Alan Permeyn: “Avstriya Qran Prisini səbirsizliklə gözləyirik, çünki onu komandamız üçün ev yarışı adlandırmaq olar və bu bölgədə bizi çox səmimi qarşılayırlar. Əlbəttə, məqsəd uğurlu çıxışlar seriyasını davam etdirməkdir, çünki əvvəlki iki mərhələdə hər iki maşınla xal qazana bilmişdik.
Hazırda komandamız da maksimum döyüş əhvali-ruhiyyəsindədir. Son texniki yeniliklər sayəsində VCARB 03 maşını müxtəlif tipli trassalarda yaxşı nəticə göstərib və Avstriyaya əminliklə yollanırıq ki, orada da xallara ümid edə bilərik, lakin bunun üçün həftəsonunun bütün günlərində effektiv və düzgün hərəkət etmək lazımdır.
Red Bull Rinq avtodromu Ştiriyanın dağlarında təbii çökəklikdə yerləşir və dövrənin uzunluğu cəmi 4.3 km olsa da, burada bir çox maraqlı məqam var. Dövrə üç düz hissədən başlayır, iki yavaş sağ virajla ayrılır və bu hissədə tras yuxarıya qalxır. Orta və son sektorlar ortasürətli və yüksəksürətli virajların kombinasiyasıdır.
Bu trasda maşının sürətli olması üçün effektiv əyləclər və virajlardan çıxışda aparıcı təkərlərin yaxşı ilişmə qabiliyyəti ilə birlikdə virajlara girişdə stabillik tələb olunur; son iki sağ virajda isə ön təkərlərin trasa yaxşı ilişməsi xüsusilə vacibdir.
Pirelli bu mərhələ üçün ən yumşaq üç tərkibdən ibarət təkərləri hazırlayır və proqnoz isti, günəşli hava vəd etdiyindən asfalt örtüyünün temperaturunun çox yüksək olacağını gözləyirik. Buna görə də prioritet tapşırıq cümə günü yarışa keyfiyyətli hazırlıq keçirməkdir”.





