Stella: Tempi arxa təkərlərin deqradasiyasına görə itirirdik

McLaren sürücüləri Niderland trasında keçirilən sprintə 2-ci və 4-cü yerlərdən başlasalar da, şənbə günü qısa yarışda Lando Norris 3-cü, Oskar Piastri isə 5-ci yeri tutub. Britaniya komandasının rəhbəri Andrea Stella sprintin nəticələrini şərh edib.

Andrea Stella: “Düşünürəm ki, etiraf etməliyik: bir sürətli dövrədə bizim tempimiz yarış məsafəsindəkindən daha yüksəkdir. Məncə, sprintin sıralanma turunda poul qazanmaq şansımız var idi, amma sprintin gedişində vəziyyət çətinləşdi.

Hesab edirəm ki, tempi arxa təkərlərin deqradasiyasına görə itirirdik və maşının aşağı sürətlərdə davranışını yaxşılaşdırmağa çalışmalıyıq. Ümumilikdə, həftəsonunun əsas hadisələrinə daha yaxşı hazırlaşmağa kömək edəcək faydalı məlumat topladıq.

Şübhəsiz, həmişə dediyimiz təsdiqini tapdı: nəticələr çox sıxdır və bu da yarışları kifayət qədər maraqlı edir. Belə vəziyyətdə komandanın öz vəzifələrinin öhdəsindən mümkün qədər yaxşı gəlməsi daha da vacibdir.

Şarl Leklerin Soft təkərlərlə start alacağını görəndə düşündük ki, bu, həddən artıq cəsarətli seçimdir. Doğrudan da, belə təkərlər yalnız onun Ferrari-sində var idi. Görünür, komandada öz maşınlarında təkər deqradasiyasının səviyyəsinə tam əmin idilər və Soft təkərlər yarış məsafəsində həqiqətən kifayət qədər yaxşı işlədilər.

Amma bizim vəziyyətimizə gəlincə, hesab edirəm ki, çoxu kimi Medium tərkibli təkərləri seçməklə düzgün qərar verdik. Arxa təkərlərdə bu qədər güclü deqradasiyanın nə ilə bağlı olduğunu araşdırmalıyıq – görünür, məsələ təkərlərin özündə deyil, maşınımızın sazlanması və pilotaj üslubundadır.

Ümumilikdə, çoxlu naməlumu olan bir məsələni həll etməli olduq, amma indi hər şeyi təhlil edib balansı optimallaşdırmağa çalışmaq lazımdır. Birmənalı olaraq, sürücülər sprint ərzində maşınların davranışından tam razı qalmadılar…”