Azərbaycan yarışı apreldə keçiriləcək? – Rəsmi AÇIQLAMA

Artıq bildirmişdik ki, FİA bütün yarış promouterləri ilə razılıq əldə olunana qədər Formula1-in 2023-cü il mövsümü üçün təqvimini dərc etməyə tələsmir.

F-1.az xəbər verir ki, bununla birlikdə, çərşənbə axşamı Avropa mətbuatında yeni mövsüm təqviminin versiyalarından biri dərc olunub ki, bu da gələn il çempionatda iştirakçıları və azarkeşləri nəyin gözlədiyi barədə təxmini fikir formalaşdırmağa imkan verir.

Gözlənildiyi kimi, təqvim tarixin ən uzunu – 24 mərhələdən ibarət olacaq. İlkin versiyaya görə, mövsüm martın 5-də Bəhreyndə başlayır və noyabrın 26-da Əbu Dabidə başa çatır. Təqvimdə bir yeni yarış var – Las Veqas debüt etməlidir və bir neçə illik fasilədən sonra qayıdacaq iki mərhələ – Çin və Qətər Qran Priləri yer alıblar.

Yeni mövsüm üçün təqvimdə iki dəfə üç ardıcıl yarışın keçirilməsi planlaşdırılır. Birinci dəfə Avropada – Imola, Monako və Barselona yarışları, ikinci dəfə okeanın o tayında – Ostin, Mexiko və Braziliya yarışları cəmi bir həftə fasilə ilə baş tutacaq. Maraqlıdır ki, iki Amerika mərhələsini (Ostin və Las Veqas) biraylıq fasilə ayrılır, amma mayın əvvəlində keçiriləcək Mayami digər Şimali Amerika yarışlarından tam uzaqlaşdırılıb və mövsümün əvvəlində yer alıb.

Sonda gələk bizim azarkeşləri daha çox maraqlandıran Azərbaycan Qran Prisinə. Təqvimdən də göründüyü kimi, bu dəfə bizim yarışımıza aprelin son günləri ayrılıb. Bu məlumatın nə dərəcədə doğru olmasını dəqiqləşdirmək üçün Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti ilə əlaqə saxladıq.

Şirkətin mətbuat katibi Turab Teymurov saytımıza bildirib ki, təqvim barədə həm Beynəlxalq Avtomobil Federasiyası (FİA), həm də çempionatın təşkilatçıları (FOM) ilə sıx danışıqlar gedir: “Hələlik rəsmi məlumat yoxdur, məlumat olan kimi ölkənin idman ictimaiyyətini xəbərdar edəcəyik”.

Avropa mətbuatında yayılan təqvimin versiyasını təqdim edirik:

Tarix Qran Pri Keçirilmə yeri
3-5 mart Bəhreyn Saxir
17-19 mart Səudiyyə Ərəbistanı Ciddə
31 mart-2 aprel Avstraliya Melburn
14-16 aprel Çin Şanxay
28-30 aprel Azərbaycan Bakı
5-7 may Mayami Mayami
19-21 may Emiliya Romanya İmola
26-28 may Monako Monako
2-4 iyun İspaniya Barselona
16-18 iyun Kanada Monreal
30 iyun-2 iyul Avstriya Şpilberq
7-9 iyul Böyük Britaniya Silverstoun
21-23 iyul Belçika Spa
28-30 iyul Macarıstan Budapeşt
25-27 avqust Niderland Zandfort
1-3 sentyabr İtaliya Monza
15-17 sentyabr Sinqapur Sinqapur
22-24 sentyabr Yapniya Suzuka
6-8 oktyabr Qətər Losail
20-22 oktyabr ABŞ Ostin
27-29 oktyabr Mexiko Mexiko
3-5 noyabr San Paulu San Paulu
16-18 noyabr Las Veqas Las Veqas
24-26 noyabr Əbu Dabi Yas Marina
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*