Berra: Həlledici rolu təkərlərin deqradasiyası oynayacaq

Pirelli-nin şin mütəxəssisləri Zandfort trasında işin ilk gününə yekun vurublar. Gün şənbə sprintindən əvvəl keçirilən sıralanma turunda Mercedes komandasının sürücüsü Corc Rassellin poul qazanması ilə başa çatıb. Əsas nəticə ondan ibarətdir ki, hələlik sürətlər hesablanmış səviyyədən bir qədər aşağıdır.

Pirelli-nin baş mühəndisi Simone Berra: “Keçid təkərlərində vurulan bir neçə ilk dövrə istisna olmaqla, komandalar məşqlərdə hər üç tərkibin davranışını təhlil etdilər, çünki səhər yağan yağışdan sonra gözləniləndən fərqli olaraq trasda ilişmə baxımından şərait daha yaxşı idi.

Medium təkərlər cod asfaltdan Hard-la müqayisədə daha çox əziyyət çəkirdi, amma ümumilikdə təkər yeyilməsi çox ciddi deyildi və sürətə də ciddi təsir göstərmirdi.

Soft təkərlər yaxşı ilişmə təmin edirdi, buna trasın vəziyyətinin tədricən yaxşılaşması da kömək edirdi. Komandalar fərqli yanaşmalara üstünlük verdilər: bəziləri məşqdə sərt təkərlərin bir dəstindən istifadə etdi, bəziləri isə hər iki Hard dəstini ehtiyatda saxlamağa üstünlük verdi və bu da onların bir neçə pit-stoplu taktika variantını nəzərdən keçirdiyini göstərir.

Bu baxımdan əsas rolu təkərlərin deqradasiyası oynayacaq, hərçənd görünür ki, hələlik vəziyyət nəzarət altındadır, ilk növbədə də nisbətən aşağı temperaturlar sayəsində. Üstəlik, bu trasda təhlükəsizlik avtomobilinin meydana çıxması ehtimalı ənənəvi olaraq yüksək olur.

Hər halda, hesab edirik ki, bazar günkü yarış üçün taktiki sxemlər hazırlanarkən hər üç tərkibin təkərlərindən istifadə olunacaq.

Medium və Soft tərkibləri arasındakı sürət fərqi təxminən yarım saniyədir, bu, simulyatorda apardığımız hesablamalara tam uyğundur, amma həmin hesablamalara görə dövrə nəticələri təxminən bir saniyə daha yaxşı olmalı idi.

Əgər sabaha qədər tras örtüyü ilkin vəziyyətinə qayıtmasa, artıq şənbə günü sürətlərin daha da artdığını görməliyik”.

,