23 May 2019, Cümə axşamı - 21:04

Avropa mövsümünə start verilir

Avropa mövsümünə start verilir

Müəllif: Rauf Hacıyev, redaktor

18:00 - 09 May, 2019

Formula1 üzrə 2019-cu ilin 4 yarışı geridə qaldı. Mercedes-in F1 tarixində rekord qıraraq başladığı mövsümdə növbəti yarış Barselonadadır. Bu isə Formula1-də Avropa mövsümünün açılışı deməkdir.

Komandalar adətən Avropa mövsümünə qədər bolidləri tanımağa və ondakı çatışmazlıqları tapmağa çalışırlar. Avropa yarışlarına isə tam hazır olaraq getməyi hədəfləyirlər. Buna görə də Barselona yarışı əksər mütəxəssislər tərəfindən mövsümün həlledici yarışı kimi görünür. Hətta, avtoidman aləmində “Barselonada qalib gələn artıq çempiondur” deyimi var.

Bəs hamının səbirsizliklə gözlədiyi, komandaların böyük yeniliklərlə gələcəyi Barselonada kim favoritdir?

Maks Ferstappen burada ən gənc qalib olub və Red Bull son 3 mövsümdə podiuma yüksəlib.

Maks Ferstappen 2016-cı ildə Barselona yarışında Red Bull ilə ilk yarışına çıxmışdı. Həmin gün utopik hadisələr çox oldu. Startda iki Mercedes sürücüsü bir-birlərinin yarışını məhv etdi. Yarışın sonlarında isə peletonun ən yaşlı sürücüsü Kimi Rəykkönen ilə ən gənc sürücüsü Maks Ferstappen qələbə uğrunda mübarizə aparsalar da, yarışı 18 yaşlı hollandiyalı qazandı və F1 tarixinin yarış qazanan ən gənc sürücüsü oldu.

Həmin gün karyarasının ilk qələbəsini qazanan Maks bu il ilk 4 yarışdan da xal alaraq, karyerasının ən yaxşı mövsüm başlanğıcını edib. Red Bull bolidinin döngələrdəki üstünlüyünü və Maksın bu trası sevdiyini nəzərə alsaq, “qırmızı öküzlər”-in üçyarışlıq podium həsrəti Barselonada başa çata bilər. Bəlkə də, Maks burada qələbə qazanıb çempionluq uğrunda mübarizədə iddiasını ortaya qoyar.

Mercedes-in seriyası davam edəcək?

“Gümüşü oxlar” mövsümə 4 qələbə dublu ilə başlayaraq, Formula1-də bir ilkə imza atıblar. Almaniya komandası bu il döngəli traslarda daha yaxşı təsir bağışlayırlar. Buna görə də İspaniya yarışında rekordlarını daha da yaxşılaşdıra bilərlər. Lakin Bakıda qalib gələn Valtteri Bottasın işi burada çətin olacaq. Çünki boldöngəli traslarda Lyuis Həmilton finlandiyalı sürücüdən daha yaxşı performans göstərir.

Ferrari-ni çətin yarış gözləyir

“Qırmızılar” bu il Mercedes və Red Bull-dan fərqli olaraq, döngələrdə çox zəifdirlər. İtalyanlar mövsümün ilk yarışı olan Avstraliyada da yaxşı nəticə göstərə bilməmişdi. Buna görə də İspaniya onlarçün hər şeyin bitəcəyi yarış ola bilər.

Renault şeytanın qıçını qırmaq istəyir

Bu mövsüm ilk 4 yarışda tam heyətlə finiş görə bilməyən “Sarılar” Barselonada bu uğursuzluğa son demək istəyirlər. Qeyd edək ki, Renault keçən il son 3 yarışda da tam heyətlə finiş görə bilməyib. Bu isə o deməkdir ki, fransızılar artıq 7 yarışdır ki, tək maşınla mübarizə aparırlar.

Sürücülər xalalma seriyalarını davam etdirmək istəyirlər

Bu mövsüm dörd yarışdan da xal alan 6 sürücü var. Bunlar Valtteri Bottas, Lyuis Həmilton, Sebastyan Fettel, Maks Ferstappen, Şarl Lekler və Kimi Rəykkönendir.

Kimi Rəykkönen 2016-cı ildə İspaniyada son döngəyə qədər qələbə uğrunda mübarizə aparsa da, 2017 və 2018-ci illərdəki yarışı vaxtından əvvəl dayandırıb. Odur ki, finlandiyalı sürücünü çətin yarış gözləyir

Bəlkə də, Barselonadakı son yarış

Kataloniya trası İspaniya hökümətinin dəstəyini itirib. Buna görə də F1-lə yeni müqavilənin uzadılacağı real görünmür. 1991-ci ildən bəri Formula1-i qəbul edən bu tras təqvimdəm çıxsa, əvəzinə Maks Ferstappenin ev trası olan Zandfort daxil olacaq. Odur ki, F1 tarixinin bəlkə də, sonuncu kataloniya yarışını qaçırmayın.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 149
Teqlər ,
Paylaş

logo