21 Sentyabr 2019, Şənbə - 06:58

Dünya çempionları: Codi Şekter

Dünya çempionları: Codi Şekter

Müəllif: Elçin Zodorov, redaktor

10:21 - 01 Mart, 2017

Formula1-in 68-ci mövsümünün başlamasına 23 gün qalıb. Bu müddət ərzində Formula1-in tarixinə səyahət etmək, onun hər bir mövsümündəki əsas qəhrəmanı – dünya çempionu barədə məlumat verməyə davam edirik. Geridə qalmış 67 çempionatın 33 fərqli qalibi olub. F-1.az təqdim edir: Mixael Şumaxerə qədər Ferrari-nin son çempionu – Codi Şekter

Codi Şekter 1950-ci il yanvarın 29-da Cənubi Afrika Respublikasının Şərqi London əyalətində anadan olub. Codi ölkəsinin yeganə dünya çempionudur. Əslən yəhudi olan Codinin qardaşı Yan Şekter də Formula1 sürücüsü olub və 18 yarışa çıxıb. Lakin qardaşından fərqli olaraq, heç bir nailiyyət əldə etməyib. Oğlu Tomas Şekter isə İndyCar yarışçısı olub və karyerasını altı il əvvəl başa vurub.

FORMULA1 KARYERASI

Codi Şekter

 

Statistika
Yarışdığı illər1972-1980
Yarışdığı komandalarMcLaren, Tyrrell, Wolf, Ferrari
İştirak (Start)113 (112)
Çempionluq1 (1979)
Qələbə10
Podium33
Xal246 (255) *
Poul3
Sürətli dövrə5
İlk yarışıABŞ Qran Prisi, 1972-ci il
İlk qələbəsiİsveç Qran Prisi, 1974-cü il
Son qələbəsiİtaliya Qran Prisi, 1979-cu il
Son yarışıABŞ Qran Prisi, 1980-ci il

– Formula1-də 1990-cı ilə qədər mövsüm sonunda sürücülərin qazandığı bütün xallar yox, mövsüm ərzində müəyyən sayda yarışda topladığı xallar nəzərə alınıb. Cədvəldə həm mövsüm sonunda nəzərə alınan xallar, həm də ümumi xallar göstərilib.

Codi Şekterin sürücülük karyerasındakı yüksəlişi 1970-ci ildə Britaniyaya köçməsi ilə sürətlənir. Formula1-də debütü 1972-ci ilin son yarışına – ABŞ Qran Prisinə təsadüf edir. McLaren-in tərkibində yarışan Codi doqquzuncu yeri tutur. Növbəti mövsümü də McLaren-də keçirir, çıxdığı beş yarışın dördündə finişə çata bilmir, başa vurduğu yeganə yarışda yenə doqquzuncu ola bilir. Fransadakı yarışda törətdiyi qəzadan sonra Emerson Fittipaldı onun haqqında deyir: “Bu dəli özü və başqaları üçün təhlükədir, onun Formula1-lə əlaqəsi yoxdur”.

Codi Silverstoundakı növbəti yarışda da qəza törədir və bir neçə pilotun yarışı dayandırmasına səbəb olur. Sürücülər Birliyi onun dərhal yarışlardan uzaqlaşdırılmasını tələb edir, lakin McLaren-in Codiyə dörd yarışlıq “istirahət verməsi” qərarı ilə razılaşırlar. Codi həmin mövsüm Kanada və ABŞ Qran Prisində 0 (sıfır) nömrəli maşınla yarışır və Formula1 tarixində bu nömrə altında yarışan iki sürücüdən biridir. Digəri isə Deymon Hilldir.

Codi Şekter altıtəkərli Tyrrell P34 ilə

 

1974-cü ildə Tyrrell-ə keçir. Mövsüm kifayət qədər uğurlu alınır. Belçikada ilk dəfə podiuma yüksəlir və İsveçdə ilk qələbəsini qazanır. Növbəti qələbə isə Britaniyada gəlir. Son dörd yarışın üçündə finişə çata bilmir və çempionluq mübarizəsində Emerson Fittipaldiyə 10, Kley Reqatsoniyə 7 xal uduzaraq üçüncü yeri tutur. Ardıcıl yeddi yarışda xal qazanaraq bu sahədə həmin dövrün rekordunu yeniləyir. Növbəti mövsüm vətənində qələbə qazanır və bunu edə bilən yeganə afrikalı sürücü olur. Daha iki yarışda podiuma yüksəlir və mövsümü yeddinci yerdə başa vurur. 1976-cı ildə isə Tyrrell-in radikal dizaynlı maşını – altı təkərli P34 ilə yarışır. Bu maşınla yeganə qələbəsini İsveçdə qazanır, mövsümü isə üçüncü yerdə başa vurur.

1977-ci ildə Wolf komandasına keçir və mövsüm ərzində 3 qələbə qazanır, doqquz dəfə podiuma yüksəlir. Çempionatın yekununda Niki Laudadan sonra ikinci yeri tutur. Növbəti mövsüm isə bu qədər uğurlu alınmır –  dörd yarışda podiuma yüksəlsə də, qələbə qazana bilmir və yekunda yeddinci olur. 1979-cu ildə isə Ferrari-yə keçərək Jil Vilnövlə komanda yoldaşı olur. Tənqidçilər onun komanda rəhbərliyi ilə yola getməyəcəyini düşünürdülər, lakin Codi ondan gözlənilənləri verməyi bacarır. Mövsümü olduqca yaxşı keçirir, ardıcıl yarışlarda qazandığı xallar və üç qələbə həm onun dünya çempionu olmasına, həm də Formula1-in ən nüfuzlu komandasının Mühəndislər Kubokunu qazanmasına kömək edir. Jil Vilnövü cəmi dörd xallıq fərqlə üstələyərək titulu əldə edir. 1980-ci ildə isə komanda uğursuz mövsüm keçirir. Cəmi iki xal qazana bilən Şekter mövsümün sonunda karyerasını bitirdiyini elan edir.

Codi Şekter özünün qurduğu Laverstoke Park Farm-da

Formula1-dəki karyerasını bitirdikdən sonra CBS Sport kanalında pit müxbiri kimi çalışır. Codi ordu, mühafizə və təhlükəsizlik orqanları üçün odlu silahlar hazırlayan FATS Inc adlı şirkəti yaradır. Buradan əldə etdiyi gəlirlərin böyük hissəsini iki oğlunun – Tomas və Tobinin sürücülük karyeralarına sərf edir.

Şekterin hazırda Hempşirdə yerləşən Laverstoke Park Farm adlı biodinamik ferması var. Codi iki dəfə evlənib. Pamela adlı xanımla olan ilk evliliyindən Tobi və Tomas, Kler adlı xanımla olan ikinci evliliyindən isə Hüqo, Freddi, İla və Poppi dünyaya gəliblər.


Son Xəbərlər

İnformasiya

Bölüm Redaktor seçimi
Mənbə
Baxış Sayı 3. 166
Teqlər , , , , , , , , ,
Paylaş

logo