18 Avqust 2019, Bazar - 15:07

Məğlubedilməz sürücü var?

Məğlubedilməz sürücü var?

Müəllif: Elçin Zodorov, redaktor

19:28 - 09 May, 2016

Formula1 azarkeşlərinin ən çox müzakirə etdiyi məsələ, bir-birinə ən çox verdikləri sual şübhəsiz budur: “Formula1 tarixinin ən güclü pilotu kimdir?” Bu sual, təbii ki, mübahisələrə səbəb olur, hamı öz sevdiyi pilotun güclü olduğuna dair müxtəlif əsaslar gətirir və qarşı tərəf bununla razılaşmır. Nəticədə heç kim fikrini qarşısındakına tam şəkildə sübut edə bilmir.

Bu, doğrudan da cavabı olmayan sualdır. Çünki, Formula1 67-ci ildir ki, davam edir. Bu uzun müddətdə bir çox unudulmaz pilotlar olub. Müxtəlif dövrlərdə, müxtəlif şərtlərdə mübarizə aparan pilotları necə müqayisə edəsən? Titullarının sayına və uğurlarına görə onları müqayisə etmək nə dərəcədə düz olar? Axı, qeyd etdiyimiz kimi, hamısı eyni şərtlər altında mübarizə aparmayıb. Birinin komandası güclü olub, birinin zəif. Birinin rəqibləri də güclü olub, birinin isə, ümumiyyətlə, “dişli” rəqibi olmayıb. Birinin karyerası 10-15 yarışdan ibarət olarkən, başqa biri 15 il mübarizə aparıb.

Bəs eyni mövsümdə başqa komandalarda çıxış edən sürücüləri müqayisə edə bilərik? Təbii ki, yox. Səbəbi də məlumdur: Hər komandanın maşını eyni gücdə deyil. Geriyə yeganə variant qalır: Eyni mövsümdə eyni komandada mübarizə aparan sürücüləri müqayisə etmək.

Bütün Formula1 tarixindəki adlı-sanlı  pilotlara yer ayırsaq, bu, vaxt itkisi olar və yazı olduqca uzun alınar. Odur ki, F-1.az saytı olaraq, hazırda mübarizəni davam etdirən 5 çempionun və 2 təcrübəli sürücünün, yəni, Censon Batton, Fernando Alonso, Kimi Rəykkönen, Lyuis Həmilton, Sebastyan Fettel, Felipe Massa və Niko Rosberqin karyerasına nəzər salacaq, onların komanda yoldaşları ilə mübarizədə əldə etdikləri nəticələri nəzərinizə çatdıracağıq.

P.S. Pilotların yarış, qələbə və podium sayları növbəti yarış olan İspaniya Qran Prisinə qədər götürülüb.

Başladıq!

Censon Batton

Formula1 tarixində 3-cü, hazırda çıxış edən pilotlar arasında isə ən təcrübəli sürücüdür. Formula1-də 2000-ci ildə debüt edib və karyerasına fasilə verməyib. O, 17-ci mövsümünü keçirir. İndiyə qədər 288 yarışda start alıb. Bu yarışlardan 15-də qalib gəlib, 50 dəfə isə podiuma yüksəlib. Yalnız bir dəfə – 2009-cu ildə dünya çempionu olub.

Jenson Button

Batton bu ilə qədər böyük hissəsi Honda və McLaren komandasının tərkibində keçmiş 16 illik uzun karyerasında 11 müxtəlif sürücü ilə komanda yoldaşı olub. Onlardan biri də Əntoni Dəvidsondur. Hansı ki, 2005-ci ildə cəmi 1 yarışda – Malayziya Qran Prisində xəstələnmiş Takumo Satonu əvəz edərək Censonun komanda yoldaşı olub. Cədvəldə hər mövsüm üçün olan nəticələrlə tanış ola bilərsiz (Qeyd: mötərizədə önündə + ilə yazılan rəqəmlər həmin mövsüm komanda yoldaşını əvəzləmiş sürücünün qazandığı xalları göstərir):

