Əfsanə, yoxsa nağıl!?

Bu gün Avstraliya Qran Prisi Brawn GP komandasının tam qələbəsi ilə başa çatıb. Pouldan start alan Censon Batton yarış boyu […]

Bu gün Avstraliya Qran Prisi Brawn GP komandasının tam qələbəsi ilə başa çatıb. Pouldan start alan Censon Batton yarış boyu birinciliyi bir an olsun belə heç kimə verməyib. Əgər Niko Rosberq 48-ci dövrədə sürətli dövrəyə imza atmasaydı, Censon çoxdan yaddaşlardan silinmiş Böyük Şlem titulunu (poul+qələbə+sürətli dövrə+startdan finişə kimi liderlik) qazanacaqdı. İkinci yerdən start almış Rubens Barrikello elə startdaca mövqeyini itirib və onuncu yerdən irəliləməli olub. Amma son nəticədə finiş xəttini ikinci keçməklə Brawn GP komandasına debüt yarışında qızıl dubl qazandırıb. Ross Braun bir daha dahi insan olduğunu nümayiş etdirib. Çox kiçik müddətdə dağılmış bir komandanı bu səviyyəyə çatdırmaq… ya əfsanədir, ya da nağıl!

Start Canson üçün problemsiz alınsa da, komanda yoldaşı birinci ötürmə ilə problem yaşayıb və xeyli yer itirib. Amma yarışın ilk dövrələrin Censon elə sürət alıb ki, 3 dövrəyə Sebastyan Fetteldən 5 saniyə aralanıb və bu fərqi ilk pit-stopa kimi qoruyub. Yumşaq təkərlərlə starta çıxmış Robert Kubitsa, Felipe Massa, Kimi Rəykkönen və Lyuis Həmilton ilk dövrələrdən pis təsir bağışlamayıblar. Amma onlar nə qədər sürətli olsalar da baklarındakı yanacağın çoxluğu təkərlərin tez yeyilməsinə səbəb olub. Kimi planlaşdırılnan 17-ci dövrəni gözləmədən, artıq 10-cu dəvrədə təkərləri dəyişməyə yollanıb və daha çox yanacaqla trasa qayıdıb. İki dövrə sonra pitə girən Massa üçün komanda nisbətən başqa taktika seçib və onu daha az ayanacaqla trasa hücum üçün göndərib. Amma tezliklə Kazuki Nakacimanın səhvi trasa Təhlükəsizlik Maşının çıxmasına səbəb olub.

TM maşınları bir araya yığıb, təzə qaydalara görə pit-leyn bağlanmır və heç kim buna görə yer itirməyib və cərimə olunmayıb. Amma TM trasdan getdikdən sonra Felipe 10 dövrə ərzində rəqiblərində aralana bilmədiyi üçün ikinci pitdən sonra sonuncu yerə düşüb. Beləliklə, də xal qazanmaq şansını itirib. Yarışın sonuna yaxın isə mexaniki problemlər üzündən boksa yollanıb.

İlk pit-stoplar dalğasından sonra məlum olub ki, ən yaxşı vəziyyətdə Robert Kubitsadır. Bərk təkərlərə keçən polşalı sürücü liderlərlə eyni tempi saxlaya bilib və hələ yumşaq təkərlər gözləyən Batton-Fettel cütlüyü üçün əsil rəqibə çevrilib. Daha arxada Rubens onuncu yerdən yuxarı qalxmağa başlayıb və tezliklə Kiminin arxasında beşinciliyə yüksəlib. Amma finlandiyalı sürücü ikinci pitdən sonra səhvə yol verib və divara çırpılıb, trasa qayıtsa da yarışın sonuna 3 dövrə qalmış o da boksa getməli olub.

İkinci pitdən sonra Kubitsa bərk təkərlərlə sürətlə irəliləməyə və irəlidə gedən iki sürücünü yaxalamağa çalışıb. Yumşaq təkərlər tez yeyildiyindən və trasına temperaturu aşağı düşdüyündən Batton və Fettel sürətlərini itiriblər. Yarışın sonuna dörd dövrə qalmış Kubitsa Fettelə çatıb və döngələrin birində onu keçmək istəyərkən Fettel səhvə yol verib, iki maşın toqquşub və onlar real podiumu əldən veriblər. Dördüncü yerdə olan Rubens ikinciliyə yüksəlib.

Bu zaman trasa bir daha TM çıxıb, Yarno Trulli pit-leyndən start almasına baxmayaraq, sarı bayraqlar altında Lyuis Həmiltonu keçib və podiuma qalxıb. Amma yarışdan sonra stüardlar onu cərimə ediblər və üçüncü yeri Lyuisə qaytarıblar. Beş xalı isə Trullinin komanda yoldaşı Timo Qlok qazanıb. Fernando Alonso keçən il olduğu kimi bu il də Avstraliyada vacib xallar toplayıb.

Niko Rosberq yumşaq təkərlərdə sürətli olmaqla yarışı altıncı yerdə başa vurub, Toro Rosso komandasının iki Sebastyen adlı sürücüsü isə səkkizliyi tamamlayıblar.

Yuxarıda şəkildə gördüyümüz üçlüyü mövsüm boyu biz hələ çox görəcəyik…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*