Kanadada sıralanma turu həmişə maraqlı alınır. Həftəsonu ərzində kifayət qədər insident və qəza yaşanıb, sıx mübarizədə mövqe qazanmaq üçün risk etmək lazım gəlib. Üstəlik, bazar günü hər mövqe daha da vacib ola bilər – hava proqnozu yağış göstərir və FIA sıralanma turundan əvvəl yağış xəbərdarlığı yayıb.
Ötmənin mümkün olduğu traslar barədə tez-tez poulun elə də vacib olmadığı deyilir, amma Monreal şəhər trası statistikasına malikdir – son on Kanada Qran Prisindən yeddisini sıralanma turunun qalibi qazanıb.
Keçən ildə olduğu kimi bu dəfə də həftəsonu Mercedes pilotları üstün görünüb. Yeganə məşq sessiyasında Kimi Antonelli lider olub, sprint sıralanma turu və sprint yarışını isə Corc Rassell qazanıb – sprintdə onlar toqquşmaq həddinə qədər gəlib çıxıblar.
Pirelli mərhələyə “yumşaq” üçlüyü gətirib – Hard, Medium və Soft rolunda C3, C4 və C5 tərkibləri istifadə olunub. Həftəsonunun əvvəlindən fərqli olaraq trasın vəziyyəti yaxşılaşıb və asfalt işlənmiş rezinlə örtülüb.
Birinci sessiyada Alonso Kolapintonun maşını yaxınlaşarkən boksdan buraxılıb – Franko toqquşmadan yayınmaq üçün sərt əyləcləməyə məcbur olub. Stüardlar bu epizodu qeydiyyata alıblar, eyni zamanda Strollun təhlükəli çıxışı da araşdırılıb.
Hamı Soft təkərlərlə trasa çıxıb. Qısa trasda sıxlıq çətinlik yaradıb. Leklerin sürətli dövrəsi tras hüdudlarını aşdığı üçün ləğv edilib. Hülkenberq və Bortoleto trasdan çıxıblar, lakin maşınlara zərər dəyməyib. Ən yaxşı nəticəni Antonelli göstərib – o, dövrəni 1:13.380-lıq nəticə ilə tamamlayıb. Bottas, Stroll, Peres, Alonso, Elbon və Okon mübarizəni dayandırıblar.
İkinci sessiyada hamı yenidən Soft təkərlərə üstünlük verib. Karlos Sayns isinmə dövrəsindən sonra bokslara qayıdıb, lakin daha sonra yenidən trasa çıxıb. Antonelli yeni etalon müəyyənləşdirib – 1:13.076. Berman, Louson və Rassell trasdan çıxıblar, lakin maşınlar zədələnməyib. Ferstappen isə təkərləri işlədə bilmədiyindən şikayət edib.
İkinci cəhddə Həmilton 1:13.041-lıq nəticə ilə liderliyə yüksəlib, daha sonra Ayzek Həcər ondan bir qədər sürətli olub – 1:12.975. İlk beşlik cəmi 0.1 saniyəlik aralığa yerləşib. Berman, Sayns, Qasli, Bortoleto, Louson və Hülkenberq finala yüksələ bilməyiblər.
Final sessiyasında Norris 1:12.729 nəticə ilə rəqiblərini mübarizəyə dəvət edib. Bir çox pilot asfaltla ilişmənin azlığından və təkərlərin qızdırılması problemlərindən şikayət edib – gün ərzində səma buludlu olub və hava soyuyub.
Mübarizə çox sıx olub. Pilotlar növbə ilə liderliyə yüksəliblər, lakin sonda təcrübə gəncliyi üstələyib – Rassell Antonellini 0.07 saniyə qabaqlayaraq 1:12.578-lik nəticə ilə protokola başçılıq edib.
Corc Rassell ardıcıl üçüncü il Monrealda sıralanma turunu qazanıb, karyerasında doqquzuncu, mövsümdə isə ikinci poulunu əldə edib.
Mercedes pilotları bazar günü start düzümünün ilk sırasını tam tutacaqlar. McLaren pilotları ikinci sıradan, Lyuis Həmilton və Maks Ferstappen isə üçüncü sıradan start alacaqlar.
| S | # | Sürcü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya |
| 1 | 63 | Corc Rassell | Mercedes | 1:13.953 | 1:13.079 | 1:12.578 |
| 2 | 12 | Kimi Antonelli | Mercedes | 1:13.380 | 1:13.076 | 1:12.646 |
| 3 | 1 | Lando Norris | McLaren | 1:13.503 | 1:13.049 | 1:12.729 |
| 4 | 81 | Oskar Piastri | McLaren | 1:13.559 | 1:13.285 | 1:12.781 |
| 5 | 44 | Lyuis Həmilton | Ferrari | 1:13.767 | 1:13.041 | 1:12.868 |
| 6 | 3 | Maks Ferstappen | Red Bull | 1:14.067 | 1:13.479 | 1:12.907 |
| 7 | 6 | Ayzek Həcər | Red Bull | 1:13.654 | 1:12.975 | 1:12.935 |
| 8 | 16 | Şarl Lekler | Ferrari | 1:13.825 | 1:13.496 | 1:12.976 |
| 9 | 41 | Arvid Lindblad | Racing Bulls | 1:13.895 | 1:13.548 | 1:13.280 |
| 10 | 43 | Franko Kolapinto | Alpine | 1:14.466 | 1:13.857 | 1:13.697 |
| 11 | 11 | Niko Hülkenberq | Audi | 1:14.562 | 1:13.886 | |
| 12 | 30 | Lyam Louson | Racing Bulls | 1:14.346 | 1:13.897 | |
| 13 | 5 | Qabriel Bortoleto | Audi | 1:14.775 | 1:14.071 | |
| 14 | 10 | Pyer Qasli | Alpine | 1:14.698 | 1:14.187 | |
| 15 | 55 | Karlos Sayns | Williams | 1:14.276 | 1:14.273 | |
| 16 | 87 | Oliver Berman | Haas | 1:14.449 | 1:14.416 | |
| 17 | 31 | Esteban Okon | Haas | 1:14.845 | ||
| 18 | 23 | Aleksander Elbon | Williams | 1:14.851 | ||
| 19 | 14 | Fernando Alonso | Aston Martin | 1:15.196 | ||
| 20 | 11 | Serxio Peres | Cadillac | 1:15.429 | ||
| 21 | 18 | Ləns Stroll | Aston Martin | 1:16.195 | ||
| 22 | 77 | Valtteri Bottas | Cadillac | 1:16.272 |





