Mercedes sürücülərinin qəza təəssüratları

Lyuis Həmilton və Niko Rosberq İspaniya yarışının ilk dövrəsində insident yaşayıblar və bununla da, almanlar 2011-ci ilin Avstraliya yarışından sonra ilk dəfə tam heyətlə yarışı bitirə bilməyiblər. Mercedes AMG komandası eyni zamanda 2012-ci ilin ABŞ Qran Prisindən sonra ilk dəfə yarışdan xalsız ayrılıb.

F-1.az xatırladır ki, stüardlar yarışdan sonra bu təması araşdıraraq qəzanın yarış insindeti olması qərarına gəliblər. Eyni zamanda Mercedes Motorsport-un rəhbəri Toto Volff da bildirib ki, heç bir sürücünün günahı yoxdur…

Stüardlarla danışıqlardan sonra hər iki sürücünün də qəza ilə bağlı düşüncələrini sizə təqdim edirik.

Lyuis Həmilton: “Boşluğa doğru hücum elədim. Hər şeydən əvvəl komandadan üzr istəyirəm. Qəzadan sonra dayananda, komandanın mənə verdiyi təlimatları düşündüm.

Onlar buna layiq deyil. Komandam üçün yarışıram və hamı üçün çox pis təcrübə oldu. Ancaq biz bir komandayıq və daha güclü formada geri qayıdacayıq.

Yaxşı start aldım, ancaq ilk döngədə geriyə düşdüm. Üçüncü döngənin çıxışında isə Rosberqdən sürətli idim.

Rosberq düzgün mühərrik rejimini seçməmişdi və yavaşladığı üçün ona sürətlə yaxınlaşdım. Sağ tərəfdən və ya sol tərəfdən ötmə edəcəkdim.

Ötmə edəndə həmişə daxili trayektoriyanı tutmalısnız və orada böyük boşluq olduğu üçün ora girdim. Ön qanadımın bir hissəsi və təkərim ağ xəttə qədər gəlmişdi.

Otun üstünə çıxdıqdan sonra əlimdən gələni etdim, amma hər şey bir saniyə ərzində baş verdi”.

Niko Rosberq: “Başa düşməli idi ki, orada boşluq yoxdur.

Yaxşı start almışdım və ilk döngədə birinci yerə yüksəldikdən sonra əmin idim ki, yarışı qazanacam.

Sonra üçün döngənin çıxışında mühərriymin gücü azaldı, çünki düzgün olmayan mühərrik rejiminə keçmişdim. Lyuis mənə birdən çatanda başa düşmüşdüm.

Qapını bağlamağa çalışdım. Daxili trayektoriyanı təmiz bir manevr ilə tutdum və Lyuis ondan sonra anlamalı idi ki, orada boşluq yoxdur. Oradan zorla hücum etdikdə təəccübləndim və daha sonra qəza oldu”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*