Fernando Alonso: “Xeyr, düşünürəm ki, bu, mümkün deyil. Fiziki baxımdan Formula1-lə Dakar ralli reydini bir araya gətirmək, demək olar ki, real deyil.
GT3-də də çıxış etməyəcəyəm, mən bu maşınları heç vaxt sınamamışam. Belə bir çağırışların hər biri üçün çox ciddi hazırlıq lazımdır. Düşünürəm ki, keçmişdə bu cür seriyalarda az-çox rəqabətədavamlı olduğuma görə insanlarda belə təəssürat yaranır ki, bütün bunlar asandır.
Əslində isə uğur üçün çox böyük hazırlıq, böyük fədakarlıq və az da olsa şans lazımdır. Buna görə də növbəti çağırışa qərar verəndə bunu özüm elan edəcəyəm. Onda bu, şayiə olmayacaq və mən həqiqətən həmin layihə ilə məşğul olacağam. Ancaq bu, yalnız hazırlıq üçün kifayət qədər vaxtım olanda və belə bir riskə getməyə hazır olanda baş verəcək”.
Bununla yanaşı, Fernando Alonso əlavə edib ki, Formula1-dən ayrıldıqdan sonra yarış karyerasını başa vurmayacaq və başqa seriyalarda da çıxışını davam etdirəcək: “Məni irəli aparan şey rəqiblərlə mübarizənin özüdür. Təkcə Formula1-də deyil, çünki mən başqa seriyalarda da çıxış etmişəm və Formula1-dən ayrıldıqdan sonra da müxtəlif seriyalarda yarışmağa davam edəcəyəm.
Mənə rəqabət hissi, yarış maşınının sükanı arxasında adrenalin xoş gəlir. Görünür, yarışlar mənim üçün artıq həyat tərzinə çevrilib”.
Sepanq trasındakı yarışın nəticəsini şərh edən Fernando, burada mövsümdəki ən yaxşı nəticəsini qazanaraq səkkizinci yeri tutduqdan sonra deyib: “Aydındır ki, nəticə hələ də nail olmaq istədiyimiz səviyyədən çox uzaqdır, amma xal qazanmaq imkanı və rəqabətədavamlı yarış tempi ümidverici idi.
Ümumilikdə, bütün uik-end bir qədər yaxşı alınıb, amma vəziyyət dəyişməz qalıb. Bu mövsüm çətin keçir, çünki bizə hələ də sürət çatmır, xüsusilə də düzlükdə.
Mövsümün sonuna qədər çox şey konkret trasdan asılı olacaq. Bəzi uik-endlərdə pelotonun ortalarında ola bilərik, digərlərində isə ən sonda yer ala bilərik, buna görə də maşınımıza uyğun gələn mərhələlərdə imkanlardan maksimum yararlanmaq lazımdır.
Mən artıq demişəm ki, hər şey trasdan asılıdır. Malayziyada maşın beş gün əvvəl Bakıdakı ilə tamamilə eyni idi – eyni konfiqurasiyada, eyni sazlamalarla, eyni güc qurğusu ilə, ümumiyyətlə, heç bir dəyişiklik olmadan. Amma nəticələrdə fərq çox böyük alınıb.
Məsələ sazlamalarla eksperiment aparmaqda və ya maşını daha uyğun iş diapazonuna çıxarmaqda deyil. Təəssüf ki, bunu trasda atdığımız addımlarla dəyişə bilmirik. Nəticə trasın konfiqurasiyasından və orada nə qədər düzlük olmasından çox ciddi şəkildə asılıdır. Buna görə də bu uik-enddə yaxşı imkanlarımız ola bilər”.





