Bir çox sürücü kimi, Qasli də pit-leyndə sürət həddini aşdığına görə vaxta əlavəli iki cəza almışdı. Digər sürücülər cəzalarını yarış gedişində çəkmişdilər, Pyerə isə vaxt finişdən sonra əlavə olunmuşdu.
Yarışdan sonra Alpine komandası etiraz vermiş və stüardlar bunu təmin etmişdilər. Onlar qeyd etmişdilər ki, pit-leynin uzunluğu, deməli, sürət də yanlış ölçülüb. Nəticədə, Qasli yekun protokolda üçüncü yerə yüksəlmiş və cəzasını yarış zamanı çəkmiş Ayzek Həcəri və Oskar Piastrini qabaqlamışdı.
Dinləmələr başlamazdan əvvəl McLaren-in rəhbəri Andrea Stella komandanın aydınlıq gətirilməsini istədiyi iki məsələni açıqlayıb.
Andrea Stella: “Biz iki məqsədlə Beynəlxalq Apellyasiya Məhkəməsinə müraciət edirik. Birincisi, McLaren-in maraqlarından daha geniş çərçivəni əhatə edir. Hesab edirik ki, Monakodakı yarışdan sonra qəbul olunmuş qərara yenidən baxılmalıdır, çünki bütün iştirakçılara münasibətdə ədalət baxımından cəzanın ləğvi ciddi suallar doğurur.
Bu imkandan istifadə edərək Beynəlxalq Apellyasiya Məhkəməsindən həmin məqama aydınlıq gətirməsini xahiş etmək istəyirik.
Təbii ki, məsələnin texniki tərəfi də var. Məsələn, pit-leyndə sürətin necə hesablandığı ilə bağlı sual mövcuddur. Ancaq mənim üçün daha vacib olan ədalət prinsipidir – buna aydınlıq gətirilməli və bəlkə də bərpa olunmalıdır. Hesab edirəm ki, baş verənlər ciddi narahatlıq doğurur.
İkinci məqsəd isə birbaşa McLaren-in maraqları ilə bağlıdır. Bizim üçün bu, sadəcə prinsip məsələsi deyil, çünki biz etiraz etmək mümkün olmayan cəzanı çəkərək real nəticələrlə üzləşdik və sonda buna görə çempionatda xal itirdik.
Buna görə də bu işdə həm Formula1-in və idman prinsiplərinin bütövlüyünün ümumi marağı var, həm də bu qərarın çempionatdakı vəziyyətə təsiri baxımından McLaren-in konkret marağı mövcuddur.
Məhz bu iki aspekti müzakirə etmək və onlarla bağlı Beynəlxalq Apellyasiya Məhkəməsindən aydınlıq almaq istəyirik”.





