Müzakirələrin əsas mövzuları 2026 və 2027-ci illərin reqlament dəyişiklikləri olub. Cari mövsümə gəlincə, İdman və Maliyyə reqlamentlərində kiçik dəyişikliklər razılaşdırılıb, lakin FİA-nın mətbuat xidməti onların mahiyyətini açıqlamayıb.
Lakin 2027-ci il mövsümünün reqlamentinə daha ciddi düzəlişlər edilib. 2027-ci il üçün güc qurğularının texniki reqlamentində yanacaq sərfiyyatı ilə bağlı dəyişikliklərə uyğun olaraq, Komissiya yarışın ümumi məsafəsinin 305 kilometrlik həddən 290 kilometrə endirilməsini təsdiqləyib ki, bu da trasdan asılı olaraq məsafənin iki və ya üç dövrə qısaldılması deməkdir.
Bundan başqa, gələn mövsümdən yarışın müddətini tənzimləyən dəyişiklik qüvvəyə minəcək. Əgər yarış yağış və ya digər hallara görə dayandırılarsa, onda trasdakı bütün yarış fəaliyyətinin tamamlanması üçün sərt son vaxt hədləri müəyyən ediləcək.
Bununla yanaşı, hazırda qüvvədə olan və yarışın startdan finişə qədər, bütün dayanma fasilələri də daxil olmaqla, üç saatdan çox davam edə bilməyəcəyini nəzərdə tutan məhdudiyyət ləğv olunub. Ancaq iki saatlıq xalis yarış vaxtı limiti qüvvədə saxlanılacaq.
Formula1 Komissiyasının niyyətinə görə, bu dəyişikliklər tamaşaçılara, hətta yarışın keçirilməsinə yağış və ya digər hallar mane olsa belə, tamhüquqlu yarışı görmək üçün daha çox imkan verəcək.
Həmçinin komandalar dayandırılan sərbəst yürüşlərin müddətini uzatmaq üçün daha çox imkan əldə edəcək.
İstehsalçıların nümayəndələrindən ibarət işçi qrupla məsləhətləşmələrdən sonra və İdman Məsləhət Komitəsinin tövsiyəsi ilə 2027-ci il üçün ötürmələr qutularının homoloqasiyasının ləğv edilməsi qərara alınıb. Bu, istehsalçılara onların hazırlanmasında sərbəstliyi qoruyub saxlamağa imkan verəcək. Bundan əlavə, 2027-ci ilin texniki reqlamentinə bir sıra kiçik dəyişikliklər ediləcək.
Bu gün edilən bütün dəyişikliklər FİA-nın Ümumdünya Avtomobil İdmanı Şurasının iclasında təsdiqlənməlidir.





