10 Dekabr 2018, Bazar ertəsi - 23:46

Azərbaycan-2018: Şənbə, paddok, 28.04.2018

Azərbaycan-2018: Şənbə, paddok, 28.04.2018

Müəllif: Elçin Zodorov, redaktor

09:20 - 29 Aprel, 2018

Bakı üçüncü dəfə Formula1-ə ev sahibliyi edir. Artıq yarış həftəsi gəlib çatıb. Yarışların mərkəzi isə heç şübhəsiz ki, paddok ərazisidir. Burada çempionatdakı bütün simaları görmək mümkündür. Burada bir çox şey danışılır, bir çox məsələ məhz burada həll olunur. F-1.az keçənilki rubrikasını davam etdirir və bazar gününə qədər paddokda gördüklərimizi sizə çatdıracağıq.

Berni Ekklstoun bir ildən çoxdur ki, Formula1-dəki vəzifəsindən gedib, lakin deyəsən, paddokları unuda bilmir. Əlbəttə, Formula1-də hələ də xeyli dostu var. Paddokda da bunun şahidi olduq. Bütün jurnalistlər, sürücülər onu salamladı. Niki Lauda ilə də xeyli söhbət etdilər. Görəsən qoca nə barədə düşünür? Bəlkə alternativ yarış seriyası yaratmaq istəyir və Laudanın bu barədə düşüncələrini soruşur?

 

Rikkardonun üzündən təbəssüm əksik olmur. Buna əsası da var. Çünki  sıralanma turunda Ferrari və Mercedes-dən geri qalsalar da, fərqlər çox azdır. Yəni, yarışda qələbə uğrunda mübarizə apara biləcəklər. Rikkardo həm də dördüncü yerdən start alacaq. Bir qədər ironik və qeyri-real səslənsə də, daha geridən start almasının qələbə şanslarını artıracağını deməyimizə əsas var. Çünki Daniel indiyə qədər qalib gəldiyi 6 yarışın heç birinə ilk üçlükdən başlamayıb.

 

Ferstappen düşünə-düşünə gəzir – görəsən bu yarışda kimi vurum? Təbii ki, zarafatdır. Amma gənc sürücü insidentlərdən qurtula bilmir. Belə görünür ki, özü heç qurtulmağa həvəsli deyil. Çünki həddən artıq tələskənlikdən və aqressiv sürüş tərzindən əl çəkmir. Bakı Şəhər Halqası kimi dar trasda səhv etmə ehtimalı daha yüksəkdir. Baxaq görək, Maks bizim yarışa necəsə maraq qatacaq?…

 

Maraqlı suallardan biri: Alonso nə vaxta qədər səbrli ola biləcək? McLaren, son illərdə olanlar və bu il də ümidlərin boşa çıxması barədə dəfələrlə yazılıb. Hətta McLaren-in bu dövrdə qazandığı xallardan 10 dəfə çox yazmışıq. Dəyişən bir şey yoxdur. Sıralanma turunda komandanın hər iki sürücüsü yenə də son sessiyaya keçə bilmədi. Düzdür, Fernando burada yarışa 11-12-ci yerlərdən yeni təkərlərlə başlamağın daha yaxşı olduğunu qeyd edib. Amma bu MCL33-ün tempinin aşağı olması faktını dəyişmir…

 

Və son olaraq – bu gün yağış ehtimalı olmadığını nəzərə alsaq, yarış bu təkərlərlə keçiriləcək. Soft təkərlərdən həftəsonu ərzində az istifadə edilib, lakin biz yarışda çox fərqli strategiyalar görə bilərik. Bakı Şəhər Halqası təkərləri tez aşındıran trasdır, odur ki, tək pit-stoplu strategiya seçmək istəyən sürücülər Soft təkərlərlə uzun məsafə qət etməli olacaqlar.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 308
Teqlər ,
Paylaş

logo