Komandanın xatırlatdığı kimi, Həcər onun gənc sürücülər proqramının sayca 11-ci yetirməsidir və sələflərinin başladığı işi davam etdirir. Onların arasında ən uğurluları Sebastyan Fettel, Daniel Rikkardo və onun hazırkı komanda yoldaşı Maks Ferstappen olub.
Loran Mekis: “Biz Ayzeklə əməkdaşlığı davam etdirdiyimizə çox şadıq. O, ilin əvvəlində komandamıza qoşulub və həm trasda, həm də trasdan kənarda özünü əla tərəfdən göstərib. Üstəlik, nəzərə alsaq ki, bu onun Formula1-də cəmi ikinci mövsümüdür, müqaviləsinin uzadılması barədə qərar vermək asan oldu.
İlk gündən Ayzek bütün varlığı ilə komandanın işinə köklənib, bazamızda sözün əsl mənasında bütün vaxtını keçirib, mühəndislərlə işləyib, maşının təkmilləşdirilməsi ilə məşğul olub, öyrənmək və inkişaf etmək istəyini nümayiş etdirib.
Melburndakı ilk uik-enddən etibarən görünürdü ki, o, Red Bull Racing-ə keçidə maksimum ciddiyyət və tam diqqətlə yanaşıb və komandadakı yerə layiq olduğunu təsdiqləyib.
Aldığı zədədən sonrakı dövr Ayzek üçün ağır keçib, lakin müqavilənin uzadılması bizim ona inamımızın göstəricisidir və onu yenidən trasda mümkün qədər tez görmək istəyirik.
Bu mövsüm hələ də çox şeyə nail olmaq istəyirik və bilirik ki, sürücülər, mühəndislər və ümumiyyətlə bütün əməkdaşlar qüvvələrini birləşdirərək əzmlə çalışırlar, buna görə də komanda düzgün istiqamətdə irəliləyir”.
Ayzek Həcər: “Red Bull Racing-lə müqaviləmin uzadılması xəbəri məni həqiqətən ruhlandırır. Bu komandaya 8 ay əvvəl qoşulmuşam və dərhal bu təşkilatın miqyasını və qarşısında duran vəzifələrin səviyyəsini dərk etmişəm.
Milton Kinsdəki bazada çoxlu istedadlı insan çalışır və dördqat dünya çempionu ilə birlikdə bu möhtəşəm komandada çıxış etməyi özüm üçün imtiyaz sayıram”.





