Ferrari-nin təkamülü (1950-2016-cı illər): 17-ci yazı – Ferrari 312/67 F1

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 51 gün qalır – 51 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 17-ci yazımızın qəhrəmanı keçən dəfə tanış olduğumuz 312 F1 modelinin 1967-ci il üçün modernizə olunmuş versiyasıdır…

1967-ci ildə Ferrari çempionatın starına ciddi yenilənmiş 312 F1 modelini çıxarmışdı. Sələfindən əsas fərq kuzovun şüşəplastikdən hazırlanması idi – nəticədə, maşının çəkisini 70 kq yüngülləşdirmək mümkün olmuşdu. Bundan başqa maşının arxasında mühəndislər motordan çıxan işlənmiş qazları buraxan borularının yerləşməsini dəyişmişdilər, nəticədə motorun gücü 390 at qüvvəsinə çatmışdı. İtaliya Qran Prisində motora 48 klapanlı yeni silindr başlığı qoyuldu və gücü 410 at qüvvəsi oldu.

Bütün bu müsbət dəyişikliklərə baxmayaraq, mövsüm Skuderiya üçün çox ağır alınmışdı. Komanda Cənubi Afrikadakı ilk yarışı buraxmalı olmuşdu. Yeni maşının debütü Monako Qran Prisinə təsadüf etdi – yarışın 82-ci dövrəsində komandanın lideri Lorentso Bandini ağır qəzaya uğramışdı: bədənin 70%-i yanan italiyalı sürücü 3 gün sonra hospitalda dünyasını dəyişmişdi.

Gənc Kris Eymon komandanın liderinə çevrildi – Bandininin yerinə isə Ferrari maraqlı müsabiqə elan edir. Çempionatın təqvimində olmayan Sirakuza Qran Prisinə komandanın iki keçmiş sürücüsü dəvət olunmuşdu – Lyudoviko Skarfiotti və Mayk Parks. Sürücülər müxtəlif maşınları idarə etsələr də, finiş xəttini eyni anda keçmişdilər – hətta fotofiniş qalibi müəyyən edə bilmədiyi üçün hər iki sürücü yarışın qalibi elan olunmuşdu. Ona görə də Ferrari hər iki sürücü ilə müqavilə bağlayaraq çempionatda 3 maşınla iştirak etməyə başladı.

Amma Skuderiyanın heyətində artıq ikinci yarışında – Spada Parks ayağından ciddi zədələnir və avtoidman karyerasını başa vurmalı olur. Komanda yoldaşının bu qəzasından sonra Skarfiotti də Formula1-dən imtina edir. Bundan sonra Ferrari ikinci sürücü axtarmır və Eymon mövsümün sonuna qədər komandanın şərəfini təkbaşına qoruyur.

FERRARİ 312/67 F1

Ferrari 312/67 F1

1967-ci ildə Ferrari 312 F1 modeli aerodinamika və mühərrik baxımından ciddi dəyişikliklərə məruz qalmışdı. Burunda, sürücünün qarşısında radiatordan isti havanı çəkən qəlsəmələr yox olmuşdu – onları iki üçbucaq şəkilli böyük dəliklər əvəz etmişdi. Mühəndislər maşının çəkisini 600 kq-dan 530 kq-a sala bilmişdilər. Motorçular isə qazburaxma sistemini optimallaşdırmaqla motorun gücünü 360 at qüvvəsindən 390-a qaldırmışdılar.

Bütün bu müsbət dəyişikliklərə baxmayaraq komanda mövsümü qələbəsiz başa vurmuşdu. Con Sörtiz komandanı tərk etdikdən sonra komandanın liderinə çevrilmiş Lorentso Bandini Monakoda keçirdiyi qəzada dünyasını dəyişmişdi. Formula1 tarixinin ən bəxtsiz sürücüsü sayılan Eymon isə mövsümdə ən çox liderlik dövrəsi vurmasına baxmayaraq, maşının etibarlılıq problemləri üzündən hər dəfə qələbəni əldən verimişdi.

Çempionatda isə Brabham komandasının sürücüləri Denni Halm və Cek Brəbhəm, eləcə də Lotus-un sürücüsü Cim Klark titul uğrunda gərgin mübarizə aparmışdılar. Denni komandasının sahibini məğlub edərək titula sahib çıxmışdı, Klark isə mövsümdə ən çox qələbə qazanmışdı.

FERRARİ 312/67 F1-İN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari 312/67 F1

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
1967-ci il 10 16 0 0 4 3
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*