Ferstappenlə Mənsellin oxşar cəhətləri nədir?

Red Bull komandasının baş konstruktoru Ədrian Nyui komandanın sürücüsü Maks Ferstappenin sürmək tərzini Naycel Mənsellə oxşadıb.

F-1.az xatırladır ki, hollandiyalı Formula1-də debüt edəndən bəri cəsarətli hücumlarla hamının diqqət mərkəzinə düşüb. 19 yaşlı sürücü 2016-cı il Barselona yarışını qazanaraq, Formula1 tarixinin yarış qazanan və podiuma yüksələn ən gənc sürücüsü olub. Mənsell isə ilk və yeganə Dünya Çempionu titulunu 1992-ci ildə, 39 yaşında əldə edib.

Ferstappen daha əvvəl Senna və Şumaxerə oxşadılsa da, Ədrian Nyui onu Formula1 üzrə 1992-ci ilin Dünya Çempionu və “Britaniya Şiri” ləqəbli Naycel Mənsellə bənzədib: “Maks Formula1-də iki mövsüm keçirsə də, möhtəşəm işlər görüb. Sürüş tərzinə görə mənə Nayceli xatırladır. Mənsell boliddə ikən bunu hiss etmək mümkün idi. Dirsəklərini çölə çıxararaq, bolidi idarə edirdi. Maks da onun kimi yarışlara həyəcan qatır və televiziya qarşısındakı fanlara yarışa niyə baxdıqlarını xatırladır”.

Aerodinamikanın atası sayılan Nyui 19 yaşlı sürücünün etdiyi sərt müdafiələr barəsində bunları deyib: “Naycel də onun kimi idi. “Mən öz işimlə məşğulam. Əgər xoşuna gəlmirsə, sənin problemindir” tərzində sürərdi”.

Xatırladaq ki, Ədrian Nyui Mənsellin Dünya Çempionu titulunu qazandığı Williams FW14B-ni və Ferstappenin 2016-cı ildə ilk qələbəsini qazandığı Red Bull RB12-ni dizayn edib.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*