Əvvəlki illərdə Maks Ferstappenin bir çox komanda yoldaşı dəyişib, lakin yalnız Ayzek dördqat dünya çempionunun səviyyəsinə, demək olar ki, yaxın çıxış etməyi bacarır və ondan elə də çox geri qalmır. Buna bu mövsüm Formula1-in yeni nəsil texnikaya keçməsi də kömək edib, çünki bununla bütün sürücülər bərabər şəraitdə qalıblar.
Bundan başqa, Almaniya nəşrinin yazdığına görə, Loran Mekisin dövründə Red Bull Racing-də ikinci maşına yanaşma dəyişib: komanda əsas diqqətin məhz Ferstappenə yönəldiyi əvvəlki praktikadan uzaqlaşıb. İndi komandada daha balanslı işləməyə çalışırlar və bunun Həcərə açıq-aşkar xeyri dəyir.
O, zədə səbəbindən Niderland Qran Prisini buraxmalı olmuşdu, lakin Red Bull-un paylaşdığı qısa videoda Ayzek deyib: “Əlim tez sağalır, hər gün biləyimin hərəkətliliyi yaxşılaşır və ümid edirəm ki, Monzada yenidən sükan arxasına qayıdacağam”.
Yaxın iki gündə onun ümidlərinin doğrulub-doğrulmayacağı bəlli olacaq və belə olarsa, Liam Louson yenidən Racing Bulls-a qayıdacaq, Yuki Tsunoda isə ehtiyat sürücülər skamyasına dönəcək. Hələlik hər iki tərəfin gələn mövsüm də Red Bull komandaları ilə əməkdaşlığı davam etdirəcəyinə dair rəsmi təsdiq yoxdur, amma biz Racing Bulls-un icraçı direktoru Peter Bayerin heyətdə dəyişiklik gözlənilmədiyi barədə fikrini vermişdik.
Yəni Liam Louson və Arvid Lindbladın Faentsa təmsilçisində çıxışını davam etdirməsi ehtimalı çox yüksəkdir və bu halda sürətli, perspektivli bolqar sürücü, Formula2-də titulun əsas namizədlərindən biri olan Nikola Tsolov ehtiyat pilot ola bilər.
Əgər o, gənclər çempionatını qazanarsa, bu seriyada qala bilməyəcək, amma məsələ ondadır ki, Red Bull onun istedadının inkişafı üçün ən yaxşı şəraiti yaratmaq naminə hansı addımı atacaq. Mümkün variantlardan biri Yaponiyanın Super Formula seriyasında bir mövsüm keçirməkdir. 2023-cü ildə burada Louson da çıxış etmiş, hətta titulun bir addımlığında olsa da, mövsümü ikinci yerdə başa vurmuşdu.





