21 Sentyabr 2019, Şənbə - 23:38

Dünya çempionları: Alan Cons

Dünya çempionları: Alan Cons

Müəllif: Elçin Zodorov, redaktor

10:18 - 02 Mart, 2017

Formula1-in 68-ci mövsümünün başlamasına 22 gün qalıb. Bu müddət ərzində Formula1-in tarixinə səyahət etmək, onun hər bir mövsümündəki əsas qəhrəmanı – dünya çempionu barədə məlumat verməyə davam edirik. Geridə qalmış 67 çempionatın 33 fərqli qalibi olub. F-1.az təqdim edir: Williams-la çempion olmuş ilk pilot – Alan Stenli Cons!

Alan Cons 1946-cı il noyabrın 2-də Avstraliyanın Melburn şəhərində anadan olub. Atası Stan Cons da yarışçı olub və Alanın avtoidmana olan marağı da buradan yaranıb. 1967-ci ildə Avropaya gəlir, lakin Formula Ford-da yarışmaq istəyi baş tutmadığından vətənə qayıdır. Avropaya növbəti səfəri 3 il sonra olur. İşlənmiş maşınların alqı-satqısı ilə məşğul olur.

1971-ci ildə Formula3-də yarışır və Brabham BT28 ilə olduqca uğurlu mövsüm keçirir. Növbəti mövsüm GRD-nin tərkibinə keçir. 1975-ci ildə Formula5000-də yarışmağı planlaşdırır, lakin bu, baş tutmur. Lakin Alan sabiq britaniyalı sürücü Hərri Stiller ilə tanış olmaq imkanı əldə edir. Stiller bir ədəd Hesketh 308 alır və Alan Consu Formula1-də yarışdırmaq qərarına gəlir.

FORMULA1 KARYERASI

Alan Cons

 

Statistika
Yarışdığı illər1975-1981, 1983, 1985-1986
Yarışdığı komandalarHesketh, Hill, Surtees, Shadow, Williams, Arrows, Haas Lola
İştirak (Start)117 (116)
Çempionluq1 (1980)
Qələbə12
Podium24
Xal199 (206) *
Poul6
Sürətli dövrə13
İlk yarışıİspaniya Qran Prisi, 1975-ci il
İlk qələbəsiAvstriya Qran Prisi, 1977-ci il
Son qələbəsiABŞ Qran Prisi, 1981-ci il
Son yarışıAvstraliya Qran Prisi, 1986-cı il

– Formula1-də 1990-cı ilə qədər mövsüm sonunda sürücülərin qazandığı bütün xallar yox, mövsüm ərzində müəyyən sayda yarışda topladığı xallar nəzərə alınıb. Cədvəldə həm mövsüm sonunda nəzərə alınan xallar, həm də ümumi xallar göstərilib.

Formula1-də 1975-ci ildə İspaniya Qran Prisində debüt edən avstraliyalı Hesketh ilə çıxdığı dörd yarışın heç birini tamamlaya bilmir. Lakin Rolf Stommelenin qəzada ağır zədələnməsindən sonra Qərəhm Hillin komandasına keçir. Hill komandasının tərkibində də dörd yarışa çıxır və ən yaxşı nəticəsi beşincilik olur. Növbəti mövsüm digər dünya çempionunun – Con Sörtizin komandasına keçir. Mövsümün ilk iki yarışını buraxsa da, qalan 14 yarışda Surtees-in tərkibində yarışır. Ən yaxşı nəticəsi Yaponiyadakı dördüncülük olur.

