Ferrari-nin təkamülü (1950-2016-cı illər): 50-ci yazı – Ferrari F1 2000

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 18 gün qalır – 18 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 50-ci yazımızda Ferrari-yə 21 illik fasilədən sonra Mixael Şumaxerlə ilk titulu qazandıran F1 2000 modelindən danışacağıq…

Ardıcıl 3 il Ferrari titula çox yaxınlaşırdı, amma hər dəfə rəqib komanda qalib olurdu. 16 illik fasilədən sonra Skuderiyanın 1999-cu ildə qazandığı Mühəndislər Kuboku da onun titul hərisliyini azaltmadı. Amma komandaya əlavə stimul verərək göstərdi ki, çempionatda qələbə çox yaxındadır – sadəcə son addımı atmaq lazımdır. Maranello 2000-ci il mövsümünə tam qalib fəlsəfəsi ilə başladı.

Yeni hazırlanmış F1 2000 (komanda ilk dəfə maşının adında 4 rəqəmdən istifadə etmişdi) yenə də əvvəlki modelin təkmilləşmiş forması idi. Xarici dəyişikliklər ilk növbədə maşının ön hissəsinə aid idi – maşının burun hissəsi bir qədər də yuxarı qaldırılmış, enlənmiş və əyilmişdi. Daxili dəyişikliklərdən ən əsası yenilənmiş mühərrik idi – silindrlərin açılış bucağı artırılmışdı. Motorun və korpusun hazırlanmasında kompozit materiallardan istifadə olunması maşının çəkisini bir qədər də azaltmışdı, ona görə də mühəndislər əlavə ballastlarla ağırlıq mərkəzini bir qədər də aşağı salaraq maşının idarəolunmasını asanlaşdırdılar.

Son on ildə ilk dəfə idi ki, Ferrari maşınları Ədrian Nyuinin hazırladığı maşına heç nədə uduzmurdular, ona görə də hər şey sürücülərin qarşıdurmasında həll olunmalı idi. Maraqlı idi ki, keçən ilin sonunda zədəsini sağaldıb çempionata qayıdan Mixael Şumaxer daha sürətli olmuşdu. Onun keçmiş komanda yoldaşı Eddi İrvayn zarafatla demişdi ki, “sürətini artırmaq istəyən ayağını sındırsın..” Amma 2000-ci ildən İrvayn yeni Jaguar komandasında çıxış edirdi, Ferrari-də isə onun yerini Rubens Barrikello tutdu…

FERRARİ F1 2000

Ferrari, Scuderia Ferrari, Ferrari F1 2000, 2000, Michael Schumacher, Rubens Barricello

2000-ci ilin Ferrari üçün uğurlu olması F1 2000 adlı yeni maşının trasda ilk dövrələrindən sonra bəlli oldu. Yeni maşın sələfindən xarici görünüşü ilə çox fərqlənməsə də, idarəolunması çox rahat idi, sazlanmaların dəyişməsinə dərhal reaksiya verirdi.

Maşının aerodinamikası yenilənmişdi, onun formaları daha axarlı olmuşdu. Bir qədər də dikəlmiş burun maşının altına daha çox hava kütləsinin daxil olmasını təmin edirdi. Ağırlıq mərkəzi sələfi ilə müqayisədə bir qədər də aşağı salınmışdı. Silindrlərin açılış bucağı 90 dərəcəyə çatdıırlmış gücləndirilmiş motorla yeni maşın möcüzələr göstərməyə başladı. Skuderiyanın yeni sürücü cütlüyü – indi Mixaellə birlikdə Rubens Barrikello çıxış edirdi – mövsümdə 10 qələbə qazandı.

21 illik fasilədən sonra Ferrari yenə də uğur qazandı və titulun Maranelloya qayıtmasını bayram etdi. Mixael Şumaxer 3-cü titulunu qazandı. 70-ci illərin ortasından sonra, Niki Lauda və 312 T zamanından sonra Ferrari bu qədər rəqabətədavamlı olmamışdı.

Əslində Ferrari F1 2000 mövsümün ən yaxşı maşını deyildi, amma ümumi statistikasına görə Skuderiyanın bütün əvvəlki modellərini arxada qoydu. Bu uğurun əsas səbəbkarı Mixael Şumaxer idi. Almaniyalı sürücü 9 qələbə qazanaraq Naycel Mənsellin 1992-ci ildəki rekordunu təkrarladı, hərçənd, britaniyalı sürücü mövsümün ən yaxşı maşınında çıxış etmişdi. Daha bir qələbəni isə Rubens Barrikello komandasına qazandırdı – braziliyalı sürücü 18-ci yerdən başladığı yarışda karyerasının ilk zəfərinə podiumda göz yaşlarını axıdaraq sevindi. Rubens komanda yoldaşına uduzsa da, Örvayndan qat-qat güclü olduğunu ilk yarışdan göstərmişdi. Hələ heç kim bilmirdi ki, çempionatda qırımızı era bərqərar olur…

FERRARİ F1 2000-İN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari F1 2000, 2000, Michael Schumacher, Rubens Barricello

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
2000-ci il 17 34 10 10 21 1
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*