Stefano Domenikali: “Mövsüm çox-çox maraqlı olur. Yarış trasında çoxlu hadisələr baş verir və azarkeşlər bunu bəyənir. Mövsümün əvvəlindən vəziyyətin necə dəyişməsi sadəcə fenomenaldır. Bu göstərir ki, Formula 1 hər hansı texniki çağırışa reaksiya verə bilir. İlin əvvəllərində bəzilərinin titul uğrunda mübarizənin artıq bitdiyini və Mercedes-in bütün mövsüm boyu üstünlük təşkil edəcəyini dediklərini çox yaxşı xatırlayıram.
Amma əslində belə deyil və ilin sonuna qədər hələ çox şey baş verəcək. Qələbə uğrunda mübarizə apara biləcək digər komandalar ortaya çıxacaq. Yarışları udmağa qadir digər sürücülər də olacaq. Bütün bu amillər mövsümü çox maraqlı edir və mən düşünürəm ki, ilin sonuna qədər hamı baş verənləri izləyəcək. Qısa desəm, mövsümün ikinci yarısına böyük nikbinliklə baxırıq”.
Domenikali Sepang trasının təqvimə geri dönüşünü, həmin trasın Bəhreyn Qran Prisini qəbul edəcəyini şərh edib və qeyd edib ki, Ərəb Dünyasındakı vəziyyət Qətər və Əbu Dabidə yarışların keçirilməsinə imkan verməsə, hansı planların olduğunu nəzərdən keçirirlər.
“Biz birlikdə Malayziyada Qran Pri keçirmək üçün yeni bir yol tapdıq, – deyə Stefano Domenikali bildirir. – Bu əməkdaşlıq və ənənədən daha geniş düşünməyə hazır olma nümunəsidir. Mən Bəhreyn Krallığına, Qran Pri-nin təşkilatçılarına və Malayziya Krallığına keçmişdə Formula 1-in tərkibinə daxil olmuş trası geri qaytarmaq imkanını gördükləri üçün təşəkkür etmək istəyirəm.
Mövsümün sonu ilə bağlı isə biz bütün maraqlı tərəflərlə əlaqə saxlayırıq. Strukturumuz hadisənin necə inkişaf edəcəyini başa düşmək və uyğun vaxtda qərar qəbul etmək üçün maksimum vaxt saxlamağa imkan verir.
Bu, sentyabrın ortasından əvvəl baş verməyəcək. Hazırda Qətər və Əbu Dabi mərhələlərinin təsdiq olunduğunu hesab edirik. Ancaq əlbəttə ki, əgər sentyabrın ortasına qədər vəziyyət bizim zəruri hesab etdiyimiz kimi aydınlaşmasa, biz qərar qəbul edəcəyik.
Bu baxımdan təsdiqləmək istəyirəm ki, əgər adı çəkilən iki yarışın keçirilməsi mümkün olmazsa, mövsüm Avropada bitəcək”.
Mövsüm 2027-ci il təqvimindən danışarkən Formula 1-in prezidenti qeyd etdi: “Hələ payızda təqdim olunacaq təqvim adi plan kimi görünür. Ancaq əlbəttə ki, Ərəb Dünyasındakı vəziyyət həll edilməzsə, bizim variantlarımız var.
Qərar verən məqam ilin sonu olacaq, ona görə düzəlişlər üçün hələ çox vaxtımız var. Biz növbəti il hər halda 24 Qran Pri keçirmək üçün bir neçə müxtəlif ssenari hazırlamışıq”.
Stefano Domenikali texniki reglament barədə də bir neçə söz dedi: “Artıq qəbul olunmuş dəyişikliklərin effekti yalnız müsbət olub. Eyni zamanda idmanda baş verənləri müzakirə etmək və bütün sürücülərin, komandaların və güc qurğusu istehsalçılarının fikirlərini dinləmək təbii olaraq vacibdir.
Məncə, reglamentlə bağlı doğru qərarlar qəbul edilib. FIA-nın istehsalçıların və sürücülərin şərhlərini dinləməyə hazır olması yaxşıdır. Düşünürəm ki, növbəti ilin reglamentindəki dəyişiklikləri simulyatorda artıq sınamış sürücülər üçün biz doğru istiqamətdə irəlilədiyimiz aydındır”.
Kimi Antonellinin uğuru mövsümün ilk yarısının əsas mövzularından biri oldu. Stefano Domenikali gənc italyan sürücünün Formula 1 üçün nə qədər vacib olduğunu belə izah etdi: “O gəncdir, hələ çox az təcrübəsi var və başına gələn hər şeyə açıqdır.
Kimi sayəsində bizdə çoxlu yeni azarkeşlər peyda olub, çünki o auditoriya ilə əla ünsiyyət qurur. İdman baxımından o, çox güclü olduğunu göstərdi. Maşın problemləri səbəbindən iki dəfə yarışı yarımçıq tərk etməsəydi, çempionatdakı üstünlüyü daha da böyük olardı. O, çox stabil olduğunu sübut edib.
Və əlbəttə ki, italyan azarkeşlər üçün onun uğurları xüsusilə önəmlidir. Ən son əhəmiyyətli bir qələbə qazanmış italyan sürücü çoxdan idi. Buna görə Kimi çempionata yeni bir ölçü gətirdi.
Bu gün onun digər sürücülərlə münasibətləri əladır. Əlbəttə, o titul qazanarsa situasiya dəyişə bilər, amma bu bizim idmanın təbiətidir. Lakin, dediyim kimi, onun Formula 1-də necə özünü göstərməsindən çox razıyam. Mən onu uzun illərdir tanıyıram və o bizim gələcəyimiz və birlikdə etdiyimiz işlər üçün inanılmaz dərəcədə önəmlidir”.
Domenikali Formula 1 haqqında bədii filmin davamının çəkilməsi ehtimalını da şərh etdi: “İş gedir. Doğru zaman və uyğun hekayəni seçmək lazımdır, amma davamı çəkməyi planlaşdırırıq. Hər hansı bir məlumat olduqda xəbər verəcəyəm”.





