Xatırladaq ki, yağışa görə startdan əvvəl sürücülər trasın vəziyyətini qiymətləndirmək üçün təhlükəsizlik avtomobilinin arxasında iki dövrə vurmalı olublar. Lakin artıq ilk dövrədə problemlər yaranıb. Pouldan start alan Maks Ferstappen qəfil yavaşıyıb və maşının sürətlənmədiyini bildirib. Daha sonra Lyuis Həmilton da trasda dayanıb, Esteban Okon və Valtteri Bottas da problemlə üzləşiblər.
Ferrari radio ilə Həmiltona cavabında bildirib ki, problem güc qurğusunun proqram təminatındakı nasazlıqdan qaynaqlanıb. Nəticədə start proseduru dayandırılıb və maşınlar pit-leynə qayıdıblar. FİA mütəxəssisləri operativ şəkildə həll yolu tapıblar və bütün 22 maşına proqram təminatının yenilənmiş versiyasını quraşdırıblar.
FİA-nın indi verdiyi izaha görə, nasazlıq yaş tras üçün nəzərdə tutulan güc qurğusu rejimi ilə bağlı olub və bu rejimdən bütün komandalar, eləcə də mühərrik istehsalçıları istifadə edirlər. Həmin rejimdə trasın müəyyən hissələrində əlçatan güc 350-dən 250 kVt-a endirilib.
Problem maşınlar təhlükəsizlik avtomobilinin arxasında, yamacda yerləşən ləngsol doqquzuncu döngəyə çatmazdan əvvəl aşağı sürətlə hərəkət edərkən yaranıb. Məhz belə şəraitdə bu proqram təminatı nasazlığı ilk dəfə baş verib.
Sepanqa qədər komandalar bu rejimdən yarış şəraitində istifadə etməyiblər, yaş trasda keçirilən ayrı-ayrı yürüşlər, o cümlədən Pirelli testləri zamanı Racing Bulls-un Suzukada və Ferrari-nin Fioranoda çıxışları, həmçinin mövsümöncəsi testlərdəki qısa dövrə seriyaları da bu nasazlığı üzə çıxarmağa imkan verməyib.
FİA-nın biryerlik maşınlar üzrə yarış direktoru Nikolas Tombasis bunu belə izah edib: “Nasazlığın səbəbi amillərin birləşməsi olub, xüsusən də testlər zamanı maşınların adətən hərəkət etdiyi sürətdən xeyli aşağı olan çox zəif sürət. Məhz bu, nasazlığa gətirib çıxarıb. Düşünmürəm ki, testlər, ümumiyyətlə, bu problemi vaxtında aşkarlamağımıza kömək edərdi.
Proqram təminatını daha diqqətlə test etmək lazımdır. Bilmirəm, bu yaxşıdır, yoxsa pisdir, amma bu il yarışlar çox yaxşı hava şəraitində keçib, buna görə də problem bu qədər gec üzə çıxıb.
İstənilən proqram təminatı nasazlığı səhvdən qaynaqlanır. Elə bir proqram təminatı tanımıram ki, orada səhvlər və yeniləmələr olmasın. Əlbəttə, belə halları əvvəlcədən nəzərə almaq istərdik, amma bəzən müəyyən şəraitlərin birləşməsini qabaqcadan görmək mümkün olmur və problemə də məhz bu səbəb olur.
Hər yarışdan sonra biz ətraflı təhlil aparırıq və ən ciddi problemləri müəyyənləşdiririk. Aydındır ki, bu problem ən kritik məsələlərdən biri olub, buna görə də onun təkrarlanmaması üçün hər şeyi etmək lazımdır.
Mən belə bir şeyin bir daha heç vaxt təkrarlanmayacağına zəmanət verə bilərəmmi? Bəli, məhz bu konkret problem təkrarlanmayacaq. Amma ümumiyyətlə bir daha heç bir problemin yaranmayacağına zəmanət verə bilmərəm. Təbii ki, bunun qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”.