M.Bezzekki sprint yarışını qazanıb

MotoGP üzrə Niderland Qran Prisinin sprint yarışında VR46 komandasının sürücüsü Marko Bezzekki qalib gəlib.

F-1.az bildirir ki, Marko yarışa birinci yerdən başlasa da, startda həm Françesko Banyaya, həm də Bred Binder onu keçib və ilk iki yerə yüksəliblər. Bezzekki isə üçüncü yerə geriləyib. Yarışın ikinci dövrəsində italiyalı sürücü Binderi ötərək, ikinciliyə yüksəlib. Dördüncü dövrədə isə o, Banyayanı. geridə qoyaraq, liderliyi ələ alıb.

Yarışın altıncı dövrəsində liderlər arasındakı fərq 0.7 saniyəyə qədər yüksəlib. Onların arxasında isə Binder, Kuartararo, Esparqaro, Martin, Marini və Vinyales səkkizliyi tamamlayıblar. Yarışın doqquzuncu dövrəsində isə Bezzekki üstünlüyünü 1 saniyəyə çatdırıb. Banyaya isə Binderdən 0.8 saniyə öndə olub.

Marko Bezzekki finişə Banyayadan 1.5 saniyə tez çatıb. O, startda üçüncü yerə geriləsə də, trasdakı ən sürətli sürücü olub və aktivinə 12 xal əlavə edib. Banyaya isə ikinci yeri tutub.

Yarışın son dövrəsində üçüncü yer uğrunda qırğın gedib. Finişi üçüncü yerdə keçən Binder tras limitlərini həddən artıq çox pozduğu üçün son dövrədə uzun dövrə cəzası alıb. Lakin cənubi afrikalı sürücü cəzasını vaxtında çəkmədiyi üçün onun nəticəsinə 3 saniyə əlavə olunub. Beləliklə, Fabio Kuartararo yarışı 3-cü bitirərək, podiuma yüksəlib. Aleş Esparqaro 4-cü yeri tutub. 3 saniyə cəza alan Binder isə 5-ci yerə geriləyib.

Keçən həftə Almaniyada həm sprint, həm də əsas yarışı qazanmış Xorxü Martin isə bu dəfə altıncılıqla kifayətlənməli olub.

Sabah bizi Assendə əsas yarış gözləyir. Bəs Bezzekki hegemonluğunu əsas yarışda da davam etdirə biləcək?

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*