İyun ayında Almaniyanın Bild nəşri xəbər verib ki, Red Bull rəhbərliyi Ferstappenin komandanı vaxtından əvvəl tərk etməsinə imkan verən müqavilə bəndini almağa çalışıb, lakin Maks imtina edib. Bu hadisədən sonra vəziyyət sürətlə inkişaf etməyə başlayıb.
Niderland nəşri De Limburger yazıb ki, Red Bull rəhbərliyi Maksın gələcəyini komanda çərçivəsində təsdiqləmək istəməməsini və vəziyyəti düşünmək üçün vaxt tələb etməsini narahatlıqla qarşılayıb.
Bazar ertəsi Londonda Britaniya Qran Prisindən sonra Red Bull rəhbərliyi Ferstappen və onun menecerlərinin iştirakı ilə görüş keçirilməli idi, lakin yarış həftəsonu zamanı Silverstounda aparılan ilkin danışıqlardan sonra görüş ləğv edilib. Bazar günü axşamı Maks özəl təyyarəsinə minib Birləşmiş Krallığı tərk edib.
Mətbuat nəticə çıxarıb ki, tərəflər arasındakı fikir ayrılıqları daha da kəskinləşib, Silverstounda maşınla bağlı problemlər səbəbindən Maksın yarışdan çıxması isə sürücünün komandadan narazılığını daha da gücləndirib.
De Telegraaf qəzeti əlavə edib ki, Red Bull-un texniki direktoru Pyer Vaşe yarış mühəndisi Canpyero Lambyaze ilə rəqiblərə məlumat sızmasının qarşısını almaq məqsədilə “gizli məlumat” paylaşmağı dayandırıb.
Gərginlik gələn həftə Belçika Qran Prisinə qədər davam edəcək, lakin Spada Maksın komandaya mehriban münasibət bəsləyəcəyini gözləmək yerinə düşməz. Belçika trasında güc qurğusunun rolu böyükdür, ona görə də Red Bull artıq növbəti mərhələdə problemlərə hazırlaşır. Amma bu, Maksı komanda dəyişməyə vadar edəcək son damla olacaqmı?
De Limburger əlavə edib ki, sürücü bir neçə variantı nəzərdən keçirir, o cümlədən Formula1-i tərk etməyi də. Bu variant mümkündür – Maksın özü demişdi ki, o, ciddi-cəhdlə Formula1-də qalmaq niyyətində deyil və onu digər yarış seriyaları da maraqlandırır.
Bununla belə, daha məntiqli variant kimi McLaren-ə keçid görünür, baxmayaraq ki, Zak Braun bu ehtimalı inkar edib. Motorsport Week-in məlumatına görə isə Uoking komandası ilə uzunmüddətli müqavilə Ferstappen və onun menecerləri tərəfindən ciddi şəkildə nəzərdən keçirilir. Məlumdur ki, Maks əvvəlki ildən fərqli olaraq daha tez qərar vermək istəyir – keçidlə bağlı şayiələr keçən il yalnız yay fasiləsindən sonra aradan qalxmışdı.
Əgər Ferstappen McLaren-lə müqavilə imzalasa, o, Oskar Piastrini əvəz edəcək. Britaniyanın Daily Mail tabloidi iddia edir ki, Oskar komandadan getmək istəmir, lakin belə bir ssenari reallaşarsa, yüksək ehtimalla avstraliyalı Ferstappenin boşluğunu Red Bull Racing-də dolduracaq.
Hazırda yalnız bir şey dəqiq məlumdur – maraqlı tərəflər Maks Ferstappenin müqaviləsi ətrafındakı vəziyyəti rəsmi şəkildə şərh etmirlər.





