20 Noyabr 2019, Çərşənbə - 13:21

Ferrari Kvyatın üzrünü qəbul etməyib

Ferrari Kvyatın üzrünü qəbul etməyib

Müəllif: Rauf Hacıyev, redaktor

19:21 - 01 May, 2016

Ferrari komandasının rəhbəri Mauritisio Arrivabene bildirib ki, Daniil Kvyatla Sebastyan Fettelin insidentində almaniyalı sürücünü yavaşladığı üçün günahkar saymaq mənasızdır…

F-1.az xatırladır ki, Daniil Kvyat ikinci döngədə əylənmə zamanı Sebastyan Fettelə arxadan çırpılıb və bu insidentdən sonra almaniyalı sürücü yerində fırlanaraq divara çırpılıb. Buna görə də Fettel yarışı vaxtından əvvəl dayandırmalı olub.

Daniil Kvyat rəqibinin birdən-birə yavaşladığını desə də, Arrivabene öz sürücüsündə günah görmür.

Bundan başqa italiyalı bildirib ki, boliddə heç bir problem olmayıb və telemetriya məlumatlarını təhlil etməyəcəklər: “Əlbəttə, yavaşlayacaq. Uçmalıdır? Buna görə də telemetriyanı təhlil etməyin mənası yoxdur. İnsidentə baxmalıyıq.

Anlayıram, ağıllı olmalıyıq, amma bəzən ağlımızı istifadə etməliyik. Şəkillərə baxanda hər şey açıq-aydın görünür.

Sebastyan mənə dedi ki, Kvyat ona bir dəfə təmas edib, amma ikinci dəfə arxadan sərt çırpılıb və bu qəzaya səbəb olub.

Əlbəttə, belə qəza edəndə yavaşlayacaqsınız. Bu, o demək deyil ki, biri gəlib sizə arxadan çırpılmalıdır. Bunu başa düşmək üçün telemetriyaya baxmaq lazım deyil.

Mən əvvəldən bütün mətbuat işçilərinə söz vermişdim ki, sizinlə dürüst olacam. Çin yarışında Kvyat barədə heç nə demədim. Əksinə dedim ki, o, öz işini görür. Amma bu dəfə onun barədə deməyə söz tapmıram”.

Kvyat yarışdan sonra Fettelə zəng edib, amma onların nə danışdıqları bilinmir: bu danışıqlardan sonra əminliklə söyləyib ki, almaniyalı sürücü ilə aralarındakı bütün problemlər həll olunub: “Danışmalı olduğum adamlarla danışdım və nə lazımdırsa, dedim. Biz hər şey barədə danışdıq.

Deyəsən, insanlar bu barədə danışmaqdan həzz alırlar. Qoy danışsınlar. Bilirəm ki, səhv etmişəm. Bundan dərs çıxaracam.

Bu səhvimə görə komanda xalsız qaldı.

Amma olan-oldu. Bunu burada unutmalıyıq. Komanda ilə bu barədə danışdıq. İnsanlar bu cür səhvlər edə bilərlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 467
Teqlər , , , ,
Paylaş

logo