23 Avqust 2019, Cümə - 05:23

Monako-2016: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:28 - 29 May, 2016

Monakoda hava həmişə gözlənilmədən dəyişir, amma yarış günü yağışın olmasını hava proqnozu bir həftə əvvəldən xəbər vermişdi. Gecədən yağan yağış hamını strategiya seçimi üzərində düşünməyə məcbur edib. Yarışdan əvvəl baş tutan dəstək yarışları – Porsche Super Kuboku və Renault 2.0 Formulası qəzalardan sonra qırmızı bayraqlar altında vaxtından əvvəl dayandırılmışdı.

F-1.az bir daha xatırladır ki, həm sərbəst yürüşlər, həm də sıralanma turu quru trasda baş tutmuşdular, nəticələr çox sıx alınmışdı, poulu isə karyerasında ilk dəfə Daniel Rikkardo qazanmışdı. Məhz avtraliyalı sürücünün maşınında yeni Renault motoru çalışırdı, bu gün səhər isə komanda fransız motorçularla müqaviləsini daha iki il müddətə uzatdığını elan edib.

Təkər istehsalçısı Monakoya ilk dəfə UltraSoft tərkibini gətirib, amma sürücülər tərkibin heç də yumşaq olmamasından gileyləniblər, bu ən yumşaq tərkibi belə qızdırmaq üçün ardıcıl bir neçə dövrə vurmaq lazım gəlib. Dünən sıralanma turunun ikinci sessiyasında Daniel SuperSoftla ən yaxşı nəticəsini göstərdiyi üçün bu gün bu tərkiblə start almalı idi, amma yağış bu strategiyanı reallaşdırmağa imkan verməyib.

Kimi Rəykkönen dünən 6-cı olsa da, ötürmələr qutusunu vaxtından əvvəl dəyişdirdiyi üçün startda 5 yer itirib. Felipe Nasrın maşınında motor yanıb, Maks Ferstappen isə qəzaya uğrayıb – ona görə də hər iki sürücü pit-leyndən start alıb.

Yağış davam etdiyi üçün yarışın startı güclü yağış təkərləri ilə Təhlükəsizlik Maşını (SC) rejimində elan olunub.

Kvyatın maşınında güc qurğusu düzgün çalışmadığı üçün sürücü boksa yollanıb – mexaniklər sükanı dəyişiblər, sistemə restart veriblər və Daniil trasa qayıdıb, amma problem həll olunmadığı üçün sürücü yenidən pit-leynə yönəlib. Lakin komandanın boksuna çatmamış problem həll olunub və sürücü peletona çatmağa çalışıb – rusiyalı sürücü keçmiş komanda yoldaşından artıq 1 dövrə geridə olub.

Yağış yavaşıyıb və tam dayanıb. 8-ci dövrədə SC rejimi ləğv olunub və yarış canlanıb. Rikkardo liderliyini qoruyub saxlayıb, Maqnussen keçid təkərlər üçün boksa tələsib, komanda yoldaşı Palmer isə start-finiş düzlüyündə baryerlərə çırpılıb.

Maşının təxliyəsi və trasın təmizlənməsi üçün Virtual Təhlükəsizlik Maşını (VSC) rejimi elan olunub. Bu zaman Batton, Nasr və Kvyat da keçid təkərlər alıblar. 8-ci dövrənin sonunda ilk onluq: Rikkardo – Rosberq – Həmilton – Fettel – Hülkenberq – Sayns – Peres – Alonso – Bottas – Qutyerres.

Restart zamanı mövqeyini qoruyan Rikkardo bir-birilə gərgin mübarizə aparan Mercedes AMG sürücülərindən uzaqlaşmağa başlayıb.

11-ci dövrədə Rəykkönen qanadını sındıraraq mübarizədən kənar qalıb. 12-ci dövrədə Eriksson və Haryanto da yaşıl təkərlərə keçiblər, 13-cü dövrədə Ferstappen, 14-cüdə Fettel, daha sonra Alonso, Hülkenberq və Bottas güclü yağış təkərlərindən azad olublar.