Cons 1977-ci ilin ilk üç yarışını da buraxır. Lakin Cənubi Afrikadakı yarışda Tom Praysın dəhşətli qəzada həlak olmasından sonra Shadow-ya keçir və mövsümün sonuna qədər burada yarışır. Avstriyada karyerasının ilk qələbəsini qazanan Alan mövsümü 22 xalla yeddinci yerdə başa vurur. 1977-ci ilin sonunda onun çıxışı Frənk Uilyamsın diqqətini cəlb edir. Frənk sonradan Formula1-in ən titullu komandalarından birinə çevriləcək Williams-ı yeni qurmuşdu və komanda ilk illərindən uğur qazanmaq üçün vuruşurdu. Alanın yeni komandadakı ilk mövsümü çox da yaxşı alınmır. Cəmi bir yarışda – ABŞ Qran Prisində ikinci olaraq podiuma yüksəlir.

Alan Cons ona titul qazandırmış Williams FW07B ilə Fransa Qran Prisində. Pol Rikar, 1980-ci il

1979-cu ilin ilk yarışlarında da əvvəlki mövsümdəki hal təkrarlanır. Komandanın hər iki sürücüsü – Alan Cons və Kley Reqatsoni problemlərdən yaxa qurtara bilmirlər. Lakin mövsümün gedişində vəziyyət dəyişilir. Alan son altı yarışın dördündə qələbə qazanır. Mövsümü Codi Şekter və Jil Vilnövdən sonra üçüncü yerdə başa vurur. 1980-ci ildə isə olduqca güclü mövsüm keçirir – mövsümdəki 14 yarışda beş qələbə, on podium əldə edir və titulun sahibi olur. Bunda Nelson Pikenin son iki yarışını tamamlaya bilməməsinin də böyük rolu olur. 1981-ci ildə Consu ikinci titulundan cəmi beş xal ayırır. Mövsümü iki qələbə, altı podiumla tamamlayır.

1981-ci ilin sonunda Formula1-dən getdiyini açıqlayır. Lakin 1983-cü ildə Arrows-un tərkibində ABŞ Qran Prisində yarışsa da, finişə çata bilmir. Alan 2012-ci ildə etiraf edir ki, 1982-ci ildə Jil Vilnövün ölümündən sonra Ferrari onu komandaya dəvət etmişdi, lakin öz vətənində yaxşı vaxt keçirdiyi üçün bu təklifə cavab verməmişdi. İtalyan komanda isə iki yarış üçün Mario Andretti ilə müqavilə bağlamışdı. 1984-cü ildə heç bir yarışa çıxmayan Alan növbəti il yeni yaranmış Team Haas-ın tərkibində Formula1-ə geri qayıdır.

Mövsüm ərzində dörd yarışda iştirak edir və heç birində finişə çata bilmir. Növbəti mövsüm bütün yarışlarda çıxış edən avstraliyalı mexaniki problemlərdən xeyli əziyyət çəkir. Ən yaxşı nəticəsi idə dördüncülük olur. Komanda mövsümün sonunda bütün sponsorlarını itirir və dağılır. Alan Cons da Formula1 karyerasını bir çempionluq, 12 qələbə ilə başa vurur.

Alan Cons podium mərasimində həmyerlisi Daniel Rikkardodan müsahibə alır. Albert Park, 2014-cü il

Formula1 ilə yanaşı Can-Am və başqa seriyalarda da yarışaraq müəyyən uğurlar əldə edən Alan Cons 90-cı illərdə öz ölkəsində də bir sıra yarışlara çıxır. Sürücülük karyerasını isə 2002-ci ildə başa vurur.

Alan Cons 80-ci illərin sonunda həyat yoldaşı Beverlidən ayrılır. 1996-cı ildə Amanda Batl Deyvis ilə münasibəti başlayır və 2001-ci ildə onların əkiz övladları – Zara və Cek dünyaya gəlir. Onun 1990-cı ildə anadan olan Kamilla adlı qızı da var. Alanın oğulluğa götürdüyü Kristian da müxtəlif seriyalarda yarışır. Böyük qızı Emmanın da iki qızı var.


Son Xəbərlər

İnformasiya

Bölüm Redaktor seçimi
Mənbə
Baxış Sayı 2. 858
Teqlər , , , , , , , , , , ,
Paylaş

logo