Azərbaycan Qran Prisinin şənbə günü konsert proqramı elan olunub

Dünyaca məşhur ulduzlar - Nikol Şerzinger və The Black Eyed Peas qrupu iyunun 24-də, şənbə günü axşam saatlarında səhnəyə çıxaraq Formula1 azarkeşləri üçün ən çox sevilən mahnılarını səsləndirəcəklər

F-1.az Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinə istinadən bildirir ki, musiqi dünyasının ən məşhur ulduzlarından Nikol Şerzinger və The Black Eyed Peas qrupu Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunun şənbə günü Bakıda yarışı izləməyə gələnlərə canlı konsert verəcəklər. İyunun 24-də axşam saatlarında dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnəyə əvvəlcə Nikol Şerzinger, onun ardınca isə The Black Eyed Peas qrupunun üzvləri çıxacaqlar. Ulduzlar yarışı izləməyə gələn Formula1 azarkeşləri üçün gözəl musiqi nümunələri səsləndirərək Bakıya toplaşmış avtoidman həvəskarlarına əyləncə ilə dolu unudulmaz gecə yaşadacaqlar.

Sıralanma turundan sonra Bakıda səhnəyə çıxacaq Nikol Şerzinger dünyada ən çox sevilən müğənnilərdəndir. Bakıda şənbə gecəsi Nikol Şerzingerdən sonra səhnəyə mahnıları ən çox satılan, dünyaca ən məşhur və ən innovativ qruplardan biri olan The Black Eyed Peas qrupu çıxacaq və canlı konsert proqramı ilə musiqili gecəyə yekun vuracaq.

BŞH-nin icraçı direktoru Arif Rəhimov hər iki iştirakçının Azərbaycan Qran Prisi ərəfəsində canlı konsert proqramı ilə çıxış etmək üçün Bakıya edəcəyi səfərdən böyük məmnunluq duyduğunu bildirib: “Musiqi dünyasının ən çox tanınan ulduzlarının Bakıya konsert proqramı üçün gəlişi bizi yüksək həddə sevindirir və qürurlandırır. The Black Eyed  Peas qrupunun hər bir üzvü və Nikol Şerzinger özünü isbat etmiş dünya ulduzlarıdır və onlar bir müğənnidən gözlənilənləri tam şəkildə gerçəkləşdirən ali dərəcəli musiqişünaslardır. Musiqi ilə Formula1 hər zaman bir arada olmaqla yanaşı öz yaradıcı sərhədlərini aşmağa çalışır. Ulduzların adlarının elan olunması bu baxımdan sözügedən möhtəşəm ənənəni davam etdirir. Bu səbəbdən Azərbaycan Qran Prisini qaçırmaq olmaz və biz iyun ayında Bakıda baş tutacaq yarış həyəcanı və əyləncə coşqusunu birlikdə yaşamaq üçün hamınızı indidən səbrsizliklə gözləyirik”.

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*