15-ci dövrədə Rikkardonun Rosberq üzərində üstünlüyü 12 saniyəyə çatıb, əyləc problemləri yaşayan Rosberq 3-cü döngədə Həmiltonu irəli buraxıb – Lyuis dərhal komanda yoldaşından uzaqlaşıb. Hələ pit-stop keçirməyən Felipe Massa arxasında qatar toplayıb – Fettel, Hülkenberq və Alonso təkərlərini dəyişsələr də, irəli keçə bilməyiblər.

Ferstappen Maqnussen və Bottası üstələyib. 21-ci dövrədə Massa və Rosberq boksa yollanıblar. Maqnussen və Kvyat Rascasse döngəsində təmas yaşayıblar, sürücülərin hər ikisi boksa gəlsə də, Kvyat üçün mübarizə baaş çatıb, Kevin isə trasa qayıdıb.

Ferstappen şikananın girişində əylənmədə Battonu qabaqlayaraq ilk onluğa daxil olub.

23-cü dövrədə Rikkardo da yaşıl təkərlərə keçib və Lyuisin 9 saniyə gerisində trasa qayıdıb. Britaniyalı sürücü boksa tələsmədiyi üçün Daniel 3 dövrədən sonra ona çatıb, amma Lyuis gözəl müdafiə olunub və mövqeyini qoruyub.

30-cu dövrədə Eriksson birinci olaarq sliklərə keçib, növbəti dövrədə Peres və Batton, 32-ci dövrədə isə Həmilton, Rosberq, Fettel, Hülkenberq, Sayns və Ferstappen də quru hava təkərlərinə keçiblər.

33-cü dövrədə yarışın kulminasiyası yaşandı – Rikkardo 1 dövrə trasda sürətli dövrə vurduqdan sonra sliklər üçün boksa yollanıb, amma mexaniklər onu ləngidiblər və Daniel yenə də trasa Lyuisin arxasında qayıdıb. 33-cü dövrənin sonunda ilk onluq: Həmilton – Rikkardo – Peres – Fettel – Alonso – Rosberq – Hülkenberq – Sayns – Ferstappen – Batton.

Maqnussen baryerlərə çırpılaraq ön qanadını zədələyib və boksa qayıdaraq mübarizənid ayandırıb. Ferstappen isə 3-cü döngənin çıxışında qəzaya uğrayıb, növbəti dəfə VSC rejimi elan olunub.

Restart zamanı Lyuis mövqeyini qorusa da, Daniel ciddi hücumlara başlayıb. Tunelin çıxışında maşınlar bərabərləşiblər, Lyuis şikananı kəsməli olub, Danielin növbəti hücumunu sərt bir şəkildə dəf edib. Bundan sonra bir qədər uzaqlaşan Lyuis dövrəvi sürücülərdən Rikkardonun yararlanmamasına çalışmağa başlayıb.

Stüardlar Verlyaynı VSC rejimində sürət məhdudiyyətini pozduğu üçün cərimələyiblər.

Sauber komandası bir neçə dəfə Nasrdan xahiş edib ki, daha sürətli olan Markusu buraxsın. Amma braziliyalı sürücünün tabe olmadığını görən isveçli Rascasse döngəsində hücuma atılıb, hər iki maşın toqquşub, qanadları qırılıb və sonra boksa yollanıblar. Trasa qayıdan Sauber maşınları bir neçə dövrədən sonra boksda mübarizənid ayandırıblar. Stüardlar isə toqquşmada Erikssonu günahkar bilərək növbəti yarışın startında 3 yer itirməklə cəzalandırıblar.

52-ci dövrədə Rikkardo yenə də Lyuisə bir neçə hücum edib, amma Lyuis mövqeyini qoruya bilib. Bundan sonra Daniel ruhdan düşüb və geri qalmağa başlayıb. 53-cü dövrənin sonunda ilk onluq: Həmilton – Rikkardo – Peres – Fettel – Alonso – Rosberq – Hülkenberq – Sayns – Batton – Massa.

60-cı dövrədə Rosberq tunelin çıxışında Alonsoya hücum edib, amma şikananı kəsərək önə çıxdığı üçün mövqeyini qaytarmalı olub.

