İtaliya Qran Prisi: Montsa yoxsa İmola?

İmola avtodromunun rəhbərliyi çempionatın başçısı Berni Ekklstounla 2017-ci ildən etibarən İtaliya Qran Prisinə ev sahibliyi etməsi üzrə alnaşma imzalayıb, amma bu planın reallaşması üçün İtaliya Avtomobil Klubunun dəstəyi lazımdır.

F-1.az xəbər verir ki, ACİ avtomobil klubunun rəhbəri Ancelo Stikki Damyani maddi problemlərinə baxmayaraq, Montsa trasını dəstəkləyir. İmola rəhbərliyi müqavilənin özlərinə aid olan hissəsini imzalasa da, bu dəyişiklik ACİ tərəfindən rəsmən təsdiq olunmadan Berni Ekklstoun imzalamır. Trası təmsil edən rəsmilər danışıqlarda nəticə əldə etmək üçün Britaniya Qran Prisi ərəfəsində Ekklstoun ilə görüşüblər. Hazırda ən real görünən variant Almaniya Qran Prisində olduğu kimi yarışın iki trasda növbəli keçirilməsidir. Lakin İmola rəsmiləri yarışı tək keçirmək variantına da pozitiv yanaşırlar.

MotorSport.Com resursuna müsahibə verən İmola trasının rəhbəri Uberto Selvatiko Estense deyib: “Berni bizim hazır olduğumuzu bilir. Bizə bir müqavilə göndərdi və imzalayıb geri göndərdik. Formula1-i yenidən İmolada görmək xoş olar. Biz bunun üçün çalışırıq. Məsələnin bizə aid olan hissəsini həll etmişik. Hər şey Damyanidən asılıdır. Bu, bir növ siyasi məsələdir. Berni ilə razılığımız var və ehtiyacımız olan yeganə şey rəsmi idman qurumunun razılığıdır. Əgər razılıq verilməsə və İtaliya Qran Prisi baş tutmasa, bunun yeganə səbəbkarı bizim müqaviləmizi təsdiq etməyən cənab Damyani olacaq”.

Estense yerli hakimiyyətin də bu məsələdə onlara dəstək verdiyini bildirib: “Emiliya-Romanya bölgəsinin rəhbəri Stefano Bonaççini də bizi dəstəkləyir. O, faydalı insandır və hər məsələdə kömək etməyə hazırdır”.

Estense hazırlıqlara başlamaq üçün qısa zamanda cavab almaq istəyir: “Əslində çox vaxtımız yoxdur. Damyanidən hələ cavab almamağımıza baxmayaraq, bəzi işləri görməyə başlamışıq. Ən yaxşı halda dekabr ayına qədər belə davam edə bilərik. Amma qərar tez verilsə, yaxşı olardı. Yarışa bir il qalan bir vaxtda həm hazırlıqlara, həm də təbliğat kompaniyalarına başlaya bilərdik”.

O, rəhbəri olduğu qurumun maliyyə vəziyyətinin yaxşı olduğunu vurğulayır. Formula1-ə sonuncu dəfə 2006-cı ildə ev sahibliyi edən trasda mütəmadi olaraq yenidənqurma işlərinin aparıldığını qeyd edir: “Bir neçə il əvvəl şirkətin strukturunda dəyişikliklər etmişik. İndi hər bir şey qaydasındadır. Xüsusilə də, maddi problemimiz yoxdur. Son üç balans hesabatlarının nəticələri də bizi sevindirib. Buna görə də, yarışı təşkil etmək üçün əla vəziyyətdə olduğumuzu bilirəm.

Burada tamaşaçı baxımından da uğur əldə edəcəyimizə inanıram. Tribunalarda bəzi dəyişikliklər edirik, media mərkəzini yenidən düzəldirik. Yəni, Herman Tilkenin 2006-cı ildə başladığı layihəni tamamlamaq üzrəyik. Hazırda tibbi mərkəzin yerini dəyişdiririk. Görməli olduğumuz çox iş var”.

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*