MövsümKomandaKomanda yoldaşıXal hesabı
2000Williams BMWRalf Şumaxer12 – 24
2001MinardiCankarlo Fizikella2 – 8
2002RenaultYarno Trulli14 – 9
2003BAR HondaJak Vilnöv (bir yarışda T.Sato)17 – 6 (+3)
2004BAR HondaTakumo Sato85 – 34
2005BAR HondaTakumo Sato (bir yarışda Ə.Dəvidson)37 – 1
2006HondaRubens Barikello56 – 30
2007HondaRubens Barikello6 – 0
2008HondaRubens Barikello3 – 11
2009Brawn GPRubens Barikello95 – 77
2010McLaren MercedesLyuis Həmilton214 – 240
2011McLaren MercedesLyuis Həmilton270 – 227
2012McLaren MercedesLyuis Həmilton188 – 190
2013McLaren MercedesSerxio Perez73 – 49
2014McLaren MercedesKevin Maqnussen126 – 55
2015McLaren HondaFernando Alonso16 – 11

Gördüyümüz kimi, 11 mövsümdə komanda yoldaşına qalib gəlib, 5 dəfə isə məğlub olub. O, bu mövsümə qədər 1214 xal qazanarkən, rəqibləri onunla eyni komandada olarkən 975 xal qazanıblar. İki mövsüm və daha çox komanda yoldaşı olmuş pilotların hər birini məğlub etməyi bacarıb. Komanda yoldaşına məğlubiyyətlərinin ikisinin karyerasının ilk iki mövsümünə təsadüf etdiyinə də diqqət yetirmək lazımdır. Daha təcrübəli pilotlarla komada yoldaşı olub və məğlub olub. Bu amili və 2 dünya çempionunu eyni komandada məğlub etdiyini də nəzərə alsaq deyə bilərik ki, Censon Batton heç də arzuolunan komanda yoldaşı deyil…

Fernando Alonso

Fernando Formula1-də 2001-ci ildə debüt edib. 2002-ci ildə isə yarışmayıb. O, 256 yarışda start alıb və hazırda karyerasını davam etdirən sürücülər arasında hazırkı komanda yoldaşı Censon Battondan sonra ən təcrübəli 2-ci pilotdur. Formula 1 tarixində isə bu baxımdan keçmiş komanda yoldaşı Yarno Trulli ilə birlikdə 5-6-cı yerləri bölüşür. Bu yarışlardan 32-də qalib gələn ispan pilot 97 dəfə podiuma yüksəlib. İki dəfə – 2005-ci və 2006-cı illərdə dünya çempionu olub.

Fernando Alonso

Alonso Formula1-də keçirdiyi 14 mövsüm ərzində 11 pilotla komanda yoldaşı olub. Onlardan ikisi – Aleks Yonq və Jak Vilnöv cəmi 3 yarışda Fernandonun komanda yoldaşı olublar. Belə ki, Aleks 2001-ci ildə maliyyə çətinlikləri yaşayan Tarso Markesi, Vilnöv isə 2004-cü ildə Trullini əvəzləyib. 2009-cu ildə isə Alonso ilə Roman Qrojan 7 yarışda eyni qarajı paylaşıblar. Renault komandası mövsümboyu zəif çıxış edən Nelsinyo Pikenin əvəzinə onu gətirmişdi. Cədvəldə hər mövsüm üçün olan nəticələrlə tanış ola bilərsiz (Qeyd: mötərizədə önündə + ilə yazılan rəqəmlər həmin mövsüm komanda yoldaşını əvəzləmiş sürücünün qazandığı xalları göstərir):

MövsümKomandaKomanda yoldaşıXal hesabı
2001MinardiTarso Markes (üç yarışda A.Yonq)0 – 0
2003RenaultYarno Trulli55 – 33
2004RenaultYarno Trulli (üç yarışda J.Vilnöv)59 – 46
2005RenaultCankarlo Fizikella133 – 58
2006RenaultCankarlo Fizikella134 – 72
2007McLaren MercedesLyuis Həmilton109 – 109
2008RenaultNelsinyo Pike61 – 19
2009RenaultNelsinyo Pike (yeddi yarışda R.Qrojan)26 – 0
2010FerrariFelipe Massa252 – 144
2011FerrariFelipe Massa257 – 118
2012FerrariFelipe Massa278 – 122
2013FerrariFelipe Massa242 – 112
2014FerrariKimi Rəykkönen161 – 55
2015McLaren HondaCenson Batton11 – 16

 