Yarışın son dövrəsində yağış damcıları trasa düşməyə başlayıb, amma ciddi insidnet yaşanmayıb. Finiş düzlüyündə Hülkenberq Rosberqi üstələyərək 6-cı yerə yüksəlib.

Lyuis Həmilton Monako Qran Prisində qalib gələrək mövsümdə ilk, karyerasında isə 44-cü qələbəsini qazanıb. Qeyd edək ki, turnir cədvəlində komanda yoldaşı ilə fərqi kəskin azaldan Lyuis ikinci pilləyə yüksəlib. Daniel Rikkardo komandasının ardıcıl ikinci səhvi üzündən ikinci qələbəsini də əldən verib – iki həftə əvvəl podiumsuz qalan sürücü bu dəfə ikinci yerlə kifayətlənməli olub. Serxio Peres isə podiumu tamamlayıb – hər üç sürücü mövsümdə ən yaxşı nəticələrini göstəriblər.

İki həftədən sonra mübarizə Kanadada davam edəcək…

YerNSürücüKomandaZamanPit
144Lyuis HəmiltonMercedes AMG1:59:29.1331
23Daniel RikkardoRed Bull+ 0:07.2522
311Serxio PeresForce İndia+ 0:13.8252
45Sebastyan FettelFerrari+ 0:15.8462
514Fernando AlonsoMcLaren+ 1:25.0762
627Niko HülkenberqForce İndia+ 1:32.9992
76Niko RosberqMercedes AMG+ 1:33.2902
855Karlos SaynsToro Rosso+ 1 dövrə2
922Censon BattonMcLaren+ 1 dövrə2
1019Felipe MassaWilliams+ 1 dövrə2
1121Esteban QutyerresHaas+ 1 dövrə2
1277Valtteri Bottas (*)Williams+ 1 dövrə3
138Roman QrojanHaas+ 2 dövrə2
1494Paskal Verlyayn (**)Manor+ 2 dövrə1
1588Rio HaryantoManor+ 4 dövrə3

(*) – Valtteri Bottasın yekun nəticəsinə 10 saniyə əlavə olunub – Esteban Qutyerreslə toqquşmaya görə
(**) – Paskal Verlyaynın yekun nəticəsinə iki dəfə 10 saniyə əlavə olunub – VSC rejimində sürət həddini aşdığı üçün və mavi bayraqlara məhəl qoymadığı üçün

Sürətli dövrə: Lyuis Həmilton (Mercedes AMG) – 1:17.939 (71-ci dövrə, 154.135 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Markus ErikssonSauber56qəza
Felipe NasrSauber56qəza
Maks FerstappenRed Bull34qəza
Kevin MaqnussenRenault34qəza
Daniil KvyatToro Rosso21qəza
Kimi RəykkönenFerrari11qəza
Colion PalmerRenault7qəza

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
16Niko RosberqMercedes AMG F1 Team106
244Lyuis HəmiltonMercedes AMG F1 Team82
33Daniel RikkardoRed Bull Racing66
47Kimi RəykkönenScuderia Ferrari61
55Sebastyan FettelScuderia Ferrari60
633Maks FerstappenRed Bull Racing38
719Felipe MassaWilliams Martini Racing37
877Valtteri BottasWilliams Martini Racing29
911Serxio PeresSahara Force İndia F1 Team23
1026Daniil KvyatScuderia Toro Rosso22
118Roman QrojanHaas F1 Team22
1214Fernando AlonsoMcLaren Honda Formula 1 Team18
1355Karlos SaynsScuderia Toro Rosso16
1427Niko HülkenberqSahara Force İndia F1 Team14
1520Kevin MaqnussenRenault Sport Formula 1 Team6
1622Censon BattonMcLaren Honda Formula 1 Team5
1747Stoffel VandornMcLaren Honda Formula 1 Team1

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG F1 TeamMercedes188
2Scuderia FerrariFerrari121
3Red Bull RacingTAG Heuer112
4Williams Martini RacingMercedes66
5Sahara Force İndia F1 TeamMercedes37
6Scuderia Toro RossoFerrari30
7McLaren Honda Formula 1 TeamHonda24
8Haas F1 TeamFerrari22
9Renault Sport Formula 1 TeamRenault6

 

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 752
Teqlər , , , , ,
Paylaş

logo