WRC bu il Britaniyaya gəlməyəcək

İlkin təqvimdə sondan əvvəlki mərhələyə ev sahibliyi edəcək Britaniya Qran Prisi bu il Ralli Dünya Çempionatını keçirməyəcək - bir az öncə təşkilatçılar mərhələnin ləğv olunduğunu elan ediblər.

F-1.az bildirir ki, yalnız oktyabrın 29-da keçirilməli olduğu yarışdan imtina edilməsi bir çox ekspertlərə təşkilatçıların bu qərarının müəyyən maliyyə çətinlikləri ilə əlaqəli olduğunu düşünməyə əsas verib. Ancaq rəsmi açıqlamada yarışın ləğv edilməsinin səbəbinin koronavirus epidemiyası olduğu bildirilib.

“Kütləvi tədbirlərin keçirilməsi ilə bağlı vəziyyət, ölkələr arasındakı səyahətlərə məhdudiyyətlərə dair tələblərin nə qədər qüvvədə qalacağı hələ də qeyri-müəyyəndir. Bundan əlavə, xəstəliyin yeni təzahürlərini də istisna etmək olmaz.

Hökumətin tövsiyələrini araşdırarkən bizə payızda belə böyük bir tədbirin keçirilməsi barədə inamla danışmaq mümkün olmadığı aydınlaşdı. Buna görə də qüvvələrimizi 2021-ci ilin yarışına keçməyə qərar verdik”, – deyə təşkilatçılar bildiriblər.

Böyük Britaniya yarışı 1967-ci ildən bəri ilk dəfə baş tutmayacaq və ilk dəfə çempionatın təqvimində olmayacaq. Xatırladaq ki, daha əvvəl koronavirus səbəbiylə Portuqaliya, Finlandiya, Keniya və Yeni Zelandiya mərhələləri ləğv edilmişdi (üstəlik, çempionat başlamazdan əvvəl qeyri-sabit siyasi vəziyyət üzündən Çili Rallisinin təşkilatçıları da yarışın 2020-ci ildə keçirilməsindən imtina etmişdilər).

İlin əvvəlində WRC-nin üç mərhələsi baş tutmuşdu. Qalan beş yarışdan ikisi – aprel və iyun aylarında baş tutmalı olan Argentina və İtaliya yarışları hazırda qeyri-müəyyən vaxta qədər təxirə salınmış hesab olunur. Daha üç mərhələnin (Türkiyə, Almaniya və Yaponiya) aqibəti hələ məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*