Nəticələrdən də görürük ki, Alonso 14 mövsümün 11-də komanda yoldaşını üstələyib, sadəcə 1 mövsümdə – keçən il McLaren Honda-da Censon Battona məğlub olub. İki mövsümdə isə komanda yoldaşı ilə xal hesabında bərabər olub. Bunlardan biri heç bir xal qazanmadığı debüt mövsümüdür. Digəri isə xeyli qalmaqala və böyük mübarizəyə səhnə olmuş 2007-ci il mövsümüdür. Həmin il həm Alonso, həm də debütant Lyuis Həmilton eyni sayda – 109 xal toplamışdılar. Hər iki sürücü mövsüm ərzində 4 dəfə qalib gəlmiş, 12 dəfə podiuma yüksəlmişdi. Amma Həmilton 5 dəfə, Alonso isə 4 dəfə ikinci olduğundan, mövsümü Həmiltonun arxasında 3-cü yerdə başa vurmuşdu. Alonso bu mövsümə qədər 1778 xal toplayarkən, rəqibləri onunla eyni komandada təxminən 2 dəfə az – 904 xal toplaya biliblər.

Nəticələrdən də göründüyü kimi, Fernando Alonso çətin komanda yoldaşıdır. Həm güclü pilot olduğuna görə, həm də xarakterinə görə. Dəfələrlə komanda yoldaşları komanda rəhbərliyinin Alonsoya daha çox diqqət göstərdiyindən şikayət edib…

 

Kimi Rəykkönen

Hazırda peletonda ən yaşlı sürücüdür. 2001-ci ildə Formula1-də ilk yarışına çıxan Kimi tarixdə ən çox start almış 8-ci sürücüdür və bu göstəriciyə görə indiki sürücülərdən yalnız Censon Batton və Fernando Alonsodan geri qalır. Formula1-də 235 dəfə start alan “iceman” 20 yarışda finişi hamıdan tez keçib, 82 dəfə isə podiuma yüksəlib. O, 2009-cu ilin sonunda Formula1-dən ayrılsa da, bu ayrılıq 2 mövsüm davam edib və 2012-ci ildə yenidən qayıdıb. Amma həmin 2 ildə də o, avtoidmandan uzaq düşməyib, Rally və Nascar-da yarışıb. Kiminin bir dünya çempionluğu titulu var və bunu 2007-ci ildə əldə edib.

Kimi Raikkonen

Formula1-də keçirdiyi 13 mövsüm ərzində 12 sürücü ilə komanda yoldaşı olub. 2005-ci ildə çiynindən zədələnən Montoyanı bir yarışda Pedro de la Rosa, bir yarışda da Aleksandr Vürs əvəz edib. Növbəti mövsüm Montoyanın komandadan ayrılmasından sonra yenə də onun yerini Pedro alıb. 2009-cu ildə Macarıstan Qran Prisində başından zədələnən Felipe Massanı 2 yarışda Luka Badoyer, 5 yarışda isə Cankarlo Fizikella əvəz edib. 2012-ci ildə İtaliya Qran Prisinə buraxılmayan Roman Qrojanı əvəz edən Jerom D’Ambrozio da 1 yarışlıq finlandiyalının komanda yoldaşı olub. Aşağıdakı cədvəldə daha yaxından tanış olaq  (Qeyd: mötərizədə önündə + ilə yazılan rəqəmlər həmin mövsüm komanda yoldaşını əvəzləmiş sürücünün qazandığı xalları göstərir):

MövsümKomandaKomanda yoldaşıXal hesabı
2001SauberNik Haydfeld9 – 12
2002McLaren MercedesDevid Kulthard24 – 41
2003McLaren MercedesDevid Kulthard91 – 51
2004McLaren MercedesDevid Kulthard45 – 24
2005McLaren MercedesXuan Pablo Montoya (bir yarışda P.de la Rosa, bir yarışda A.Vürs)112 – 60
2006McLaren MercedesXuan Pablo Montoya (səkkiz yarışda P.de la Rosa)65 – 26 (+19)
2007FerrariFelipe Massa110 – 94
2008FerrariFelipe Massa75 – 97
2009FerrariFelipe Massa (iki yarışda Luka Badoyer, beş yarışda Cankarlo Fizikella)48 – 22 (+8)
2012LotusRoman Qrojan (bir yarışda J.D’Ambrozio)207 – 96
2013LotusRoman Qrojan183 – 132
2014FerrariFernando Alonso55 – 161
2015FerrariSebastyan Fettel150 – 278

