Beləliklə, WRC təqvimi 14 deyil, 13 mərhələdən ibarət olacaq və çempionat oktyabrın ilk həftəsonunda Sardiniya adasında keçiriləcək mərhələ ilə başa çatacaq.
Bunun fonunda Formula1-də analoji və tamamilə məntiqli qərarı açıqlamağa tələsmirlər, amma bu onun məqsədəuyğunluğuna şübhələrin qalması ilə bağlı deyil.
Formulapassion.it onlayn nəşri yazıb ki, bu, “Əbu Dabi tərəfinin müqaviməti ilə izah olunur. Məhz ərəb tərəfi qüvvədə olan müqavilələrin tələb etdiyi kimi, yarışın keçirilməsindən imtina etdiyini rəsmi şəkildə açıqlamalıdır”.
Lakin Əbu Dabi Qran Prisinin promouterləri qonaq zonalarına biletlərin satışını davam etdirirlər və hesab edirlər ki, yarışı yenə də təhlükəsiz şəkildə keçirmək mümkün olacaq. Bundan başqa, nə Liberty Media, nə də Muhəmməd ben Sulayem son dərəcə vacib ərəb tərəfdaşlara həddindən artıq təzyiq göstərmək istəmirlər.
Amma artıq bir müddət əvvəl mövsümün finalının Əbu Dabidəki Yas Marina avtodromunda deyil, Imola klassik trasında keçirilə biləcəyi ilə bağlı söhbətlər başlayıb.
İtaliya nəşrinin məlumatına görə, Formula1-lə danışıqlar çoxdan gedir və İmolada yarışı qəbul etməyə hazırlaşmağa başlayıblar, hərçənd rəsmi qərar hələ qəbul olunmayıb. Bununla belə, planlar artıq qismən hazırlanıb, xüsusən də yarışın mümkün start vaxtı artıq məlumdur: Enzo və Dino Ferrari adına avtodromun rəhbərliyinin ümidləri doğrulsa, mövsümün final mərhələsi dekabrın 6-da dəqiq günorta saatında start alacaq.
Avropa mərhələləri üçün əvvəllər qeyri-adi sayılan bu start vaxtı günün ən isti saatlarından maksimum istifadə etməyə imkan verəcək, baxmayaraq ki, dekabrın ilk həftəsində bu bölgədə termometrin göstəricisi orta hesabla nadir hallarda +11 dərəcədən yuxarı qalxır. Üstəlik, ilin bu vaxtında hava tez qaralır, günəş isə 16:30-dan az sonra batır.
İddialara görə, yarış Il Gran Premio del Made in Italy e dell’Emilia-Romagna adını alacaq – İmoladakı mərhələ 2021-ci ildən başlayaraq rəsmi olaraq məhz belə adlanıb. Deyilənə görə, komandalar artıq Emiliya Romanya regionunun bu hissəsində yerləşən hotellərdə yerləri bron etməyə başlayıblar.
Formulapassion.it-də dərc olunan mətn belə cümlə ilə yekunlaşıb: “Qısası, İmolada ümid etmək üçün kifayət qədər əsas var, amma əvvəlcə Əbu Dabidə imtina elan olunmalıdır”.





