Azərbaycan QP: qazananlar və itirənlər

Bakıda baş tutan 6-cı yarış geridə qalıb, bu barədə çox şey yazılıb. İndi isə Kanada Qran Prisi ərəfəsində yenidən yarışımızı yad etmək məqamıdır. Azərbaycan Qran Prisinin itirənləri və qazananları kimlər oldu?

QAZANANLAR

Maks Ferstappen

Niderlandlı sürücü hətta özü də belə yaxşı nəticəni proqnozlaşdırmazdı – üçüncü yerdən başladığın yarışda qalib gəlirsən, hələ bu azmış kimi, çempionatdakı ən ciddi rəqibin yarışı tamamlaya bilmir. Mövsümün üçüncü yarışı başa çatanda lider Şarl Leklerdən 46 xal geridə, çempionatda 6-cı olan Maks indi monakolu sürücünü 34 xal üstələyir və liderdir. Ən yaxın izləyicisi isə ondan 21 xal geridə olan komanda yoldaşıdır.

Bakıdakı həftəsonu Ferstappen üçün çox da yaxşı başlamadı, həm cümə həm də şənbə günü bütün sessiyalarda Serxio Peresin arxasında qalsa da, yarışdakı sürəti qarşısıalınmaz oldu ki, bu da ona yekunda çox asan bir qələbə gətirdi.

 

 

Serxio Peres

Çekonu hansı siyahıya əlavə etmək barədə çox düşündüm, çünki son yarışların qəhrəmanı üçün əsas rəqib elə komanda yoldaşıdır və sıralanma turunda onu üstələsə də, yarışda irəli buraxmalı oldu. Amma istənilən halda, həftəsonunun ən uğurlularından idi. Möhtəşəm start ilə liderliyi ələ aldı, xeyli müddət də əldən vermədi. Lakin həmişəkinin əksinə olaraq, bu dəfə təkərləri heç yaxşı işlətmədi və Maksa mane ola bilmədi. İstənilən halda, həm komandaya qələbə dublu gətirdiyi, həm də çempionatda Lekleri üstələdiyi üçün həftəsonunu yaxşı hesab etmək olar.

 

 

Corc Rassel

Mövsümün ən sabit çıxış edən sürücüsü ənənəsini Bakıda da pozmadı – yenə ilk beşlikdə yarışı tamamladı, üstəgəl podium ilə. Britaniyalı gənc sürücünün komandaya adaptasiyası heç də çətin olmadı. İlk yarışı Lyuis Həmiltondan geridə başa vursa da, ardıcıl 7 yarışdır ki, təcrübəli komanda yoldaşını üstələyir.

Əslində Corc yarışda xüsusi nə iləsə yadda qalmadı. Öndəki iki Ferrari sürücüsünün mübarizəni dayandırması ilə özünü podiumda tapdı. Amma bu Corcun əməyinə kölgə salmamalıdır. Sıralanma turunda hazırki maşına görə ideal yer tutması və əlindən gələni etməsi ona mövsümdə üçüncü podiumu qazandırıb. Çempionatda Sayns və Həmiltonu qabaqlayır…

 

 

Sebastyan Fettel

Bakı trasını ən çox sevən, burada indiyə qədər ən çox xal qazanan alman sürücü Bakıdan ayrılarkən yenə də bu statistikada yerini qorumuş oldu. Düzdür, Bakıda indiyə qədərki bütün yarışları ilk dördlükdə başa vurmuşdu, amma hazırda idarə etdiyi bolidlə bunu etməsi üçün çox xaotik yarışa ehtiyac var. Yenə də, səhvə yol verməsə ilk beşlikdə görə bilərdik. İstənilən halda, Sebastyan bu mövsümdə hələ ki, ən yaxşı nəticəsini məhz paytaxtımızda əldə edib.

 

 

Red Bull

Mövsümə ciddi problemlərlə başlayan komanda üçün artıq hər şey çox yaxşı gedir. Hətta o qədər yaxşı gedir ki, xüsusi nəsə etmələrinə ehtiyac yoxdur, rəqib komandalar onların əvəzinə edir. Beş yarış əvvəl çempionatda üçüncü idilər və liderə 49 xal uduzurdular. İndi isə hamıdan yüksəkdədirlər və ən yaxın izləyiciləri ilə xal fərqi 80-a çatıb.

