Əbu Dabi-2021: Yarış

Tarixin ən uzun mövsümünün taleyini bilmək üçün 2 saatlıq son yarış qalıb. Maks Ferstappen və Lyuis Həmilton buraya 369.5 xalla gəliblər. Britaniyalı sürücü son 3 yarışı qazanaraq çempionluq şanslarını xeyli artırıb.

Trasın konfiqurasiyası keçidlərin artırılması üçün əhəmiyyətli dərəcədə dəyişdirilib – döngələrin sayı 21-dən 16-a endirilib, uzunluq isə 273 metr azaldılıb.

F-1.az xatırladır ki, məşqlərdə Lyuis Həmilton protokollara başçılıq etsə də, Maks Ferstappen sıralanma turunda böyük fərqlə poulun sahibi olub.

Bu yarış bir neçə “son”a şahidlik edib – 13 düyməlik təkərləri gələn ildən 18 düyməlik təkərlər əvəz edəcək. Honda üçün bu, final yarışı olub, eyni zamanda Kimi Rəykkönen də 350 yarışlıq uzun karyerasında son dəfə sükan arxasına keçib. Valtteri Bottas Mercedes-lə, Corc Rassell isə Willliams-la gələn ildən yollarını ayırır və Antonio Covinatsi də ən yaxşı halda gələn il yarışmayacaq.

Yarışa 19 pilot start verib – Nikita Mazepinin koronavirus testi müsbət çıxdığı üçün yarışa buraxılmayıb.

Pirelli buraya ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirib. Ferstappen Soft, Həmilton isə Medium tərkiblə start alıb. İkinci cərgədə Norris və Peres Soft, üçüncü cərgədə isə Sayns Soft, Bottas Mediumla yarışa başlayıb.

Startda Lyuis Maksı ötüb, Norris bir neçə yer itirib. Tsunoda və Lekler Bottası geridə qoyublar. Həmilton yeddinci döngədə Ferstappenin hücumundan sonra trası kəsərək geri qayıdıb, lakin hakimlər məsələni araşdırmayıblar. 2-ci dövrədən sonra ilk onluq: Həmilton – Ferstappen – Peres – Sayns – Norris – Lekler – Tsunoda – Bottas – Okon – Rikkardo.

Həmilton rəqibindən uzaqlaşmağa başlayıb, peleton getdikcə uzanıb. Fettel komanda yoldaşını ötüb. Şumaxer 11-ci dövrədə təkərlərini dəyişən ilk sürücü olub. Bundan cəmi 2 dövrə sonra isə Ferstappen pit-stop edib. Mercedes dərhal Lyuisi növbəti dövrədə pitə çağırıb və yeddiqat dünya şempionu trasa Maksın önündə qayıdıb. Lekler yoldan çıxıb və Tsunoda onu keçərək 6-cı olub. Lekler də pit yoluna yönəlib.

Norris və Covinatsi 18-ci dövrədə təzə təkərə keçib, Ferstappen isə Saynsın arxasında xeyli vaxt itirdikdən sonra onu keçməyi bacararaq 5 saniyə geridən Həmiltonu izləməyə başlayıb. Rikkardo və Sayns növbəti 2 dövrədə pit-stop üçün dəvət ediliblər.

Yarışa aşınmış təkərlərlə liderlik edən Peresə Həmilton yüksək sürətlə yaxınlaşıb. Lyuis 20-ci dövrədə hücum edərək onu keçsə də, Peres təslim olmayıb və mövqeyini geri alıb. Onların mübarizəsi Ferstappenin xeyrinə olub və niderlandlı sürücü Lyuislə fərqi 6-7 saniyə azalda bilib. 21-ci dövrədə hər ikisi Serxionu keçiblər və o, dərhal təkərlərini dəyişib. Ona 23-cü dövrədə Stroll və Rəykkönen, 24-cü dövrədə isə Tsunoda və Fettel qoşulub.

Rəykkönen 26-cı dövrədə əyləc probleminə görə yarışı dayandırmalı olub. Bir dövrə sonra isə Rassell güc qurğusundakı problemə görə eyni aqibəti yaşayıb. Latifi və Bottas pit-stop ediblər. Həmilton stabil olaraq Maksla fərqi artırmağa davam edib.

Bottas 8-ci yer uğrunda mübarizədə Lekleri geridə qoyub. 35-ci dövrədə Covinatsinin maşını təhlükəsizlik bölgəsində dayanıb, VTM rejimi elan edilib. Lekler, Ferstappen, Peres, Alonso və Qasli dərhal yenidən təkərlərini dəyişiblət. 3 dövrə sonra mübarizə bərpa edilib və bu vaxt Həmiltonla Ferstappen arasındakı fərq 17 saniyə olub. Maks təzə təkərlərlə fərqi azaltmağa çalışsa da, Həmilton da tempini artırıb.

