18 Noyabr 2019, Bazar ertəsi - 18:30

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 36-cı yazı – Ferrari 156/85

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 36-cı yazı – Ferrari 156/85

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:21 - 19 Fevral, 2017

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 32 gün qalır – 32 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 36-cı yazımızda komandanın kompüter modelləşdirilməsi ilə hazırladığı ilk maşın 156/85 modelindən danışacağıq…

1985-ci il mövsümü ərəfəsində Ferrari-nin mühəndisləri başa düşürdülər ki, maşında radikal dəyişikliklər etmədən McLaren komandasının sürücüləri ilə mübarizəyə girişmək mümkün olmayacaq. 126 C seriyası təzə olsa da, artıq potensialını itirmişdi – bu seriya qraund-effektdən tam istifadə üçün hazırlanmışdı, yəni arxa hissəsdə motor elə yerləşdirilirdi ki, işlənmiş qazalar motrun mərkəzindən çıxırdı, V hərfinin ortasından, qıdalandırma sistemi isə kənarlarda yerləşdirilmişdi. 80-ci illərin əvvəlində bu optimal yerləşdirmə idi və  bu yolla yan pantonların içində hava axınını effektiv idarə etmək mümkün olurdu, bununla da “sorma effekti” əldə olunurdu. Bu effektin xeyri o qədər çox idi ki, hətta ağırlıq mərkəzinin kifayət qədər yüksək yerləşməsi ikinci plana keçirdi.

80-ci illərin ortasında motorun bu cür yerləşdirilməsi artıq mənasız idi, çünki qraund-effekt qadağan olunmuşdu. İndi bütün komandalar turbin və qazçıxarma borularını maksimum aşağıda yerləşdirməyə çalışırdılar. Ferrari də rəqiblərindən geri qalmırdı. Nəticədə qıdalandırma sistemi maşının yuxarısına köçürüldü, ona görə də yan pantonların konstruksiyası tamamilə yeniləndi. Arxada isə Venturi tipli böyük diffuzor peyda oldu – maşının arxa hissəsinin aerodinamikası tam fərqli təşkil olundu.

Bundan başqa, mühəndislər motorun və ötürmələr qutusunun soyutma sistemini təkmilləşdirdilər – bunun üçün radiatorları maşının uzunluq oxuna nisbətən müəyyən bucaq altında yerləşdirdilər. Motorun gücü artırıldı – indi yarışda 800 at qüvvəsi sürücülərin ixtiyarında olurdu. Köndələn yerləşdirilmiş ötürmələr qutusu daha yığcam, yeni ərintilərdən istifadə olduğu üçün isə daha yüngül alındı. Bir faktı da qeyd edək ki, yeni maşın kompüter modelləşdirilməsindən istifadə olunmaqla hazırlanmış ilk Ferrari maşını idi.

Yeni model sələfindən tam fərqləndiyi üçün ona yeni ad verilməsi qərara alındı. Ənənəyə sadiq qalan komanda mühərriyin parametrlərinə müraciət etdi. Motorun həcmi (1.5 litr) və silindrlərin sayı (6) yeni modelin adını müəyyən etdi. Amma alınan 156 indeksi 60-cı illərdə istifadə olunduğu üçün modelin adına istehsal ilini də əlavə etdilər: Ferrari 156/85.

 

FERRARİ 156/85

Ferrari, Scuderia Ferrari, Ferrari 156/85, 1985

 

Artıq 1984-cü ilin gedişində Maranelloda başa düşmüşdülər ki, 126 C4-ün oxvari forması maşının arxa hissəsinin daralması zamanı effektiv deyil – Con Barnard 1983-cü ildə McLaren maşınlarının arxasına butulka boğazı forması vermişdi və dərhal bu forma rəqiblər tərəfindən nüsxələnməyə başlamışdı. Ferrari də 1984-cü ilin sonunda 126 C4/M2 versiyasında bu formaya keçidi reallaşdırmışdı, amma tam effekti almaq üçün yeni mövsümü və 156/85 modelinin debütünü gözləmək lazım gəldi.

Model McLaren maşının fəlsəfəsini təkrarlayırdı: arxa təkərlərin ətrafında korpus birdən daralırdı, enli diffuzor, yenilənmiş monokok və ciddi yenilənmiş V6 turbo motor. Motorda qidalandırma və qazburaxma sistemləri yerlərini dəyişmişdilər – McLaren maşınlarında qurulmuş Porsche də bu cür yerləşdirmədən istifadə edirdi.

Maraqlıdır ki, komandada artıq baş konstruktor yox idi: bu vəzifəni Mauro Forqyeri tuturdu, amma 1984-cü ilin uğursuz nəticələrindən sonra Mauro başqa layihəyə göndərilmişdi. Entso isə yeni maşını “mühəndislər birliyinin” hazırladığını bildirdi.

Mövsüm komanda üçün uğurlu başladı, Ferrari yenidən ön plana qayıtdı. Mikele Alboreto mövsümün böyük bir hissəsini çempionata liderlik etdi, amma…

Mövsümün ilk yarışında Braziliyada Alboreto poul qazandı və yalnız Naycel Mənsellə təmas yaşadığı üçün qələbə qazana bilmədi – finişdə italiyalı sürücü ikinci oldu. İki həftə sonra Portuqaliyada yenə də ikinci olan Mikele çempionatda liderliyi ələ aldı. Mövsümün ilk 10 yarışında italiyalı sürücü 8 dəfə podiuma qalxdı, Kanada və Almaniyada isə birinci oldu.

Amma çempionatda McLaren-in sürücüsü Alen Prost çox az fərqlə geridə idi. Həm Ferrari, həm də Porsche motorçuları Almaniyanın KKK turbinlərindən istifadə edirdilər, italyanların motoru almanların motorundan yarışda 100 at qüvvəsi zəif idi. 87 yaşlı Entso güman edirdi ki, bu fərqin əsas səbəbkarı məhz turbindir. Mövsümün sonuna 6 yarış qalmış Entso turbin təchizatçısını dəyişməyə təkid etdi – heç kim onu bu fikrindən döndərə bilmədi. Beləliklə, motora Amerikanın Garrett turbinləri qoşuldu və Alboreto son 5 yarışda finiş görmədi, Alen Prost isə karyerasında ilk titulunu qazandı.

Mühəndislər Kubokunda isə daha bir faktor öz rolunu oynadı: Rene Arnu komandadan qovulmuşdu, onun yerinə Tyrrell-dən Stefan Yohanson dəvət olunmuşdu. McLaren-in son çempionu Niki Laudanın cəmi 3 yarışda finiş görməsi Mühəndislər Kubokunu Ferrari-ni 8 xal üstələməklə qazanmasına kifayət etdi.

 

FERRARİ 156/85-İN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari 156/85, 1985

 

MövsümQran PriStartPoulQələbəPodiumƏn yaxşı nəticə
1985-ci il163212101

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Ferrari-nin təkamülü
Mənbə
Baxış Sayı 6. 183
Teqlər ,
Paylaş

logo