Fernando Alonso: Gələcəyə nikbin baxıram

Fernando Alonso və Pedro de la Rosa, iki həmyerli və köhnə dost, indi isə Aston Martin üzrə həmkar kimi, komandanın YouTube kanalında müxtəlif mövzularda söhbət ediblər və təxminən 20 dəqiqəlik bu müsahibənin ən актуal məqamlarını sizə çatdırırıq...

Karyerasında ən çox qürur duyduğu an

“Kartinqdən biryerlik maşınlarla yarışlara, Formula Nissan-a və ya Formula3-ə keçəndə, pilotaj hissləri əvvəllər yaşadıqlarımın hamısından çox fərqli olub. Bu, çox maraqlı olub və yəqin ki, müəyyən mənada sonrakı bütün həyatımı formalaşdırıb.

Təbii ki, avtoidmanda ən gözəl anlar qələbələrlə, təkcə sükan arxasında deyil, aldığın təəssüratlarla bağlı olub: dəbilqəni çıxarıb sevincini mexaniklərinlə bölüşəndə, hansısa vacib nəticəyə çatanda, məsələn, bu ilk qələbə və ya ilk podium ola bilər.

Şəxsi həyatında gözəl anlar da ola bilər, çətin anlar da. Amma ən yaddaqalanlar komandanla bölüşdüyün anlardır… Elə də olmalıdır, çünki Formula1 fərdi idman növü kimi görünsə də, sükan arxasında bir sürücü otursa da, əslində komandada minlərlə insan çalışır…”

İnad və əzmkarlıq haqqında

“Avtoidman çox çətin sahədir. Məsələn, kartinqdə rəqabət səviyyəsi çox yüksəkdir, orada düşünməyə vaxt olmur və çoxlu problemin olsa belə, irəliləməyə davam etməlisən və hər dəfə daha yaxşı çıxış etməlisən.

Kartinqdə mən belə başlamışdım ki, bizim bir maşınımız, bir mühərrikimiz və bir təkər dəstimiz olub. Bununla belə, həm İspaniyada, həm də İtaliyada Avropa səviyyəli yarışlarda çıxış etməli olmuşduq. Bizə nəyin çatmadığını düşünməyə vaxt olmayıb – sadəcə qələbələr uğrunda mübarizə aparmaq lazım idi, vəssalam”.

Təzyiq haqqında

“Məni çox şey məyus edə bilər, amma bu emosiyaları qərara çevirməyə çalışıram. Uik-end ərzində çoxlu qərar qəbul etməli olursan, məsələn, start alacağın təkərləri seçməlisən. Məsələn, başa düşməlisən ki, yumşaq təkərlərlə start alsan, ilk bir neçə döngədə üstünlüyün olacaq, amma sonra əlverişsiz vəziyyətə düşəcəksən, çünki bu təkərlər daha tez aşınacaq.

Belə hallarda mən ilk iki döngəyə fokuslanmağa çalışıram, təkər deqradasiyası isə sonra başlayacaq, onsuz da bunun qarşısını almaq mümkün deyil”.

Aston Martin-in gələcəyi haqqında

Düşünürəm ki, hamımız gələcəyə nikbin baxırıq. Bu mövsüm rəqabətədavamlılığımız gözləntilərimizə cavab vermir. Bu, doğrudan da belədir və ilk vaxtlar, yəqin ki, düzgün istiqamətin seçilmədiyi aydın olanda bu, bir növ şok effekti yaradıb.

Amma komandamızda çox istedadlı insanlar çalışır, o, ən yaxşı infrastruktura malikdir və gələcəkdə liderliyə yüksəlməyi qarşısına məqsəd qoyub. Vəziyyət aydınlaşandan sonra hamı birləşib və inkişaf əldə etməyə çalışaraq səylərini bir araya gətirib.

Biz mövsümün ikinci yarısını gözləməyə razılaşmışıq ki, maşını qaydasına salaq. Mövsümün başlanğıcı çətin olub, amma bu, bizim insanların kifayət qədər çalışmaması ilə bağlı olmayıb. Sadəcə vaxtımız çatmayıb, ona görə də təsdiqləyirəm: gələcəyə nikbin baxıram”.

,