Fransa-2018: Yarış

Fransa Qran Prisi onillik fasilədən sonra Pol Rikar trası ilə təqvimə qayıdıb. Bu, Liberty Media Formula1-i aldıqdan sonra təqvimə girən ilk yeni yarışdır. Lakin müqavilə hələ Berni Ekklstounun dövründə bağlanmışdı.

F-1.az xatırladır ki, Mercedes güc qurğusunun yeni versiyasını Kanadaya gətirməyi planlaşdırmışdı, lakin son anda mümkün etibarlılıq problemlərinə görə yenilənməni Fransadakı yarışa gətirəcəyini bildirmişdi. Nəticə isə göz önündədir – həftəsonu bütün sessiyaların lideri məhz Mercedes sürücüləri olublar.

Cümə məşqlərində Həmilton, şənbə günü səhər yağışın sürücülərə cəmi 10 dəqiqə işləmək imkanı verdiyi sessiyada isə Bottas protokollara başçılıq edib. Sıralanma turunda Lyuis Həmilton komanda yoldaşını minimal fərqlə üstələyərək bu mövsüm üçüncü, karyerasında 75-ci poulunu qazanıb.

Yarışa ikinci cərgədən Fettel və Ferstappen, üçüncü cərgədən isə Rikkardo və Rəykkönen başlayıblar. Startda yer itirən yeganə sürücü dördüncü güc qurğusuna keçən Hartli olub.

Pirelli Pol Rikara Soft, SuperSoft və UltraSoft tərkibləri gətirib. Yarışa Mercedes və Red Bull sürücüləri SuperSoft, Ferrari sürücüləri isə UltraSoft tərkiblərlə başlayıblar. İlk onluğa düşməyən sürücülərdən Hülkenberq və Peres Soft təkərlərlə start alıblar.

Startda Həmilton yerini qoruyub, Fettel Bottasa hücum edərkən toqquşma baş verib və hər iki sürücü pit-stop etmək məcburiyyətində qalıb. Qrojanla Okon arasındakı təmasdan sonra Force İndia-nın sürücüsü Qasli ilə toqquşub və hər iki fransız sürücü ev yarışını elə startdaca yarımçıq qoymalı olub. Təhlükəsizlik Maşını trasa çıxıb. Stüardlar daha sonra Fettel və Qrojana 5 saniyəlik cəza veriblər. Fettel, Bottas, Stroll, Sirotkin və Alonso təkərlərini dəyişiblər. TM arxasında ilk onluq: Həmilton – Ferstappen – Sayns – Rikkardo – Maqnussen – Lekler – Rəykkönen – Qrojan – Peres – Hülkenberq.

Fettel və Bottas pitdən 17-ci və 18-ci yerlərdə trasa qayıdıblar. Sirotkin TM arxasında çox aşağı sürətlə getdiyi üçün cəzalandırılıb. Beşinci dövrədə restart elan olunub və Həmilton liderliyini qoruyub. Rəykkönen Lekleri qabaqlayıb, Fettel və Bottas arxa sıralarda Alonso və Sirotkini keçiblər. Rəykkönen 8-ci dövrədə Maqnusseni də qabaqlayıb. Fettel və Bottas ötmələr edə-edə ilk onluğa çatıblar. Sayns əvvəlcə Rikkardo, daha sonra isə Rəykkönen tərəfindən keçilib. 10-cu dövrədə ilk onluq: Həmilton – Ferstappen – Rikkardo – Rəykkönen – Sayns – Maqnussen – Lekler – Qrojan – Peres – Hülkenberq.

11-ci dövrədə Fettel Hülkenberqi, Alonso isə Sirotkini üstələyib. Növbəti 10 dövrə ərzində Fettel altıncı yerə qədər yüksəlib və beşincilik uğrunda Saynsla mübarizəyə başlayıb. Bottas isə Qrojanı da keçərək 10-cu olub. 2o-ci dövrədə ilk onluq: Həmilton – Ferstappen – Rikkardo – Rəykkönen – Fettel – Sayns – Maqnussen – Lekler – Hülkenberq – Bottas.

Hülkenberq 24-cü dövrədə Lekleri keçib. 26-cı dövrədə Ferstappen, 27-ci dövrədə Sayns, 29-cu dövrədə isə Rikkardo və Maqnussen təkərlərini dəyişiblər. Peres motordakı problemlərə görə boksa qayıdıb və yarış onun üçün başa çatıb. Force İndia komandası hər iki sürücüsü ilə mübarizəni vaxtından əvvəl dayandırmalı olub. Lekler 32-ci, Həmilton 33-cü, Rəykkönen isə 34-cü dövrədə pit-stop edib. Elə həmin dövrədə Rikkardo Fetteli keçərək üçüncü olub. Növbəti iki dövrədə Qrojan və Sayns da pit-stopa yollanıblar.

