Ferrari komandası yeni maşınını fevralın 28-də Maranelloda təqdim edəcək – bu barədə Stefano Domenikali Madonna di Kampilyoda başlayan mətbuat konfransında bildirib. Amma o qeyd edib ki, “jurnalistlərə göstəriləcək maşın Bəhreyndə starta çıxacaq maşından fərqlənəcək.”
Skuderiyanın ənənəvi Wrooom tədbirinə dəvət etdiyi britaniyalı jurnalist Ceyms Allen Twitter-də öz mikrobloqunda Domenikalinin toxunduğu digər məsələləri də qeyd edib: “Domenikalinin sözlərinə görə, FOTA bəzi komandaların keçən il üçün razılaşdıqları məsrəf həddini aşma hallarını araşdırır. Şayiələrə görə, söhbət Red Bull-dan gedir. Stefano FOTA-nın vitse prezidenti vəzifəsini tərk edib, Uitmarş isə assosiasiyaya rəhbərliyi davam etdirəcək, onun yeni müavinlərinin adları isə yaxın günlərdə elan olunacaq.”