25 Avqust 2019, Bazar - 11:17

Komandaların 2017-ci il üçün olan heyətləri: Müqavilələr və şayiələr – YENİLƏNİB

Komandaların 2017-ci il üçün olan heyətləri: Müqavilələr və şayiələr – YENİLƏNİB

Müəllif: Elçin Zodorov, redaktor

19:45 - 16 Yanvar, 2017

Yay və payız – keçidlər barədə şayiələrin yayılması üçün ənənəvi dövrlərdir. 2017-ci ildə isə komandaların tərkiblərində ciddi dəyişikliklər mümkündür. Müqavilələr bağlandıqca, komandalar heyətlərini təsdiq etdikcə, F-1.az-ın sizə təqdim etdiyi bu material da yenilənəcək…

MERCEDES AMG

Lyuis Həmilton və Valtteri Bottas  – müqavilələr təsdiqlənib

Çempion komanda keçən mövsüm Lyuis Həmiltonla olan müqaviləsini 2018-ci ilin sonuna qədər uzatmışdı. İyulun 22-də isə komandanın digər sürücüsü Niko Rosberqin müqaviləsi eyni tarixə qədər uzadılıb. Lakin 2016-cı ilin dünya çempionu dekabrın 2-də gözlənilmədən Formula1 karyerasını başa vurduğunu bildirərək hər kəsi şoka salıb. Onun yerinə keçməyə namizəd kimi bir çox sürücü göstərilsə də, son dövrlərdə çıxan xəbərlərdə Valtteri Bottasın adı daha çox çəkilirdi. Nəhayət, yanvarın 16-da Bottasın Mercedes AMG-yə keçidi rəsmən açıqlanıb.

 

FERRARİ

Sebastyan Fettel və Kimi Rəykkönen – müqavilələr təsdiqlənib

Komandanın dördqat dünya çempionu ilə 2017-ci ilin sonuna qədər müqaviləsi var idi, iyulun 8-də isə Kimi Rəykkönenin daha bir mövsüm Ferrari-də qalacağı rəsmi şəkildə təsdiq olunub

 

RED BULL RACİNG

Daniel Rikkardo və Maks Ferstappen – müqavilələr təsdiqlənib

Red Bull təsdiq edib ki, komandanın sürücü heyətinin tərkibi gələn mövsümün sonuna qədər dəyişilməyəcək. Əlbəttə, Rikkardo iki il əvvəl Fettelin etdiyi kimi, gələcək karyerası ilə bağlı başqa variantlara baxmazsa…

 

WİLLİAMS

Felipe Massa və Ləns Stroll – müqavilələr təsdiqlənib

Felipe Massa İtaliya Qran Prisi ərəfəsində mövsümün sonunda karyerasını bitirəcəyini açıqlamışdı. Valtteri Bottas Renault-nun təklifinə müsbət cavab verməyərək komandasında qalmışdı. Williams Ləns Strollun 2017-ci ildə komandada yarışacağını noyabrın 3-də rəsmən elan edib. Niko Rosberqin karyerasını bitirməsindən bir müddət sonra Bottasın onun yerinə keçəcəyi barədə məlumatlar yayılıb.

Yanvarın 16-da Bottasın komandadan ayrılaraq Mercedes AMG-yə getdiyi və Felipe Massanın daha bir il Williams-da yarışacağı rəsmən açıqlanıb.

 

FORCE İNDİA

Serxio Peres, Esteban Okon – müqavilələr təsdiqlənib

Serxio güclü komandalardan birinə keçmək istəyirdi, lakin bu, mümkün olmayıb və meksikalı sürücü komandasında qalmağa qərar verib. Niko Hülkenberqin komandanı tərk etməsindən sonra bir çox sürücünün adı Force İndia ilə yanaşı çəkilirdi. Lakin Force İndia 10 noyabrda verdiyi rəsmi açıqlamada Peresin komanda yoldaşının Esteban Okon olacağını bildirib.

 

TORO ROSSO

Karlos Sayns və Daniil Kvyat – müqavilələr təsdiqlənib

Komandanın rəhbəri Frants Tost dəfələrlə bildirmişdi ki, onlar cari sürücü heyəti ilə yollarına davam etmək istəyirlər. Lakin sürücülərlə bağlı qərarları Helmut Marko qəbul edir. İyunun sonunda Saynsla müqavilə uzadılıb. Komandadan göndəriləcəyi deyilən Daniil Kvyat barədə isə ABŞ Qran Prisi ərəfəsində qərar verilib – rus sürücü növbəti mövsümdə də komandadakı yerini qoruyacaq

 

MCLAREN HONDA

Fernando Alonso və Stoffel Vandorn – müqavilələr təsdiqlənib

Komandanın Fernando Alonso ilə gələn mövsümün sonuna qədər müqaviləsi var idi. İtaliya Qran Prisi ərəfəsində isə Stoffel Vandornun gələn mövsüm ispan sürücünün komanda yoldaşı olacağı açıqlanıb. Censon Batton McLaren-dəki fəaliyyətini davam etdirəcək. Onun komanda ilə olan müqaviləsində 2018-ci ildə yenidən yarışmaq bəndi var – bu, hadisələrin inkişafından asılı olacaq…

 

HAAS

Roman Qrojan, Kevin Maqnussen – müqavilələr təsdiqlənib

Roman Qrojan komanda ilə müqaviləsini 2018-ci ilin sonuna qədər uzadıb. Lakin əvvəlki müqavilədə nəzərdə tutulan bəzi şərtlər ləğv edilib. Bu şərtlərə sürücünün Ferrari-yə keçmək istəyəcəyi təqdirdə, komandanın buna etiraz edə bilməyəcəyi də daxildir. Noyabrın 11-də səhər Esteban Qutyerresin komandadan getməsi, axşam isə  Kevin Maqnussenin gələn il komandada yarışacağı rəsmən açıqlanıb

 

RENAULT

Niko Hülkenberq və Colion Palmer – müqavilələr təsdiqlənib

Renault bir tərəfdən gələcəyə üstünlük verir, digər tərəfdən isə komandanın inkişafına kömək edə biləcək təcrübəli sürücü axtarışındadır. Niko Hülkenberqin gələn il komandanın tərkibində yarışacağı ABŞ Qran Prisi ərəfəsində təsdiq edilmişdi. Onun komanda yoldaşı isə Braziliya Qran Prisi ərəfəsində Colion Palmer elan olunub

 

SAUBER

Markus Eriksson Paskal Verlyayn – müqavilələr təsdiqlənib

Noyabrın 21-də Markus Erikssonun növbəti mövsümdə də komandada qalacağı rəsmən açıqlanıb.

Komanda Felipe Nasrla müqaviləni uzatmamışdı və hansı qərarın veriləcəyi maraqla gözlənilirdi. Yanvarın 16-da Paskal Verlyaynın 2017-ci ildə Markus Erikssonun komanda yoldaşı olacağı rəsmən açıqlanıb.

MANOR

Rio Haryanto, Cordan Kinq, Felipe Nasr

Komandanın vəziyyəti ağırdır – xaricdən idarəetmə tətbiq olunub, amma komanda mövsümdə iştiraka ümid edir. Əgər belə olarsa, çox güman ki, Cordan Kinq 2017-ci ildə Manor-un bolidlərindən birini idarə edəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 956
Teqlər ,
Paylaş

logo