 

Kimi bu mövsümə qədər 1174 xal, onunla eyni komandada ikən rəqibləri 1121 xal toplayıblar. Keçirdiyi 13 mövsümün 8-də komanda yoldaşlarını üstələyib. Beş dəfə isə məğlub olub. Bunlardan 2-si Formula1-dəki ilk 2 ilinə, yəni, təcrübəsiz vaxtlarına təsadüf edir. 2008-ci ildə çempionluq uğrunda mübarizə aparan və son anda əldən verən Felipe Massaya məğlub olub. İkisi isə son 2 mövsümdə olub. Kiminin dövrü bitir?…

 

Lyuis Həmilton

Lyuis Formula1-də 2007-ci ildə debüt edib və 171 yarışda iştirak edib. Bu yarışların 43-də qalib gəlib və bu göstəriciyə görə yalnız 91 qələbəsi olan Mixael Şumaxerdən və 51 qələbəsi olan Alen Prostdan geri qalır. O, 90 dəfə podiuma yüksəlib və bu göstəricisinə görə də 4-cü yerdədir. Hazırda karyerasını davam etdirən sürücülərdən yalnız Alonso onu qabaqlayır. Lyuis üçqat dünya çempionudur. O, 2008, 2014 və 2015-ci illərdə titulun sahibi olub.

Lewis Hamilton

 

Formula1-də 10-cu mövsümünü keçirən britaniyalı bundan əvvəlki 9 mövsümdə cəmi 2 komandanın tərkibində çıxış edib və 4 fərqli sürücü ilə komanda yoldaşı olub. Debüt ilində Alonso ilə eyni komandada olması qalmaqallarla yadda qalmışdı. Britaniyalı pilotun doğma McLaren komandasındakı sonuncu mövsümü də heç də sakit keçməmişdi. Aşağıdakı cədvəldə onun və komanda yoldaşlarının ilbəil çıxışına nəzər salaq:

MövsümKomandaKomanda yoldaşıXal hesabı
2007McLaren MercedesFernando Alonso109 – 109
2008McLaren MercedesHeykki Kovalaynen98 – 53
2009McLaren MercedesHeykki Kovalaynen49 – 22
2010McLaren MercedesCenson Batton240 – 214
2011McLaren MercedesCenson Batton227 – 270
2012McLaren MercedesCenson Batton190 – 188
2013Mercedes AMGNiko Rosberq189 – 171
2014Mercedes AMGNiko Rosberq384 – 317
2015Mercedes AMGNiko Rosberq381 – 322

 

Göründüyü kimi, 9 mövsümün 7-də komanda yoldaşına qalib gəlib, bir dəfə isə məğlub olub ki, bu da 2011-ci ilə təsadüf edir. Batton onu üstələyib. Debüt ilində isə Alonso ilə eyni sayda xal toplasalar da və hər ikisi 4 dəfə qələbə qazanıb 12 dəfə podiuma yüksəlsə də, komanda yoldaşından bir dəfə çox 2-ci olan Lyuis onu üstələmişdi. Bu mövsümə qədər o, 1867 xal toplayıb. Amma onunla eyni komandada iştirak edən sürücülər də ondan çox da geri qalmayıblar: 1666 xal. Bu da Lyuisin karyerasının əvvəlindən indiyə qədər həmişə güclü komandalarda çıxış etməsindən irəli gəlir…

 

Sebastyan Fettel

Formula1 tarixinin ən gənc qələbə qazanan və çempion olan sürücüsü Sebastyan Fettel 2007-ci ildə ABŞ Qran Prisində ilk yarışına çıxıb. O, 161 yarışda start alıb və 42 dəfə qalib gəlib. O, qələbə sayına görə 4-cü yerdədir. Çıxdığı yarışların yarısında – 81 dəfə podiuma yüksəlib. Hazırda Formula1 tarixinin ən çox xal qazanmış sürücüsü (2016-cı il İspaniya Qran Prisinə qədər) olan Sebastyan həm də tarixin ən titullu sürücülərindəndir. O, Alen Prost kimi dördqat dünya çempionudur və çempionluq sayında yalnız Mixael Şumaxer və Xuan Manuel Fanxiodan geri qalır. Titullarını 2010-2013-cü illərdə, yəni, ardıcıl qazanıb.