Rəykkönen dördüncülük uğrunda mübarizədə Fetteli keçib. Bottas 41-ci dövrədə ikinci pit-stopuna yollanıb, mexaniklər arxa sağ təkəri dəyişməkdə gecikdikləri üçün finlandiyalı sürücü xeyli vaxt itirib. Fettel də yenidən pit-stop edib, 5 saniyəlik cəriməsini ödəyib və UltraSoft təkərə keçib. 42-ci dövrədə ilk onluq: Həmilton – Ferstappen – Rikkardo – Rəykkönen – Fettel – Sayns – Maqnussen – Bottas – Hülkenberq – Lekler.

Rəykkönen sürətlə Rikkardoya yaxınlaşıb və nəhayət, 47-ci dövrədə onu keçərək üçüncülüyə yüksəlib. 51-ci dövrədə ön sol təkəri partlayan Stroll trasdan çıxıb və mübarizəni dayandırıb. Maşın təxliyə edildiyindən, Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub. Sürücülər bir də yalnız son dövrədə real mübarizə apara biliblər. Yarışı sonuncu yerdə davam etdirən Alonso asılqan sıradan çıxdığı üçün son dövrədə boksa qayıdıb.

Lyuis Həmilton mövsümdə üçüncü, karyerasında 65-ci qələbəsini əldə edərək çempionatda yenidən liderliyə yüksəlib. Ferstappen ikinci olub, Rəykkönen isə podiumu tamamlayıb.

Mübarizə gələn həftə Avstriyada davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 1:30:11.385 1
2 33 Maks Ferstappen Red Bull + 0:07.090 1
3 7 Kimi Rəykkönen Ferrari + 0:25.888 1
4 33 Daniel Rikkardo Red Bull + 0:34.736 1
5 5 Sebastyan Fettel Ferrari + 1:01.935 2
6 20 Kevin Maqnussen Haas + 1:19.364 1
7 77 Valtteri Bottas Mercedes AMG + 1:20.632 2
8 55 Karlos Sayns Renault + 1:27.184 1
9 27 Niko Hülkenberq Renault + 1:31.989 1
10 16 Şarl Lekler Sauber + 1:33.873 1
11 8 Roman Qrojan Haas + 1 dövrə 1
12 2 Stoffel Vandorn McLaren + 1 dövrə 1
13 9 Markus Eriksson Sauber + 1 dövrə 1
14 28 Brendon Hartli Toro Rosso + 1 dövrə 1
15 35 Sergey Sirotkin * Williams + 1 dövrə 1
16 14 Fernando Alonso McLaren + 3 dövrə 2
17 18 Ləns Stroll Williams + 5 dövrə 1

* – Təhlükəsizlik Maşınının arxasında çox aşağı sürətlə getdiyi üçün nəticəsinə 5 saniyə əlavə olunub.

Sürətli dövrə: Valtteri Bottas (Mercedes) – 1:34.225 (41-ci dövrə, 223.201 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Serxio Peres Force İndia 28 güc qurğusu
Pyer Qasli Toro Rosso 1 qəza
Esteban Okon Force İndia 1 qəza

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas Motorsport 145
2 5 Sebastyan Fettel Scuderia Ferrari 131
3 3 Daniel Rikkardo Aston Martin Red Bull Racing 96
4 77 Valtteri Bottas Mercedes AMG Petronas Motorsport 92
5 7 Kimi Rəykkönen Scuderia Ferrari 83
6 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 68
7 27 Niko Hülkenberq Renault Sport Formula 1 Team 34
8 14 Fernando Alonso McLaren F1 Team 32
9 55 Karlos Sayns Renault Sport Formula 1 Team 28
10 20 Kevin Maqnussen Haas F1 Team 27
11 10 Pyer Qasli Red Bull Toro Rosso Honda 18
12 11 Serxio Peres Sahara Force İndia F1 Team 17
13 31 Esteban Okon Sahara Force İndia F1 Team 11
14 16 Şarl Lekler Alfa Romeo Sauber F1 Team 11
15 2 Stoffel Vandorn McLaren F1 Team 8
16 18 Ləns Stroll Williams Martini Racing 4
17 9 Markur Eriksson Alfa Romeo Sauber F1 Team 2
18 28 Brendon Hartli Red Bull Toro Rosso Honda 1

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas Motorsport Mercedes 237
2 Scuderia Ferrari Ferrari 214
3 Aston Martin Red Bull Racing Renault 164
4 Renault Sport Formula 1 Team Renault 62
5 McLaren F1 Team Renault 40
6 Sahara Force İndia F1 Team Mercedes 28
7 Haas F1 Team Ferrari 27
8 Red Bull Toro Rosso Honda Honda 19
9 Alfa Romeo Sauber F1 Team Ferrari 13
10 Williams Martini Racing Mercedes 4
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*