Norris 48-ci dövrədə deşilmiş təkərini dəyişdirməli olub. Gənc sürücü 2 dövrədə hər iki Alpine sürücüsünü keçərək 8-ci yerə qalxıb. Latifi qəza edib və TM trasa çıxıb. Ferstappen, Peres, Rikkardo və Stroll təkərlərini dəyişiblər, Həmilton trasda mövqeyini itirməmək üçün pit-stopa dəvət edilməyib. Peresə 56-cı dövrədə mühəndisi yarışdan çəkilmək əmrini verib.

Yarışın direktoru Maykl Masidən maraqlı qərar gəlib – o, yalnız Həmiltonla Ferstappenin arasında olan dövrəvi sürücülərə öz dövrələrini geri almağa icazə verib. Beləliklə, TM-in trasdan çıxacağı, son dövrədə real mübarizə olacağı elan edilib.

Restart verilib və Maks gözlənildiyi kimi, rəqibini ötüb. Lyuis bir neçə dəfə əks hücuma cəhd etsə də, daha təzə təkərlərə malik Ferstappen buna icazə verməyərək qalib gəlib. Mercedes dərhal şikayət etsə də, hakimlərdən rədd cavabını alıb.

Beləliklə Maks Ferstappen mövsümdə 10-cu, karyerasında isə 20-ci qələbəsini qazanıb. Ən əsası isə, ilk dəfə titulun sahibi olub. Lyuis Həmilton ikinci olub. Mercedes Mühəndislər Kubokuna yiyələnib. Karlos Sayns podiumu tamamlayıb.

2021-ci il mövsümü başa çatıb. Sırada yeni təkərlərin testləri, sonra Milad bayramı, sonra isə yeni maşınların təqdimatı və qış testləri var. Bizi gələn mövsümün ilk yarışı olan Bəhreyn Qran Prisindən 98 gün ayırır…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 33 Maks Ferstappen Red Bull 1:30:17.345 3
2 44 Lyuis Həmilton Mercedes AMG + 0:02.256 1
3 55 Karlos Sayns Ferrari + 0:05.173 1
4 22 Yuki Tsunoda AlphaTauri + 0:05.692 2
5 10 Pyer Qasli AlphaTauri + 0:06.531 2
6 77 Valtteri Bottas Mercedes AMG + 0:07.463 1
7 4 Lando Norris McLaren + 0:59.200 2
8 14 Fernando Alonso Alpine + 1:01.708 1
9 31 Esteban Okon Alpine + 1:04.026 1
10 16 Şarl Lekler Ferrari + 1:06.057 2
11 5 Sebastyan Fettel Aston Martin + 1:07.527 1
12 3 Daniel Rikkardo McLaren +1 dövrə 2
13 18 Ləns Stroll Aston Martin +1 dövrə 2
14 7 Mik Şumaxer Haas +1 dövrə 2
15 11 Serxio Peres Red Bull +3 dövrə 2

 

Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:26.103 (39-cu dövrə, 220.800 km/s)

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Nikolas Latifi Williams 51 qəza
Antonio Covinatsi Alfa Romeo 34 əyləc
Corc Rassell Williams 27 güc qurğusu
Kimi Rəykkönen Alfa Romeo 26 əyləc
Nikita Mazepin Haas 0 Kovid-19 (start almayıb)

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 33 Maks Ferstappen Red Bull Racing 395.5
2 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 387.5
3 77 Valtteri Bottas Mercedes-AMG Petronas F1 Team 226
4 11 Serxio Peres Red Bull Racing 190
5 55 Karlos Sayns Scuderia Ferrari Mission Winnow 164.5
6 4 Lando Norris McLaren F1 Team 160
7 16 Şarl Lekler Scuderia Ferrari Mission Winnow 159
8 3 Daniel Rikkardo McLaren F1 Team 115
9 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 110
10 14 Fernando Alonso Alpine F1 Team 81
11 31 Esteban Okon Alpine F1 Team 74
12 5 Sebastyan Fettel Aston Martin Cognizant F1 Team 43
13 18 Ləns Stroll Aston Martin Cognizant F1 Team 34
14 15 Yuki Tsunoda Scuderia AlphaTauri Honda 32
15 16 Corc Rassell Williams Racing 16
16 17 Kimi Rəykkönen Alfa Romeo Racing ORLEN 10
17 6 Nikolas Latifi Williams Racing 7
18 99 Antonio Covinatsi Alfa Romeo Racing ORLEN 3

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 613.5
2 Red Bull Racing Honda 585.5
3 Scuderia Ferrari Mission Winnow Ferrari 323.5
4 McLaren F1 Team Mercedes 275
5 Alpine F1 Team Renault 155
6 Scuderia AlphaTauri Honda Honda 142
7 Aston Martin Cognizant F1 Team Mercedes 77
8 Williams Racing Mercedes 23
9 Alfa Romeo Racing ORLEN Ferrari 13
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*