Bəhreyn, 14.03.2021

Builki qış testləri gec başlaması və qısalığı baxımından rekordçu olub. Komandalar cəmi həftə yarım sonra yenidən burada - Bəhreyndə mövsümün ilk yarışı üçün toplaşacaqlar.

F-1.az xatırladır ki, reqlmentdəki dəyişikliklər koronavirusa görə gələn ilə təxirə salınmış, komandalara bu il maşın üzərində işləmək üçün özlərinin seçdikləri sahədə istifadə edə biləcəkləri cəmi 2 şərti bal verilmişdi. Keçən illə müqayisədə ən böyük fərq daha yavaş təkərlərin gətirilməsidir ki, buna görə də komandalar asfaltayatma qüvvəsini azaltmağa məcbur olublar.

Bu da öz növbəsində sürətlərin aşağı düşməsi ilə nəticələnib. Lakin fərq gözlənildiyi kimi böyük olmayıb – cəmi bir neçə ay əvvəl burada poul nəticəsi 87 saniyədən bir qədər çox idisə də, testlərdəki ən yaxşı nəticə 1:28.890 olub.

Testlərin il günü qum fırtınası sürücülərə xeyli mane olub. Trasın görünüşü pisləşib, sürücülər sürüşmələrdən xilas ola bilməyiblər. Dünən külək azalıb və vəziyyət nisbətən düzəlib. Bu gün isə şərtlər ideal olub. Sürücülərin ən böyük çətinliyi yeni təkərlərə alışmaq olub. Pirelli C3 təkərlərinin iki versiyasını – həm Türkiyədə, həm də Rumıniyada istehsal olunanları ghətirib.

Mercedes ötürmələr qutusundakı problemlərə görə builki testlərdə xeyli vaxt itirib. Çempion komanda həmişə qət edilən məsafəyə görə lider idisə də, bu dəfə autsayder olub. Komandanın hər iki sürücüsü maşının arxa tərəfindən şikayət ediblər. Sonuncu gün mühəndislər həll yolunu tapıblar və maşın daha sabit görünüb. Lakin Həmilton bu dəfə də yerində fırlanıb. Son titulun sahibi hətta ən yumşaq təkərlərlə dövrələr vursa da, beşincilikdən yuxarı qalxa bilməyib.

Qiymətli test vaxtından itirənlərdən biri də Fettel olub. Onun da bir günü boksda keçirməsinə səbəb Mercedes-in ötürmələr qutusu olub. Racing Point komandası keçənilki testlərdə də yaxşı təsir bağışlamamışdı, lakin mövsümdə bunun əksini görmüşdük. Alman sürücü bu gün də güc qurğusundakı problemlərə, daha dəqiq desək, turbində təzyiq itdiyi üçün testləri vaxtından əvvəl başa vurmalı olub.

Alpine komandası üçün testlər problemsiz keçib. Alonso və Okon xeyli məsafə qət ediblər. Lakin yumşaq təkərlərlə maşın yaxşı işləməyib, buna görə də, sürətlərini qiymətləndirmək çətindir. Bu çətinliyi yeni Ferrari barədə də qeyd etmək olar. Komanda rəhbərliyi əldə olunan irəliləyişlərdən, düzlüklərdə sürətlərinin artmasından inamla danışır. Binotto proqramı tamamladıqlarını bildirib, lakin mövsüm əvvəlində çətinlik yaşaya biləcəklərini istisna etməyib.

Haas builki maşın üzərində çox işləməyib, sadəcə qaydalara uyğunlaşdırıb. Onlar əsas diqqəti gələn ilin maşınına yönəldiblər və mövsüm ərzində yeniliklər gətirməyi nəzərdə tutmayıblar. İrəli doğru addım atmaqda yalnız Ferrari-nin yeni güc qurğusuna arxalana bilərlər ki, onun da necə olacağı hələ məlum deyil. Lakin istənilən halda, yeni sürücülərin çıxışını izləmək maraqlı olacaq. Yaşadıqları yeganə problem Mikin ilk gün ötürmələr qutusuna görə vaxt itirməsi olub. Sürücülər yaxın nəticələr göstəriblər.

McLaren-in yeni maşını sürətli və etibarlı təsir bağışlayıb. Hamı onların Mercedes motoru ilə isti havada problem yaşayacağını gözləsə də, belə bir şey baş verməyib. Həm Rikkardo, həm də Norris kifayət qədər sürətli olublar. Komanda asfaltayatma qüvvəsinin kazalmasını diffüzorun içərisindən kanal keçirərək kompensasiya etməyə çalışıb. Digər komandalar məsələnin leqal olub-olmaması ilə bağlı FİA-ya müraciət ediblər. Lakin McLaren-in buna əvvəlcədən razılıq almaması inandırıcı deyil.

Mercedes-in problemlərinin fonunda onun əsas rəqibi Red Bull-un işləri yaxşı gedir. Maşın sürətli və etibarlıdır. Ferstappen ilk gün qum fırtınasına baxmayaraq, 139 dövrə vurmuşdu və protokollara başçılıq etmişdi. Peres də qət edilən məsafədə ondan geri qalmasa da, hələ də RB12-ə tam alışa bilmədiyini etiraf edib.

Bugünkü testlərin xüsusilə sonlarında sürücülər sürətli dövrələr vurmağa yönəliblər. Əsas rəqabət Ferstappen ilə Tsunoda arasında olub. Maks sonda gənc həmkarını üstələyib və builki testlərin ən sürətli nəticəsini göstərib – 1:28.960. Rəykkönen isə 166 dövrə ilə günün ən çox məsafə qət edən sürücüsü olub.

Beləliklə, mövsümöncəsi testlər başa düşüb. Bu il proqram məhduddur və mövsüm ərzində yalnız Pirelli-nin 18 düymlük təkərlərinin sınaqları planlaşdırılıb.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə Təkər
1 33 Maks Ferstappen Red Bull 1:28.960 64 С4
2 22 Yuki Tsunoda AlphaTauri 1:29.053 + 0:00.093 91 С5
3 55 Karlos Sayns Ferrari 1:29.611 + 0:00.651 79 С4
4 7 Kimi Rəykkönen Alfa Romeo 1:29.766 + 0:00.806 166 С5
5 44 Lyuis Həmilton Mercedes AMG 1:30.025 + 0:01.065 54 С5
6 63 Corc Rassell Williams 1:30.117 + 0:01.157 158 С5
7 3 Daniel Rikkardo McLaren 1:30.144 + 0:01.184 76 С4
8 11 Serxio Peres Red Bull 1:30.187 + 0:01.227 49 С4
9 14 Fernando Alonso Alpine 1:30.318 + 0:01.358 78 С4
10 16 Şarl Lekler Ferrari 1:30.486 + 0:01.526 80 С3
11 4 Lando Norris McLaren 1:30.661 + 0:01.701 56 С3
12 10 Pyer Qasli AlphaTauri 1:30.828 + 0:01.868 76 С4
13 31 Esteban Okon Alpine 1:31.310 + 0:02.350 61 С3
14 9 Nikita Mazepin Haas 1:31.531 + 0:02.571 67 С4
15 47 Mik Şumaxer Haas 1:32.053 + 0:03.093 78 С3
16 77 Valtteri Bottas Mercedes AMG 1:32.406 + 0:03.446 86 С2
17 5 Sebastyan Fettel Aston Martin 1:35.041 + 0:06.081 56 С3
18 18 Ləns Stroll Aston Martin 1:36.100 + 0:07.140 80 С3
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*