Bakıda parlayan gələcəyin ulduzu

Azərbaycan Qran Prisi son günlərdə ölkədə ən çox müzakirə olunan mövzudur. Bütün avtoidman dünyasının diqqəti də məhz ölkəmizdə baş tutan yarışa yönəlmişdi. Təbii ki, hamını maraqlandıran Formula1 idi. Lakin Bakıdakı yarış həftəsonunda avtoidman dünyasının diqqətini Formula1-dən ayırıb özünə cəlb edən bir nəfər var idi - hazırda Formula2-də lider olan 19 yaşlı Şarl Lekler.

F-1.az Monakodan olan bu gənc sürücü barədə dəfələrlə xəbər verib. Lakin mən əvvəlcə onun həyatı və karyerasına qısa nəzər salmaq istəyirəm.

Şarl 1997-ci il oktyabrın 16-da Monakoda anadan olub. Uşaqlıqdan Jül Byanki ilə yaxın dost olan Şarl kartinq karyerasına elə Jülün atasının rəhbərlik etdiyi trasda başlayıb. Sürücülük karyerasının başlanğıcı 2005-ci ilə təsadüf edir. Həmin ildən etibarən Fransada kartinq üzrə dəfələrlə turnirlərin qalibi olub. 2014-cü ildə Formula Renault 2.0-da iştirak edib. Növbəti il isə FİA European Formula 3 Championship-də çıxış edib və mövsümü dördüncü yerdə başa vurub. Eyni zamanda Makao Qran Prisində finiş xəttini ikinci keçib.

2016-cı ili onun üçün uğurlu saymaq olar – Şarl Formula1-də ilk addımlarını atıb. Ötən ilin mart ayında Ferrari Sürücü Akademiyasının üzvü olan Lekler Ferrari və Haas komandalarının developer sürücüsü olub. Keçən il baş tutan Britaniya Qran Prisinin birinci sərbəst yürüş sessiyasında Haas bolidinin sükanı arxasına keçib. Bununla yanaşı, GP3 seriyasında 3 qələbə qazanıb və mövsümü 202 xalla çempion kimi başa vurub. Bir çoxları onun Daniil Kvyat və Valtteri Bottas kimi GP3-də çempion olduqdan sonra birbaşa Formula1-ə gələcəyini gözləyirdi, lakin Haas-ın rəhbəri Günter Ştayner onun 2017-ci ildə Formula2-də özünü inkişaf etdirməsini istəyib.

Şarl bu il Formula2-də qarşısıalınmazdır – geridə qalan 8 yarışda 5 podium qazanmaqla, 3 dəfə qələbəyə sevinib. İki yarışı isə tamamlaya bilməyib. Onun son iki yarışı məhz Bakı küçələrində baş tutub. Lakin Şarl üçün Bakı səfəri olduqca ağır başlayıb. İyunun 20-də atası vəfat edən sürücünün İnstagram-dakı şəxsi hesabında etdiyi paylaşım çox təsirli idi: “Mən bacardığım qədər güclü olmağa çalışacam… Sənin üçün”.

Atasına verdiyi sözün öhdəsindən elə ilk günlərdəcə gəldi Şarl. Bakıda poul əldə edən sürücü bunu atasına həsr etdi. Şənbə günü heç kimə imkan verməyən gənc sürücü Bakıda baş tutan ilk Formula2 yarışının qalibi oldu. Lakin ikinci yarış isə daha dramatik alındı. Hilton Hotel-də yerləşən Media Mərkəzində əyləşmişdik və hamı önündəki kompüterdə işlərini görür, Azərbaycan Qran Prisini səbirsizliklə gözləyirdi. Başımı qaldırıb baxdığımda, TV-də Formul2 yarışının başladığını gördüm. İlk növbədə gözlərim Lekler soyadını axtardı – səkkizinci yerdən start alırdı. Mən də hamı kimi öz işimi görməyə davam etdim. Lakin tez-tez ekrana nəzər yetirirdim (o yarışı aşağıdakı videodan izləyə bilərsiz).

https://www.youtube.com/watch?v=K6o8thTUf0I

İrəliləyən dəqiqələrdə vəziyyət dəyişdi. Lekler artıq bir-bir rəqiblərini keçməyə başlamışdı. Hamı da məhz onun çıxışını izləyirdi. Hətta Rusiyadan olan jurnalistlər də orada çıxış edən iki rus sürücüsünü qoyub məhz Şarla azarkeşlik edirdilər. Onun hamıdan sürətli olması açıq-aydın görünürdü, çünki demək olar ki, hər dövrədə bir rəqibini geridə qoyurdu. Lakin yarışın sonuna doğru yerinə düşməyən bir cəza verildi – Şarl sarı bayraqlar altında sürətini kifayət qədər aşağı salmamışdı və stüardlar onun yekun nəticəsinə 10 saniyə əlavə edəcəkdilər. Yarışda liderliyə yüksələcəyinə şübhə yox idi, hansı ki, tezliklə bunu etdi. Lakin artıq son dövrələr idi və ikinci yerdə olan Norman Natodan 10 saniyə uzaqlaşmaq mümkün deyildi. Amma Şarl yenə də sürətini azaltmadı, üçüncü yerdə olan sürücü ilə fərqini kifayət qədər artırdı. Finiş xəttini birinci keçsə də, cərimə əlavə edildikdən sonra ikinci yerə düşdü.

Lakin üzülməyə dəyməz Şarl. Sən istənilən halda qalib gəldin. Çünki Bakıda heç kim səndən sürətli deyildi. Bunu qazandığın poul, hər iki yarışdakı çıxışın və sürətli dövrələri vurmağın sübut edir. Sən atanı son səyahətində elə ilk günlərdən uğurlarınla tək qoymadın! Əmin ol ki, o çox rahat gedir. Çünki əmindir ki, arxada gələcək çempion qoyub. Bunlar hələ kiçik zəfərlərdir. Biz səni Formula1-də də görəcəyik. Sən əsl qələbələrini məhz orada qazanacaqsan! Sən bu çətin vaxtında, hətta həyatının ən çətin vaxtında maşına əyləşə bildinsə, hətta qələbələr əldə edə bildinsə, səni heç bir şey büdrədə bilməyəcək. Yolun açıq olsun, gələcək Çempion!

Yazıda göstərdiyi köməyə görə Fidan Abdullayevaya təşəkkürlər.

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*