Fernando Alonso: Bu nəticə komandaya lazım idi

Niderland Qran Prisi ərzində Fernando Alonso nadir hallarda kadra düşüb - yəqin ki, bu, translyasiyanın rejissorunun səhvi olub. Çünki ispaniyalı sürücü Aston Martin 18-ci yerdən start almasına baxmayaraq, finişə doqquzuncu çatıb və mövsümdəki ən yaxşı nəticəsini göstərib.

Fernando restartdan sonra soft təkərlərlə kifayət qədər uzun hissə qət etdiyi üçün bu qədər nəzərəçarpacaq irəliləyiş əldə edə bildi. O, yalnız 34-cü dövrədə hard təkərlərə keçdi və finişə qədər artıq pit-stop etmədən çatdı.

Görünür, yenilənmiş AMR26 şassisində təkər aşınması rəqiblərlə müqayisədə o qədər də yüksək olmayıb ki, bu da daha sürətli maşınlarla mübarizə aparmağa imkan verib.

“Planımız fərqli idi, çünki daha ənənəvi iki pit-stoplu taktika tətbiq etməyə hazırlaşırdıq, – deyə ikiqat dünya çempionu İspaniya mətbuatına açıqlamasında bildirib. – Amma bu plandan imtina etməli olduq, çünki trafikdə ilişib qalsaydıq, maşının potensialını reallaşdıra bilməyəcəkdik.

AMR26 döngəlarda sürətlidir, amma düzlükdə sürətimiz çatmır və daha ləng maşınların arxasında qalırıq. Ancaq qarşımızda tras boşdursa, bundan maksimum yararlanmağa çalışmalıyıq, hətta bu, ən optimal yanaşma olmasa belə.

Monakoda doqquz maşının mübarizəni dayandırması hesabına bir xal qazandıq, indi isə yalnız Maks Ferstappen mübarizədən kənarda qalsa da, iki xal topladıq. Düşünürəm ki, bu, Budapeştdə bizim üçün o qədər də uğurlu keçməyən və daha yaxşı nəticələnə biləcək həftəsonundan sonra haqq etdiyimiz nəticədir.

Amma çox şey konkret trasın xüsusiyyətlərindən və düzlükərin uzunluğundan asılıdır. Düşünmürəm ki, Monzada rəqabətədavamlı olaq, amma digər traslarda xallar uğrunda mübarizə apara bilərik”.

Çempionatın Niderland mərhələsində Aston Martin komandası gücü artırılmış yenilənmiş Honda mühərrikləri alıb, amma idarəetmə xüsusiyyətləri ilə bağlı suallar hələ də qalır.

“Maşını sürmək daha çətinləşib, – deyə Alonso etiraf edib. – Amma vəziyyət o qədər də sadə deyil və məsələ mühərrikin güclənib-güclənməməsində deyil. İdarəetmə elə bir məqamdır ki, trasdan trasa dəyişir və bu sahədə problemlərimiz var. Onlar daha aşağı ötürmələrə keçid zamanı, eləcə də döngəlardan keçərkən mühərriklə əyləcləmə zamanı özünü göstərir.

Bununla belə, yenə də irəliyə doğru daha bir addım atılıb. Macarıstanda təqdim olunan yeniləmələr paketi bizim düzgün istiqamətdə irəliləyib-irəliləmədiyimizi anlamağa kömək etdi və o vaxt toplanan məlumat sayəsində maşının işini optimallaşdıra bildik.

İndi onun potensialını tam şəkildə üzə çıxara bilirik, o, döngələr öhdəsindən yaxşı gəlir və bu artıq ciddi narahatlıq doğurmur. Komandaya lazım olan nəticəni əldə etdik. İndi sadəcə texnikanı optimallaşdırmaq üzərində işi davam etdirmək lazımdır. Nəticə hamını motivasiya edir, buna görə də həm komanda, həm də Honda motoristləri daha da əzmlə işləməyə kökləniblər, çünki hamı daha artığını istəyir”.