Ferstappen Formula1 tarixinin ən uğurlu sürücüsünə çevriləcək

Maks Ferstappen, hər zamankı kimi, müddəti yalnız 2030-cu ildə başa çatacaq Red Bull ilə yeni uzunmüddətli müqaviləsinin maliyyə şərtləri ilə bağlı məlumatı mətbuatla bölüşmək niyyətində deyil.

Bu isə təbii ki, müxtəlif söz-söhbətlərin və şayiələrin artmasına səbəb olur. O cümlədən Pyer Qasli bildirmişdi ki, dördqat dünya çempionu Raymon Fermölenin meneceri “əla iş görüb, buna görə də Maksın maaşında böyük bir artım alacaq”.

Formula1-in biznes tərəfinə həsr olunan illik Business Book GP nəşrinin müəllifi, fransız jurnalist Mark Limaxer sosial şəbəkə hesablarında – əlbəttə, mənbələrinə istinad etmədən – sözbəsöz belə yazıb:

“Eşitdiyimə görə, Maks Ferstappen 2027-ci ildən etibarən Red Bull Racing-də ildə 92 milyon avro qazanacaq və bu məbləğ bonuslarla birlikdə mövsüm ərzində 115 milyon avroya çatacaq. Ümumilikdə müqavilə təxminən 460 milyon avro ödənişi nəzərdə tutur”.

Limaxerin bu məlumatını heç kim təkzib etməyə belə cəhd etmir və onun açıqladığı rəqəmlər, əlbəttə, təsirlidir. Əgər bunlar həqiqətə uyğundursa, Ferstappen Formula1-in ən çox qazanan sürücüsünə çevriləcək, çünki qonorar səviyyəsinə görə Lyuis Həmiltondan xeyli irəli çıxacaq. Ekspert qiymətləndirmələrinə əsasən, sonuncu Ferrari-də bir mövsümə 60 milyon avroya qədər qazanır.

Bununla belə, futbol meyarları ilə müqayisədə bu qonorarlar elə də fantastik görünmür, baxmayaraq ki, adi insanın təsəvvürünü, əlbəttə, heyrətləndirir. Xatırlatmaq yerinə düşər ki, qlobal miqyasda bütün mümkün reytinqlərin zirvəsində Kriştianu Ronaldu dayanır. İlin əvvəlində mətbuat onun barədə belə yazırdı: Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubu ilə yeni müqaviləsinin dəyəri iki il üçün 676 milyon dollar qiymətləndirilir – bu isə ortaillik maaşa görə (338 milyon dollar) idman tarixində ən böyük müqavilədir.