BŞH: Azərbaycan Qran Prisi tamaşaçısız keçirilməyəcək

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti davam edən COVİD-19 qlobal pandemiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınan builki Azərbaycan Qran Prisi ilə bağlı son vəziyyətə aydınlıq gətirmək istəyib.

Qurumdan F-1.az-a bildirilib ki, builki çempionatın ilkin yarış təqvimində iyunun ilk həftəsində keçirilməsi nəzərdə tutulan Azərbaycan Qran Prisinin təxirə salınması barədə qərar Azərbaycan hökuməti, Formula1 rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən uzun müddət aparılan üçtərəfli danışıqlardan sonra qəbul edilmişdi.

Hazırda Formula1 Dünya Çempionatının bütün iştirakçıları mövcud vəziyyəti izləməkdə davam edirlər. Əməliyyat şirkəti bütün işçilərlə, azarkeşlərlə və komandalarla yanaşı Azərbaycan xalqının sağlamlığı və rifahına təhlükə yaradacaq addım atmaqdan çəkinir və bəyan edir ki, vəziyyət stabilləşməyənədək və həmçinin karantin tədbirləri tam aradan qaldırılmayanadək Formula1-in Bakı yarışı üçün dəqiq tarixinin elan edilməsi mümkün olmayacaq.

Azərbaycan Qran Prisinin promouteri yarışı izləyicisiz keçirməyi məqsədəuyğun hesab etmir və ümid edir ki, bu il iyunun sonundan etibarən Bakıda Formula1 komandalarını və azarkeşlərini qəbul edə biləcək təhlükəsiz şərait tam bərpa olunacaq.

Regionun iqlim şəraitinin nəzərə alınmasının vacibliyini qeyd edən əməliyyat şirkəti ilə Formula1 rəhbərliyi Bakı yarışının oktyabrın ortalarınadək keçirilməsinin məqsədəuyğun olacağı barədə həmfikirdir.

Qeyd edək ki, Formula1-in Bakı yarışı paytaxtın mərkəzi küçələrində keçirilir və yarış trasının qurulması üçün azı 12 həftə tələb olunur. Bu baxımdan, builki Azərbaycan Qran Prisinin yeni tarixi barədə yekun qərarın iyul ayının ilk həftəsindən gec olmayaraq qəbul edilməsi zəruridir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*