Sebastian Vettel

Fettel 2007-ci ildə Sauber-də  bir yarışda Nik Heydfeldlə eyni komandada olduğunu nəzərə alsaq, geridə qalan 9 mövsümdə 6 müxtəlif pilotla komanda yoldaşı olub. Elə həmin mövsümün son 7 yarışında Toro Rosso sükanı arxasında əyləşən Fettel komanda yoldaşından az yarış keçirməsinə baxmayaraq, onu üstələyib. Karyerasının yarıdan çoxunu Mark Uebberlə eyni komandada keçirib. Eyni komandada ikən ulduzu heç vaxt barışmayan bu ikilinin arasındakı gərginlik 2010-cu ildə Türkiyə, 2013-cü ildə isə Malayziya Qrn Prilərində pik həddə çatıb. Gəlin, Fettelin və komanda yoldaşlarının bütün mövsümlər üzrə olan nəticələrinə nəzər salaq:

MövsümKomandaKomanda yoldaşıXal hesabı
2007Toro RossoVitantonio Lyiutsi5 – 3
2008Toro RossoSebastyen Burde35 – 4
2009Red BullMark Uebber84 – 69,5
2010Red BullMark Uebber256 – 242
2011Red BullMark Uebber392 – 258
2012Red BullMark Uebber281 – 179
2013Red BullMark Uebber397 – 242
2014Red BullDaniel Rikkardo167 – 238
2015FerrariKimi Rəykkönen278 – 150

 

Geridə qalan 9 mövsümdə Fettel sadəcə bir dəfə – 2014-cü ildə komanda yoldaşına uduzub. Ardıcıl gələn titullardan sonra çempionluq iddiası qalmayan Red Bull-da Daniel Rikkardo ondan üstün olmuşdu. Fettel bu mövsümə qədər 1896 xal toplayıb, rəqibləri isə onunla eyni komandada 1385,5 xal toplayıb.

Uzun Red Bull karyerasından sonra Ferrari-dəki ilk ili Mercedes AMG-nin hegemonluğu nəzərə alındıqda uğursuz olmadı. Görək o, əfsanəvi həmyerlisi kimi Ferrari-də sonradan ardıcıl çempionluqlar əldə edərək Formula1 tarixinin ən titullu pilotuna çevrilə bilirmi…

 

Felipe Massa

Formula1 tarixinin ən çox start almış 9-cu pilotudur. Hazırda peletonun ən qocaman pilotlarından biridir. 2002-ci ildə ilk dəfə Formula1 bolidinin sükanı arxasında yarışa çıxıb. O, 233 yarışda 11 qələbə qazanıb, 41 dəfə isə podiuma yüksəlib. Mixael Şumaxer, Fernando Alonso və Kimi Rəykkönen kimi dünya çempionları ilə eyni komandada çıxış edən Massa 2008-ci ildə titula çox yaxın olsa da, onu əldə edə bilmədi. Braziliyada finişi çempion kimi keçsə də, arxadan gələn Həmiltonun son döngələrdə Timo Qloku keçməsi çempionluq titulunu Massanın əlindən almışdı.

Felipe Massa

2003-cü ildə yarışmayan Massa Formula1-də 13 mövsüm keçirib. Bu müddət ərzində 3  komandada çıxış edib və 7 fərqli sürücü ilə komanda yoldaşı olub. Komanda yoldaşları baxımından bəxti çox da gətirməyib. Çünki, yuxarıda da qeyd etdiyimiz kimi, karyerasının böyük hissəsi çempion pilotların komanda yoldaşı olmaqla keçib və ona çox vaxt əsas sürücü kimi baxmayıblar. Massanın komanda yoldaşları ilə rəqabətinə nəzər salaq:

MövsümKomandaKomanda yoldaşıXal hesabı
2002SauberNik Haydfeld4 – 7
2004SauberCankarlo Fizikella12 – 22
2005SauberJak Vilnöv11 – 9
2006FerrariMixael Şumaxer80 – 121
2007FerrariKimi Rəykkönen94 – 110
2008FerrariKimi Rəykkönen97 – 75
2009FerrariKimi Rəykkönen22 – 48
2010FerrariFernando Alonso144 – 252
2011FerrariFernando Alonso118 – 257
2012FerrariFernando Alonso122 – 278
2013FerrariFernando Alonso112 – 242
2014WilliamsValtteri Bottas134 – 186
2015WilliamsValtteri Bottas121 – 136