Komanda ardıcıl 5-ci qələbəsini əldə etdi. Üstəlik, əsas rəqib olan Ferrari-nin 1 xal belə qazanmadığı yarışda maksimum 44 xal əldə edərək. Çox güman ki, Bakı yarışı həm sürücülər çempionatında, həm də Mühəndislər Kubokunda qırılma anı oldu…

 

 

 

İTİRƏNLƏR

Şarl Lekler

Şarl nəinki Bakı yarışının, hətta son 5 yarışın ən böyük itirənidir. Çünki bu 5 yarışda qələbə qazana bilməyib, cəmi bir dəfə podiuma yüksəlib, son 4 yarışın hamısında poulu qazanmasına baxmayaraq, yarışda uğurunu təkrarlaya bilməyib, iki yarışda finiş görə bilməyib. Ümumiyyətlə, bu 5 yarışda Ferstappen 125 xal qazanarkən, Lekler cəmi 45 xal əldə edib.

Bakıdakı yarışda lider gedirdi, komanda Virtual Təhlükəsizlik Maşını rejimindən çox əla istifadə etmişdi. Biz bilmirik ki, mübarizəni dayandırmasaydı, Maksın hücumlarına müqavimət göstərə biləcəkdimi. Heç vaxt da bilməyəcəyik, çünki Ferrari motoru imkan vermədi…

 

 

Karlos Sayns

İspan sürücü də uğursuzluqda heç də Leklerdən geri qalmır. Düzdür, tamamlaya bildiyi yarışlarda İspaniyanı saymasaq, podiuma çıxıb. Podium sayında hətta Lekleri də 4-3 üstələyir. Lakin Monako istisna olmaqla, heç bir yarışda onun qələbəyə yaxın olduğunu görməmişik. Bakıda da sıralanma turunda yaxşı çıxış etmədi, yarışda isə şanssızlıq özünü çox gözlətmədi.

Bu il çempionluq uğrunda mübarizəyə imkan verən maşına sahibdir. Amma çempionatda 5-ci sırada, lider Ferstappendən nə az, nə çox, 67 xal geridədir. Performasında baxsaq asanlıqla deyə bilərik ki, Maks ardıcıl 4 yarışı belə tamamlaya bilməsə, Sayns yenə də ona çatmayacaq….

 

 

Lyuis Həmilton

Çoxlarına maraqlı gələ bilər – nəyə görə bu maşınla heç də pis olmayan dördüncülük pis nəticə kimi qəbul edilir? Edilməlidir, çünki onun fonunda komanda yoldaşı nələr edir. Artıq aralarındakı xal fərqi 37-dir. Bakıda yenə də komanda yoldaşının gerisində qaldı. Üstəgəl maşın o qədər yırğalandı ki, sonda kokpiti çox çətinliklə tərk edə bildi. Nə Lyuis, nə də komanda üçün işlər heç yaxşı getmir. Artıq 8 yarış geridə qalıb və bu müddətdə müsbətə doğru dəyişən heç nə yoxdur…

 

 

Ferrari

Mövsümün əvvəlində tiffoziləri əməlli-başlı həyəcanlandıran komanda yenə də son illərdəki özünə oxşamağa başlayıb. Yenə 5 yarış əvvəlki ilə müqayisə aparacam: 40-50 xal fərqlə iki əsas rəqibini üstələyirdi və artıq hamı titulun əsas namizədi hesab edirdi komandanı. Amma sonrakı 5 yarışda heç bir qələbə qazanmayıblar, 4 dəfə podium görüblər, 4 halda isə finişə çata bilməyiblər ki, bunun da ikisi məhz Bakıda baş verdi.

Mövcud vəziyyəti və mövsümiçi inkişaf templərini də nəzərə alsaq deyə bilərik ki, Ferrari üçün azından bu il hər iki cəbhədə də titul xəyaldan ibarətdir…

 

 

Haas

Bu komanda da ənənəsinə sadiq qalır – bir çox illərdə ilk yarışlarda nə iləsə fərqlənir, amma sonra rəqiblər gücləndikcə yerinə qayıdır. Haas əslində sırf bu həftəsonunun yox, son dövrlərin itirənidir. Komandanın Mik Şumaxer kimi bir şanssızlığı var və demək olar ki, tək sürücü ilə yarışırlar. Şumaxer bir xal belə olsun, qazanmaması bir yana, büdcə limitinin kritik olduğu bir mövsümdə qəzalarla komandanı daha da çətinə salmaqla məşğuldur.

Son 4 yarışda komanda hesabına 1 xal belə olsun, yazdıra bilməyib. Üstəlik ən yaxşı halda 14-cü olublar. Yeganə xal ümidi Kevin Maqnussen də son 2 yarışda finiş görə bilməyib – danimarkalı sürücü Bakıda güc qurğusunun badına getdi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*