Druqoviç 5-ci qələbə ilə titula daha da yaxınlaşıb

Niderlandın Zandfort trasında gənc sürücülərin Formula2 çempionatında mövsümün 12-ci mərhələsi əsas yarışla başa çatıb.

F-1.az xəbər verir ki, pouldan mövsümün lideri Felipe Druqoviç start alıb və ilk döngədə mövqeyini qoruyub. Onun arxasında çempionatda 3-cü yer uğrunda mübarizə aparan Cək Duhən və Loqan Sarcent start alıblar və nə qədər ehtiyat etsələr də, ilk döngədə Loqan səhvə yol verib və trasdan çıxıb. Peletonun sonuna düşən Loqan tələsdiyindən Ralf Boşunqa hücum zamanı təmas yaşayıb, trasdan çıxıb və baryerlərə girərək mübarizəni dayandırıb. Baryerlər yerini dəyişdiyi üçün yarış qırmızı bayraqlarla dayandırılıb.

Restart Təlükəsizlik Maşını arxasında verilib. Duhən Druqoviçə düzlükdə hücum etmək istəyib, amma təkərləri bloka salaraq zədələyib.

Yumşaq təkərlərlə yarışa başlayan sürücülərin məcburi pitindən sonra liderlərin mövqeyi dəyişməyib.

Marino Satonun maşınında ön sol təkər yaxşı bağlanmadığı üçün sürücü trasdan çıxaraq baryerlərə çırpılıb və TM trasa qayıdıb. Pit girişi bağlandığı üçün Felipenin önündəki 5 sürücü boksa gedə bilməyib. Restart zamanı peletona başçılıq edən Liam Louson sürətlənməyə tələsməyib və nəticədə arxadan sürət yığan sürücülər öndəki sürücülərə çırpılıblar. Cək Duhən, Kliment Novalak və Tatyana Kalderon üçün mübarizə başa çatıb.

Restartdan və öndəki sürücülərin boksa səfərindən sonra Felipe liderliyi özünə qaytarıb. Niderlandlı sürücü və keçən il MP MotorSport komandasında yarışan Riçard Fershor Felipeyə hücumlara başlayıb. Amma Felipe bir neçə hücumu dəf etdikdən sonra rəqibindən uzaqlaşmağa başlayıb. Riçard isə Ayumu İvasanın hücumları altına düşüb.

Finişə qədər yerdəyişmə olmayıb və Felipe mövsümdə 5-ci qələbəsini rəsmiləşdirib. Bu qələbədən sonra Niderlandın istehsal etdiyi KROON OİL yağlarının dəstəklədiyi MP MotorSport komandası da liderliyə yüksəlib.

Podiuma isə yerli sürücü Riçard Fershor və Ayumu İvasa qalxıblar. Teo Purşer yarışı 10-cu yerdə bitirdiyi üçün Felipenin üstünlüyü 69 xala çatıb.

Monzada mübarizə davam edəcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*