 

Felipe keçirdiyi 13 mövsümün 11-də komanda yoldaşına məğlub olub, 2 dəfə isə üstələyib. 2009-cu ildə Macarıstan Qran Prisində başından zədə alan braziliyalı mövsümü yarımçıq saxlamalı olmuşdu. Ondan sonra uzun müddət əvvəlki formasını bərpa edə bilmədi desək, yerinə düşər. Ferrari-də komanda yoldaşı Alonso qələbələr qazanaraq çempionluq uğrunda mübarizə apararkən, Massa hətta podiuma yüksələ bilmirdi. Hazırda Williams-da 3-cü mövsümünü keçirir. Əvvəlki 2 mövsümdə olduğu kimi, yenə də Valtteri Bottasa məğlub olarsa, bu, Formula1 karyerasının sonu ola bilər. Massa bu mövsümə qədər 1071, komanda yoldaşları isə 1743 xal toplayıblar…

 

Niko Rosberq

2006-cı ildə Formula1-də debüt edən alman sürücü bu günə qədər 189 yarışa çıxıb. Bu yarışlardan 18-də qalib gəlib və çempion olmadan ən çox qələbə qazanmış sürücü adını daşıyır. O, 45 dəfə podiuma yüksəlib. Atası kimi dünya çempionu olmaq üçün çalışsa da, 2 ildir ki, komanda yoldaşı Həmilton buna imkan vermir. Bu mövsümə əla başlayıb. Ardıcıl 7 yarışdır ki, qalib gəlir və tarixdə bu uğuru qazanan 4 sürücüdən biridir.

Nico Rosberg

Niko Formula1-də indiyə qədər keçirdiyi 10 mövsümdə cəmi 2 komandanın tərkibində çıxış edib və 5 sürücü ilə komanda yoldaşı olub. Ən adlı sanlı rəqibi isə, şübhəsiz ki, 2010-cu ildə idmana yenidən qayıdan Mixael Şumaxer olub. Mixaellə 3 il komanda yoldaşı olan Niko hər 3 mövsümdə də onu xal hesabında üstələyib. Cədvələ nəzər salaq:

MövsümKomandaKomanda yoldaşıXal hesabı
2006WilliamsMark Uebber4 – 7
2007WilliamsAleksandr Vürs (bir yarışda Kazuki Nakacima)20 – 13
2008WilliamsKazuki Nakacima17 – 9
2009WilliamsKazuki Nakacima34,5 – 0
2010Mercedes GPMixael Şumaxer142 – 72
2011Mercedes GPMixael Şumaxer89 – 76
2012Mercedes AMGMixael Şumaxer93 – 49
2013Mercedes AMGLyuis Həmilton171 – 189
2014Mercedes AMGLyuis Həmilton317 – 384
2015Mercedes AMGLyuis Həmilton322 – 381

 

Niko Rosberq keçirdiyi 10 mövsümün 6-da rəqibini üstələyib, 4-də isə məğlub olub. Bu məğlubiyyətlərin 3-ü son 3 ilə təsadüf edir. Niko hələ də mövsümün yekununda Lyuisi üstələyə bilməyib. Bu il isə onun üçün son şans ola bilər. Əgər bu mövsümün sonunda da titulu Həmiltona versə, 7-ci ildə Mercedes AMG-dəki gələcəyi sual altına düşəcək. Niko bu mövsümə  qədər 1209,5 xal, rəqibləri isə 1180 xal toplayıblar.

 

Beləliklə, hazırda karyerasını davam etdirən sürücülərdən 7 ən təcrübəlisinin komanda yoldaşları ilə mübarizəsinə nəzər saldıq. Çıxan nəticə isə budur: Məğlubedilməz sürücü yoxdur. Bəzən sürücünün həvəsdən düşməsi, bəzən formadan düşməsi, bəzən təcrübəsiz, bəzən də artıq karyerasının sonunda olması komanda yoldaşının lehinə işləyə bilir. Təbii ki, komandadaxili siyasətləri də unutmamaq lazımdır. Hər komanda heç də hər zaman hər 2 sürücüsünə eyni imkanları vermir…


Son Xəbərlər

İnformasiya

Bölüm Manşet
Mənbə
Baxış Sayı 1. 107
Teqlər , , , , , ,
Paylaş

logo