversiv qaydaya görə pouldan yarışa başlayan Klement Novalak yerindən pis tərpənib və birinci döngədə Hitech GP komandasının sürücüsü Markus Armstronq liderliyə yüksəlib. Hətta 3-cü yerdən yarışa başlayan Hitech GP komandasının digər sürücüsü Yuri Vips də Novalaka hücum edib, amma irəli çıxa bilməyib. Əksinə, estoniyalı sürücünü əvvəlcə Dennis Hauqer, daha sonra isə Liam Louson qabaqlayıblar.

Bundan sonra trasda vəziyyət stabilləşib və sürücülər risk etməməyə üstünlük veriblər. Reversiv qaydaya görə ilk onluğun sonunda yer alan 3 sürücü də ötməyə cəhd etməyib, amma bu gün yalnız ilk 8 sürücü xal qazandığı üçün 9-10-cu yerdə olan Cək Duhən və Felipe Druqoviç sürətli dövrə sayəsində 1 xal qazanmağa çalışıblar. Sonda mövsümün lideri Druqoviç bu xalı qazanıb.

Yarışın sonunda Tatyana Kalderon qəzaya uğrayıb və Təhlükəsizlik Maşını peletonu bir yerə toplayıb. Restart ilk beşlikdə dəyişikliyə səbəb olmayıb və Markus Armstronq mövsümdə 3-cü sprint qələbəyə sevinib.

Podiumu isə yerli azarkeşlərin və yerli KROON OİL yağlarının dəstəklədiyi MP MotorSport komandasının sürücüsü Klement Novalak və Prema-nın sürücüsü Dennis Hauqer tamamlayıblar.

Teo Purşer bu gün xal qazanmadığı üçün Felipe Druqoviç fransalı sürücü üzərində üstünlüyünü 46 xala çatdırıb.

Sabah əsas yarışla Niderland mərhələsi başa çatacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*