İlham mənbəyi
“Mixael Şumaxer. Məhz o məni həqiqətən ilhamlandırdı və mənim Formula1-ə düşmək arzum yarandı. Yadımdadır, televizoru yandırıb ekranda onun qırmızı maşınının sükan arxasında olduğunu izləyirdim… Fernando Alonso, mənim indiki komanda yoldaşım, bunu eşidəndə bəlkə xoşuna gəlməyəcək. Amma hər oğlan uşağı kimi mənim də ehtiraslı bir arzum vardı”.
18 yaşında podium
“F3-dən birbaşa Formula1-ə keçid çox asan olmadı. Gənclər seriyasında mən dominant idim, sükan arxasında rahat olurdum, özümə güvənirdim, amma F1-ə keçəndə Williams maşını F3 maşınına nisbətən dövrədə 20 saniyə daha sürətli idi. Fiziki və psixoloji olaraq uyğunlaşmaq üçün vaxt lazım oldu.
Və Bakıdakı podiumu heç vaxt unutmaram – o vaxt mənim 18 yaşım var idi. 2017-ci ildəki o yarışdan əvvəl biz ayarlar üzərində çox dəyişiklik etdik və bu işlədi. Mən özümü inanılmaz dərəcədə sevincli hiss etdim!”
GT yarışında iştirak
“Mən GT yarışında iştirak etməyə sadəcə maraq üçün qərar verdim. Bunu planlaşdırmamışdım, amma iki dostumda belə bir fikir yarandı. Mövsümün fasiləsi zamanı idi və boş vaxtımı nəsə ilə doldurmaq istəyirdim. Mənim GT3 kateqoriyalı maşınım vardı, onu tras günləri üçün (track-day – şəxsi maşınlarla rəsmi avtodromlarda gün keçirmək) almışdım və bunu əyləncəli fürsət hesab etdim”.
Yarışlara məhəbbət
“Mən trasda təkər-təkərə mübarizəni çox sevirəm. Hər sürücü kimi mən də yarışı yarım dəqiqəlik fərqlə qabaqda gedib, nahar üçün nə sifariş edəcəyimi düşünməyi üstün tutardım. Amma mən rəqabəti sevirəm, hava dəyişkən olanda baş verən yarışları sevirəm.
Çox maraqlıdır ki, start xəttinə çıxırsan və ilk damcı yağış damlayır – hansı təkərlə başlamağın daha yaxşı olduğunu bilmirsən, düzgün seçim edəcəyikmi və bununla üstünlük qazana biləcəyikmi?
Mən trasda çox hadisə olanda, daim düşünmək və qərarlar vermək lazım olanda daha çox həzz alıram. Məsələn, 2024-cü ildə Kanadada elə olmuşdu.
O zaman yağış yağırdı, sonra tras əsas trayektoriyada qurumağa başladı, amma yalnız əsas xətdə; trayektoriyadan çıxanda baryerə çırpılma riski böyük idi. Belə yarışlar inanılmaz dərəcədə konsentrasiya tələb edir və mən o yarışda yeddinci yerdə finiş gördüm. Məncə, bu, həyatımın ən yaxşı yarışlarından biri idi”.
Formula1 belədir
“Hər sürücü qalib gəlmək şansı əldə etmir. Mən belə şansı 2020-ci ildə Türkiyədə aldım – poul qazandım və uzun müddət lider oldum, amma o gün mənim günüm deyildi. Bəlkə də bu, yarış qazanmaq üçün mənim yeganə imkanım idi, amma alınmadı…
Bəzən 15-ci yerdə bitirirəm, amma düşünürəm ki, elə sürmüşəm ki, sanki qalib gəlmişəm, amma bunu heç kim görmür. Amma Formula1 belədir. Biz bilirik ki, bizim idmanda bütün maşınlar eyni deyil. Sən 15-ci ola bilərsən, amma daxildən bilirsən ki, inanılmaz yarış keçirmisən…”
Növbəti beş ildə nəyi dəyişmək lazımdır
“Biz hər sahədə irəliləməliyik. Hər yarış həftəsonu mənə təhlil ediləsi məlumat verir, onu analiz etmək lazımdır. Sonra sükan arxasına qayıdıram və daha güclü oluram. Bu yarışlara bağlılıq heç vaxt keçmir, amma davamlı əzmkarlıq tələb edir.
Həmişə inkişaf üçün yer var, amma növbəti Qran Priyə hazırlıq zamanı maşını yaxşılaşdırmaq üçün nə üzərində işləmək lazım olduğunu anlamaq lazımdır. Avtomobil idmanında öyrənmə prosesi heç vaxt bitmir”.
Lüks
“Biz şanslıyıq, Formula1-də çıxış etməyi dəyərləndirir və bunun əsl lüks olduğunu anlayırıq. Aydın məsələdir ki, son iki il Aston Martin üçün çətin keçib. Komanda istədiyimiz səviyyədə deyil, amma sən, Pedro, həmişə hamını ruhlandırmağa və əhvali-ruhiyyəmizi yüksəltməyə çalışırsan. Ona görə səni yaxşı dost hesab edirəm”.





